Əlcəzair – hisslər şəhəri
(Əlcəzair səfərindən təəssüratlar)
Bəzi şəhərlər öz tarixləri, ümumi auraları ilə nəyin isə rəmzinə çevriliblər: şəhərlər şəhəri, çaylar şəhəri, sirli şəhər, körpülər şəhəri, sevgi şəhəri. Yeri gəlmişkən, mən həmişə Venesiyanı sevgilər şəhəri bilirdim, amma Əbu Turxanın yazılarından birində İstanbul sevgilər şəhəri adlanır. Müəlliflə qiyabi də olsa bir şeydə razılaşdım: insanın eşqi harada bədəni ilə ruhunu barışdıra bilirsə ora sevgi məkanıdır.
Əlcəzairə nərdivanlar şəhəri deyirlər. Şəhər uca bir dağın üzərində inşa edildiyindən hər tərəf müxtəlif çeşidli pilləkanlarla doludur. Sanki pilləkanlar evləri, küçələri birləşdirmir, əksinə, evlər pilləkanların üzərindəki məqamlardır. Bu bənzətmə təsadüfi deyil. Deyilənə görə, Əlcəzair təsəvvüfün paytaxtı elan olunub. Əslində mən təsəvvüf adlı sərhədsiz bir diyarın paytaxtını insanların qəlbləri bilirdim. Ancaq Əlcəzair şəhərini daha yaxından tanıyanda bu sözlərin səbəbini anladım.
Əlcəzair köhnəlmiş, saralmış, amma xoş xatirəsi olan fotoşəkilə oxşayır – Parisin fotoşəklinə. Tarixdən məlum olduğu kimi, ölkə uzun müddət Fransanın müstəmləkəsi olub. Qəribədir, şəhərin zahiri də, ruhu da neçə əsrlik düşməninin surətidir sanki. Hətta sakinləri belə zahirən ərəb olsalar da, ruhən artıq fransızdırlar.
Bu deyilənlər Əlcəzairin görünən tərəfidir. Amma məni, sözün əsl mənasında, heyran edən onun görünməyən tərəfi, batini oldu: bura hisslər şəhəridir: sevgi, nifrət, sevinc, qüssə, laqeydlik, daha hansı isə uca və ya alçaq hisslər, ancaq hisslər.
Nə demək istədiyimi izah edim.
Əlcəzair əhalisinin əksər hissəsi İslam dininə etiqad edir. Son illər bütün islam ölkələrində olduğu kimi, burada da sələfilərin və ya fundamentalistlərin sayı get-gedə artmaqdadır. Ölkədəki müsəlmanlar arasında dərin bir uçurum yaranıb və o, gündən-günə böyüməkdədir. Müsəlman müsəlmana düşmən kəsilib və bu nifrət hissi elə açıq şəkildə büruzə verilir ki, insan dəhşətə gəlir: fərq qoyulmadan istənilən yerdə partlayışlar törədilir, qətllər baş verir, dinc əhali qırılır və …hansı isə üçüncü və gözə görünməz bir qüvvə bundan faydalanır. Bu üçüncü qüvvəni görmək və ondan müdafiə olunmaq üçün hisslər dünyasından ağıl, təfəkkür müstəvisinə keçmək lazımdır. Hisslər (istər nifrət olsun, istər sevgi) – yüngüldür, təfəkkür – ağır. Hisslər – qanaddır, təfəkkür – bu qanadlara taxılan qurğuşun. Əlcəzairlilər səhra küləyi kimi yüngül olmağa üstünlük verirlər.
Əlcəzairlilər fransızlara da nifrət edirlər. Əsrlər boyu onları əsatirdə saxlayan bir xalq başqa hansı hissə layiqdir ki? Ancaq bu nifrət gizli bir nifrətdir. Hələ də yüksək səviyyənin, mədəniyyətin rəmzi hesab edilən fransızlıq əlcəzairlilərin qanına, canına hopub. Küçədəki dilənçi belə fransızca dilənir! Fransızların əlcəzairlilərə qarşı törətdikləri soyqırımı belə fransızca nəql edirlər. Buna görə də fransızlara dərindən nifrət edəndə əlcəzairlilərin özlərinə də pay düşür bu nifrətdən. Bəlkə də bu özünənifrət hissidir ki, hələ də sıravi bir fransızın yanında özlərini əksik, naqis bilirlər, hələ də onları təlqin etməyə çalışırlar, …məhz belə olduqlarına görə də nə siyasi, nə iqtisadi inkişafa nail ola bilirlər, elə surət olaraq qalırlar.
