“İmam Sadiqin (ə) həyatı” fəslinin son bəhslərində Zeyd və Məhəmməd “Nəfsi Zəkiyyə”nin qiyamlarının məğlubiyyətinin səbəblərini qeyd etdiyimiz kimi, bu qiyamların məğlubiyyətə uğramasının səbəbini də bir tərəfdən qiyam başçılarının, digər tərəfdən isə tərəfdarlarının zəif olması ilə əlaqələndirmək lazımdır. Qiyam başçılarının hazırladıqları proqramlar kamil olmadığı üçün işlərində çatışmazlıqlar olur və ən əsası isə onların qiyamı tam şəkildə İslami bir qiyam olmurdu. Buna görə də, qiyamlar çox vaxt məsum İmamların etirazı ilə üzləşməli olurdu. Düzdür, bu qiyam tərəfdarları arasında pakməramlı və əsl şiələr də var idi ki, onlar İslamın ali məqsədləri uğrunda ölümə getməyə belə, hazır idilər. Ancaq bu cür insanların sayı çox az idi və mübarizə aparanlar əsasən, müəyyən bir İslami məqsədi olmayan şəxslər idilər. Onlar məruz qaldıqları zülm və haqsızlıqlar nəticəsində narahat olub mövqelərini dəyişmək fikrinə düşür, lakin məğlubiyyət zamanı, yaxud ölüm təhlükəsində olduqlarını hiss etdikdə, öz rəhbərlərini tənha qoyub ondan uzaqlaşırdılar. Bir daha xatırladırıq ki, əgər bu qiyamların əksəriyyəti məsum İmamların etirazı ilə üzləşirdisə, onun səbəbi, ya bu qiyamların əsl İslami qiyam olmaması, qiyamçıların, yaxud qiyam başçılarının bəzi qeyri-İslami hərəkətləri olmuş, ya da onların fəaliyyətinin məğlub olacağını qabaqcadan görmək olmuşdur. Buna görə də, əgər İmam onların qiyamına razılıq versəydi, qiyamın məğlub olacağı təqdirdə şiə və İmamət məsələsinin əsası, həmçinin, şiə məzhəbinin əsas qüvvələri təhlükə qarşısında olardı.