Döyüş meydanlarında fədakar döyüşçülərin bütün diqqəti düşmən qarşısında öz bayraqlarının dalğalanmasında olur. Bunun əksinə olaraq düşmən ordusunun da yeganə məqsədi onların bayrağını aşağı endirməkdir. Bunun səbəbi də odur ki, bayrağın dalğalanması döyüşçüləri həvəsləndirərək onlara ümid verir və daha artıq səy göstərmələrinə səbəb olur. Həmçinin, ordu başçısının da öz yerində olması döyüşçülərdə ruh yüksəkliyi yaradır. Ordu başçısı nə qədər sakit dursa da, yenə döyüşçüləri həvəsləndirir və daha artıq qəhrəmanlıq göstərməyə cəlb edir. Ancaq ordu başçısının öldürülməsi xəbəri yayıldıqda, böyük bir ordu bütün ruhiyyəsini itirir, hazırlığını əldən verərək başsız qalır. Nə qədər ki, bir ordu, yaxud bir cəmiyyətin başçısı sağdır, bu onların ruhiyyəsinin artmasına səbəb olur. Hətta başçı səfərdə, yaxud ölüm yatağında olsa belə, yenə də ordu, ya cəmiyyətin fəaliyyətdə olmasına gətirib çıxarır. Lakin onun ölüm xəbəri bütün ordunu, cəmiyyəti ruhiyyədən salır. Şiə məzhəbi sağ qalmış İmama olan əqidəsinə görə onu öz aralarında görməsə də, özünü başçısız hiss etmir. Təbii ki, bu əqidə qəlblərdə ümid işığını saxlamaqda və camaatı özlərinə yetişib böyük bir ümumdünya qiyamına hazırlaşmaqda öz təsirini göstərir. Fransanın Sarbon universitetində fəlsəfə dərsi deyən görkəmli fransız şərqşünası, professor Hanri Kerben deyir: “Mənim fikrimcə şiə məzhəbi Allahla bəndələr arasında əlaqəni həmişə qoruyub saxlamış və İmamətə əbədiyyət qazandırmış yeganə məzhəbdir. Yəhudilər Allahla insanlar arasında əsl vasitə olan nübüvvəti (peyğəmbərliyi) Həzrət Musa əleyhissəlamla qırılmış hesab edərək ondan sonra gəlmiş Həzrət İsa (əleyhissəlam) və Həzrət Məhəmmədi (səlləllahu əleyhi və alih) Peyğəmbər kimi qəbul etməmişlər. Eləcə də, məsihilər. (Onlar da bu vasitəni Həzrət İsa əleyhissəlamla sona çatmış bilirlər.) Müsəlmanların sünni məzhəbi də, Həzrət Məhəmməddən (səlləllahu əleyhi və alih) o tərəfə getməmiş və nübüvvətin Məhəmmədlə (səlləllahu əleyhi və alih) sona çatdığından sonra Allahla məxluqat arasında heç bir vasitə olduğuna inanmamışdır. Lakin şiə məzhəbi Həzrət Məhəmmədlə (səlləllahu əleyhi və alih) nübüvvətin başa çatması əqidəsində olsa da, təkamül və hidayət vasitəsi olan “İmamət”i həmişə qoruyub saxlayan yeganə məzhəbdir.”1