Mənsur və Harunun hakimiyyəti dövründə Bəni-Haşim nümayəndələrinin ardıcıl silahlı etirazları məğlubiyyətlə nəticələnir. Hərəkat başçılarının şəhid olaraq dəstələrinin məğlubiyyətə uğramaları bir daha sübut etdi ki belə bir şəraitdə hər hansı bir silahlı mübarizə məğlubiyyətə məhkumdur. Buna görə də, mübarizəni başqa yolla davam etdirmək lazımdır. Bu baxımdan İmam Kazim (əleyhissəlam) silahlı mübarizədən göz yummuş və ancaq tələbə yetişdirilməsi fikirlərin oyadılması çirkin Abbasi hökumətinin əsl həqiqətini tanıtdırmaq və mümkün qədər ictimaiyyətin müxtəlif sahələrində şiəlik ideyalarını genişləndirmək barədə düşünürdü. Elə buna görə də, o cür zalım hökumətlə həmkarlıq etməyin ümumi şəkildə haram olmasına baxmayaraq, İmam Kazim (əleyhissəlam) istisna hallarda bəzi pak və layiqli şəxslərin hökumətdə mühüm vəzifə tutmasına razılıq verirdi. Çünki bu iş bir tərəfdən şiələrin hakimiyyətdə yer tutmalarına digər tərəfdən də camaatın xüsusən də, şiələrin himayə altına keçməsinə səbəb olurdu. Əli ibn Yəqtinin də hökumətdə mühüm bir vəzifə tutması bu kimi işlərdən biri idi. Abbasilər sülaləsinin tam tərəfdarı olan və İmamət məsələsinə heç bir etiqadı olmayan atasından fərqli olaraq, Əli ibn Yəqtin ayıq və mətin şiələrdən idi və əqidəsi əsl şiə əqidəsi idi.1 Belə ki intizar yəni hazırda olan zalım hökumətin qeyri-qanuni olduğunu hesab etməklə haqq-ədalət əsasında qurulacaq hökumətin gəlişinə ümid bəsləmək onun əqidəsinin əsasını təşkil edirdi. Bu həqiqət onun bir dəfə atası ilə etdiyi söhbətdən də başa düşülür. Bir dəfə Yəqtin oğluna deyir: “Necə olur ki sizin rəhbərlərinizin bizim (Bəni-Abbasın) barəmizdə dedikləri düz çıxır ancaq sizin özünüz barədə dedikləri (sizə vəd olunmuş hökumətin qalib gələcəyi) düz çıxmır?” Əli cavab verir: “Sizin və bizim barədə deyilənlərin ikisi də eyni yerdən (eyni şəxs tərəfindən) deyilib. Sadəcə olaraq sizin hakimiyyətiniz bərqərar olub və buna görə də, sizin barədə deyilən şübhəsiz olaraq həyata keçmişdir. Özünüz də gördünüz ki deyilənlər tamamilə düz çıxdı. Ancaq bizə vəd olunmuş hökumətin vaxtı çatmadığından, biz hələ də onun ümidi ilə yaşayırıq. Əgər bizim rəhbərlərimiz “Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinin hakimiyyətə gəlişi (məsələn) iki yüz-üç yüz ildən sonra olacaq” desəydilər ola bilərdi ki (vaxtın uzun olduğundan) ürəklər sıxılıb camaatın həmin hökumətə olan inamı azalardı. Lakin (camaat öz ümidini itirməsin deyə) İmamlar (həmin hökumətin nə vaxt bərpa olunacağını müəyyən etməyərək) buyurmuşlar ki tezliklə onun vaxtı çatacaq. Beləliklə də, İmamın (on ikinci İmamın) zühurunun yaxın bir vaxtda olacağını vurğulamışlar.”
Əli ibn Yəqtinin bu cür sabiqəsini nəzərə almaqla, onun Harunun sarayında vəzifə tutmasının nə dərəcədə əhəmiyyətli olması asanlıqla başa düşülür.