7. Şiələri on ikinci imamın qeybə çəkilməsi dövrü üçün hazırlamaq
Hər hansı bir cəmiyyətin rəhbər və İmamının qeybə çəkilməsi qeyri-təbii bir hadisə olduğundan, eləcə də, ona inanmaq və onun qeybə çəkilməsi nəticəsində qarşıya çıxan çətinliklərə dözmək camaat üçün son dərəcə çətin olduğundan İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) və həmçinin, İmam Həsən Əskəri əleyhissəlamdan qabaqkı İmamlar yavaş-yavaş camaatı bu məsələ ilə tanış edir və onlarda bu məsələyə dair inam yaratmağa çalışırdılar. On ikinci İmamın qeybə çəkiləcəyi dövr yaxınlaşdıqca camaatda bu məsələyə dair inam yaratmaq səyi İmam Əliyyən-Nəqi (əleyhissəlam) və İmam Həsən Əskəri əleyhissəlamın dövründə daha çox hiss olunurdu. Necə ki, İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatından danışarkən qeyd etdik ki, o Həzrət öz işlərini əsasən, nümayəndələr vasitəsilə həyata keçirir və özü isə çox nadir hallarda şəxsən şiələrlə əlaqədə olurdu. İmam Həsən Əskəri əleyhissəlamın dövrünə gəldikdə isə bu məsələ özünü daha çox büruzə verirdi. Çünki İmam Həsən Əskəri (əleyhissəlam) bir tərəfdən Həzrət Məhdi əleyhissəlamın anadan olmasına təkid etməsinə baxmayaraq, onu yalnız özünün ən yaxın şiə dostlarına göstərir, digər tərəfdən də, özü ilə şiələrin əlaqəsi azalaraq məhdudlaşırdı. Belə ki, hətta Samirra şəhərinin şiələrinin suallarına, müraciətlərinə məktubla və ya nümayəndələr vasitəsilə cavab verərək onları İmamın qeybə çəkiləcəyi dövrün çətinliklərinə dözməyə və İmamla nümayəndə vasitəsilə əlaqə saxlamağa alışdırırdı. Sonralar on ikinci İmamın özü də, kiçik qeyb dövründə bu vasitədən istifadə etmiş və şiələri böyük qeyb dövrünə hazırlamışdır. (Bu barədə on ikinci İmamın həyatı bölməsində ətraflı söhbət edəcəyik.)
Qeyd etdik ki, İmam Həsən Əskəri əleyhissəlamın ən yaxın dost və şiələrindən bəziləri İmam Zaman əleyhissəlamı görməyə nail olurdular. İndi həmin məqamlardan birini nümunə olaraq oxucuların diqqətinə çatdırırıq.