Abbasilər hakimiyyətinin bu mərhələsi onu digər mərhələlərdən ayıran bir sıra xüsusiyyətlərə malik olmuşdur. İndi həmin xüsusiyyətlərdən bir neçəsini oxucuların nəzərinə çatdırırıq:
1. Xilafətin əzəmət və heybətinin itməsi; İstər Əməvilərin hakimiyyəti dövründə, istərsə də Abbasilər dövründə xilafətin özünəməxsus əzəməti olmuşdur. Ancaq İmam Əliyyən-Nəqi əleyhissəlamın dövründə xilafətdə türklərin və qulların nüfuz tapmasının nəticəsi olaraq xilafət öz əzəmətini itirmiş, bu ünsürlər onu istədikləri kimi idarə edirdilər. Xəlifə yalnız simvolik bir məna daşıyırdı. Ancaq buna baxmayaraq, nə vaxt müxaliflər tərəfindən bir təhlükə hiss edilirdisə, xəlifə və bütün ətrafındakılar onu dəf etmək üçün ümumi bir razılığa gəlirdilər.