Sevgiyə fatihə
Sevgi – gözəldir. Sevgi – müqəddəsdir. Sevgi – ülviyyətə aparan yoldur. Sevgi – ruhun dilidir. Sevgi – ruhun özünü reallaşdırma yoludur. Sevgi haqqında necə gözəl sözlər deyilib, nəğmələr oxunub. Heç kimin də ağlına gəlməyib ki, sevginin bir …fatihəyə də ehtiyacı ola bilər.
Ruhların məkanı göylər, bədənlərinki yerdir. Ruhlar yerdə darıxır, sıxılır, bədənlər göyə qalxa bilmir, orada onların ağırlığı daha artıq nəzərə çarpır. Hər ikisini birləşdirən sevgidir.
Bədən ruhun tərcümanıdır. Yoxsa sevgini kimsə duymaz, anlamaz. Bədən öz işinin öhdəsindən gəlmirsə – dili bilmirsə, bu səsə qarşı laqeyddirsə, kardırsa, sevgi aciz qalır: eşidən, duyan, amma danışa, anlada bilməyən bir bədbəxtə çevrilir.
Bədən pərvazlanan ruhun dincəlmək məkanıdır. Bədən ruha gen gələndə ruh bir də təkan verib uça bilmir, dar olanda, ruhun qanadları əzilir, yenə uçmaqdan məhrum qalır. Sevgi qalır dörd divar arasında: səmaların sonsuzluğunun dadını bilən, iki qanadı olan, amma oralara bir də qalxa bilməyən bir bədbəxtə çevrilir.
Bədən ruhun yerdə bələdçisidir. O olmazsa, göylərdə maneə tanımayan ruh yerdəki ilk yolayrıcında qəzaya düşər. Nur dolu bir harmoniyadan yerin xaosuna düşəndə sevgi itib-batır, toqquşan bədənlər arasında əzilir. Sevginin gözü ancaq nurun rənginə alışdığından qırmızı və yaşıl işıqların hökmünə düşəndə tez-tez cəzalanır və bundan çılızlaşır, solğunlaşır. Zəngin bir dünyanın sultanı ola-ola kasıb bir məkanda qolu bağlı bir bədbəxtə çevrilir.
Bu bədbəxt sevgiyə ən böyük yaxşılığımız ona Fatihə oxumaq olar.
Fatihə!
Dostları ilə paylaş: |