Müaviyə təkcə Übeydullahı ələ almaqla kifayətlənmədi. Eyni zamanda o İmam əleyhissəlamın ordusunu zəiflətmək və ordu arasında şayiə yaymaq məqsədilə öz casus və muzdurlarını İmam əleyhissəlamın başçılıq etdiyi orduya göndərdi. Onlar İmam əleyhissəlamın başçılıq etdiyi orduda belə bir şayiə yaydılar ki Qeys (ön xəttin başçısı) Müaviyə ilə saziş bağlayıb eyni zamanda Qeysin də ordusu arasında şayiə yaydılar ki İmam Həsən (əleyhissəlam) də Müaviyə ilə sülh bağlamışdır. İş o yerə çatdı ki Müaviyə camaatın gözündə zahirən yaxşı olan adamlardan bir neçəsini İmam Həsən əleyhissəlamın hüzuruna göndərdi. Onlar gəlib Mədain düşərgəsində İmam əleyhissəlamla görüşdülər. İmam əleyhissəlamın çadırından kənara çıxdıqda, camaat arasında car çəkdilər ki Allah Peyğəmbər (əleyhissəlam) nəvəsinin vasitəsi ilə fitnəni yatırtdı və müharibəni sakitləşdirdi. Həsən ibn Əli (əleyhissəlam) Müaviyə ilə sülh edərək camaatın qanının tökülməsinin qarşısını aldı.
Onlar özlərinə qarşı camaatın etimadını doğrultduqlarına görə heç kim araşdırma aparmadan onların sözlərinə inanıb İmam əleyhissəlamın əleyhinə qiyam qaldıraraq o Həzrətin çadırına hücum edib çadırda nə var idisə, hamısını qarət etdilər. Hətta İmam əleyhissəlamı öldürmək fikrinə də düşdülər. Ancaq sonradan hamı dağıldı.