İmamlar arasında İmam Sadiq əleyhissəlamın dövrü özünəməxsus yer tutmuş və o dövrdəki siyasi-mədəni vəziyyət heç hansı bir İmamın dövründə olmamışdır. Çünki həmin dövr Bəni-Üməyyə hakimiyyətinin zəiflədiyi Bəni-Abbasın qüdrətinin isə artdığı bir dövr olmuşdur. Bu iki dəstə bu müddətdə bir-biri ilə mübarizədə olmuşdur. Hişam ibn Əbdülməlikin dövründən etibarən Abbasilərin siyasi təbliğatı başlamış hicrətin yüz iyirmi doqquzuncu ilində bu təbliğat artıq silahlı və nizamlı mübarizəyə çevrilmiş nəhayət yüz otuz ikinci ildə Abbasilərin qələbəsi ilə nəticələnmişdir. Bu dövrdə Bəni-Üməyyə siyasi çətinliklər içərisində olduğundan daha İmam Sadiq (əleyhissəlam) və şiələrə (İmam Səccad əleyhissəlamın dövründə olduğu kimi) təzyiq göstərməyə fürsət tapmırdı. Abbasilər də hakimiyyətə gəlməzdən qabaq Peyğəmbər ailəsinin tərəfdarı və onların intiqamını almaq şüarı altında hərəkət etdikləri üçün onlar tərəfdən bir çətinlik törənmirdi. Bu cəhətdən də, bu dövr İmam Sadiq əleyhissəlamın və şiələrin nisbi rahatlıq və azadlıq dövrü onların elmi-mədəni fəaliyyətləri üçün çox yaxşı fürsət hesab olunurdu.