Əqlin könülə etirafı
Gəzdin-dolandın, yenə mənim yanıma qayıtdın. Yaralandın, məğlub oldun, yenə sığınacağı mənim yanımda tapdın.
Məni sevmirsən. Səni incidirəm, aramızda barışıq yoxdur… ancaq səni məndən yaxşı kim başa düşər? Sənin ağrılarını məndən yaxşı kim duyar? Bunu sən də bilirsən, dönürsən yanıma, ancaq sevmirsən məni. Bəlkə də səni bu qədər yaxından tanıdığıma görə sevmirsən məni… Bəlkə də səni əzablardan qurtarmaq üçün incitdiyimə görə sevmirsən məni… Bəlkə də ən romantik anında reallığı belə çılpaqlığı ilə yadına saldığım üçün sevmirsən məni…
Mən də səni sevmirəm. Bütün maneələri keçə bildiyim halda, sənin qoyduğun həddi keçə bilmirəm. Bütün ruhların qapısı üzümə açıq olduğu halda, sən qıfıl üstdən qıfıl asırsan. Hər kəsin dilini bildiyim halda, sən hər gün mənim bilmədiyim yeni dildə danışırsan. Özümü hər kəsə sevdirdiyim halda, sənə heç cür sevdirə bilmirəm.
Sevmirəm səni. Sən mənim zəifliyimin dəlilisən.
Sevmirəm səni. Sən mənim acizliyimin heç cür pozulmayan möhürüsən.
Sevmirəm səni, heç sevmirəm… Sən məni sevmədiyin qədər – nə az, nə çox.
Amma sənə ehtiyacım var. Bu ehtiyacdan qurtarmaq üçün qaçıram səndən. Ancaq heç kim bu ehtiyacı ödəyə bilmir. Axtarıram, tapmıram, yenə sənin yanına qayıdıram. Bilirəm, sən də mənə olan ehtiyacından qaçırsan.
Bir-birimizə olan ehtiyacdan yenə bir-birimizə dönürük. Sevgi dolu bir dünyadan qopub bir-birimizin peşman gözlərinə baxmaq üçün, sonsuz üfüqlərdən enib bir-birimizin sınmış qol-qanadını seyr etmək üçün, işıq dolu aləmdən çıxıb sönmüş alovumuzun külündə eşələnib qığılcım axtarmaq üçün, bir-birimizin yarasını sarımaq üçün dönürük. Biz çoxdan buna alışmışıq. O qədər alışmışıq ki, hər yeni addımımızı atanda da, hər yeni ruhla rastlaşanda da, hər yeni işıqla nurlananda da… gözümüz arxada, gec ya tez dönəcəyimiz yerdə qalır – acizliyimizin, məğlubiyyətimizin açıq-aşkar etiraf olunduğu, ümidlərin, arzuların amansızca gömüldüyü həmin məkanda.
Mən yoruldum. Sən də yorğunsan. Bağışla. Sən sonuncu dəfə öz rahatlığını tapmışdın, özünü diri-diri ölümə məhkum eləmişdin və …sakitləşmişdin. Mən də artıq sənsizliklə barışmışdım. Olduğum nöqtədən tərpənmirdim – nə irəli getməyin sevincini duymurdum, nə geri çəkilməyin acısını çəkmirdim… sakitləşmişdim. Durğunlaşmışdıq, amma sakitləşmişdik.
Bağışla. Aldatdım səni. Yenə rahatlığını pozdum. Yenə incitdim səni. Sevmirəm səni, ancaq bunu sevmədiyinə belə etmək olmazdı. …Mən elədim.
Məni sevmədiyini nə deməkdən, nə də göstərməkdən çəkinmirsən, ancaq indi o qədər yorulmusan ki, hətta nifrətini belə büruzə verə bilmirsən. O qədər yorulmusan ki, yüngül bir mehdən yıxıldın. Bəlkə də yüngül deyildi, tufan idi, hər halda sən yıxıldın. Sənin sakitliyini mən pozmuşdum, mən də tutmalıydım səni. Tutmadım, tuta bilmədim. Mən də yorulmuşam axı – həm özümü ayaqda saxlamaqdan, həm də səni tutmaqdan.
İndi sakitcə sənin yanında diz çöküb sənin ağrıdan qıvrılmağına tamaşa edirəm… Dilim gödəkdi, sözüm yoxdu. Sənə ümid verib qaldıran, sonra da yıxılmağına kənardan baxan birinin nə sözü ola bilər ki!
Səni sevmirəm ki, ürəkdən səni oxşayım, halına yanım, dərdini bölüm. Sən də məni sevmirsən ki, nəvazişlərim sənə məlhəm olsun, dərdini mənimlə bölüşmək istəyəsən. Amma mənim səndən, sənin də məndən başqa bir həmdəmimiz yoxdur.
Bir-birini sevməyən iki həmdəm! Bir-birinin yarasını sarıya bilməyən, acısına tamaşa edən iki həmdəm. Bir-birindən qaçıb xilas olmaq istəyən iki həmdəm. Sevməyə-sevməyə həmdəmliyə məhkum olunmuş iki həmdəm…
Dostları ilə paylaş: |