Əlcəzairlilər nifrətlə yanaşı bir də yüksək sevgi hissinə malikdirlər və öz sevgilərini elə ürəkdən, elə candan yaşayırlar ki!
Bir statistik məlumata görə, Əlcəzairdə 40-dan çox sufi təriqət var. Yerli sakinlər sufiliyi hava-su kimi mənimsəyirlər. Bunu böyüklü kiçikli onların hamısının sufi musiqisini dinlədiklərində müşahidə etmək mümkündür: mistik musiqinin ritmləri ilə yüksəkliyə, bütün materiyadan ucalara qalxır, gözəl, sirli hisslər yaşayırlar. Bu mühitin elə ecazkar, elə saf, elə ülvi bir havası var ki, ixtiyarsız olaraq gözlərini yumub bu ümumi harmoniyaya qoşulursan, böyük bir sevgi dünyasına daxil olursan. Belə anda ilk dəfə gördüyün bu insanlar sənə elə doğma, elə səmimi görünürlər ki!
Yerli əlcəzairlilərə qədimdə azad ruhlu insan (səhv eləmirəmsə, «amazey») deyiblər. Onların ruhunun azadlığı musiqilərindən də hiss olunur – sonsuz səhralıqda qum dənələrini qabağına qatıb qovan, sərhəd, maneə tanımayan külək kimidirlər. Onların ruhunun azad olmasıdır ki, bir belə zülümlərə, əsatirə, soyqırıma baxmayaraq, xoş sifətlərini, mehribanlıqlarını, səmimiyyətlərini qoruyub saxlaya biliblər. Yəqin ruhları hələ də sonsuz çöllərdə uçur ki, xarici sivil cəmiyyətlərin hiylələrinə, siyasi oyunlarına asanlıqla düşürlər və …maddi baxımdan uduzduqlarının fərqinə belə varmırlar.
Dediklərim yalnız üç gündə gördüklərimdir, daha doğrusu, hiss etdiklərimdir. Bu günlər ərzində sürətlə bir-birini əvəz edən, bəzən bir-birinə qarışan, insanı bütünlüklə öz hökmü altına alan hisslər çox güclü idi. Bütün yaşanan ecazkarlığın, uca hisslərin arasında bir şeyi dərk etdim: bütün bunlar yalnız hisslərdir! Əbu Turxan yazır ki, «hisslər dərk edilməmiş düşüncələrdir». Əlcəzair ən müxtəlif, zidd hissləri ən yüksək səviyyədə yaşayır və heç birinin mahiyyətinə varmır. O, ruhunda baş verənləri ağlının süzgəcindən keçirmir. O, sonsuz çöllərdə əsən azad ruhunun göydələnlərin arasında əsə bilmədiyini hiss edir, ancaq bunun səbəbini anlamaq istəmir. O, nifrət edir, bu nifrətlə yaşayır, ancaq bu nifrətin kökünü, nəticələrinin kimə xidmət etdiyini, kimlərin alətinə çevrildiyini anlamaq istəmir. O, sevir, yüksəlir, ancaq bu sevgidən faydalanmaq istəmir. İstəmir, yoxsa bacarmır?
Əlcəzair – təsəvvüfün paytaxtıdır. Bəlkə onun hisslər şəhəri olmağının əsas səbəbi budur? Bəlkə təsəvvüf əlcəzairliləri ruhlarının qayğısına qalıb, maddiyyatı unutmağa sövq edir? Və ya bəlkə əslində saf bir düşüncə tərzi olan təsəvvüf yalnız hisslər çərçivəsinə salınmaqla özü təhrif edilir?
Əslində, həqiqət çox aydındır. Təsəvvüf İslam üzərində təşəkkül tapmış bir təfəkkür tərzidir. Buna görə də onun mərkəz nöqtəsində bütöv cəmiyyət yox, ayrı-ayrı fərdlərin ruhları və təfəkkürləri durur. Söhbət sadəcə ruhdan deyil, ruhu maddi bədəni ilə vəhdət təşkil edərək bütöv bir cəmiyyəti irəli apara bilən İNSANdan gedir.
Əlcəzair – hisslər şəhəri olduğuna görədir ki, bu qədər təbii, mehriban, səmimi və… sadəlövhdür. Bu, məndə yaranmış təəssüratdır. Bəlkə də bir azərbaycanlı olaraq hər şeyi öz arşınımla ölçmüşəm?!
Dostları ilə paylaş: |