240-cı ildə həcc mövsümünü bəhanə edən Mənsur, Məhəmmədin işinə birdəfəlik son qoymaq üçün yolunu Mədinədən saldı. O, bu səfərilə, demək olar bu hərəkatın mərkəzi olan Mədinəni, o cümlədən bu oyanışları iflic etmək istəyirdi. Mədinəyə daxil olduqdan sonra şiələrin tanınmış şəxsiyyətləri ilə bir sıra görüşlər keçirdi, onlara ən`am və hədiyyələr təqdim etdi. Bə`zilərinə pul təklif etməklə tamahlandırmaq, digərlərinə isə hədə-qorxu gəlməklə Məhəmmədin yerini öyrənməyə cəhd göstərdi. O cümlədən Məhəmmədin də atasını çağırtdırıb oğullarının yerini deməyə vadar etsə də, atasının onlardan xəbərsiz olduğunu eşitdi. Onların arasında gedən danışıq sərtləşdiyi vaxt atası dedi: “Əgər Məhəmməd ayağımın altında belə gizlənmiş olsa ayağımı qaldırmaram ki, onu görmək sənə nəsib olsun!” Bu sözlərdən bərk qəzəblənən Mənsur onu və ailəsindən neçə üzvünü zindana saldırdı və Abdullah üç il zindanda qaldı.7