Əli ibn Yəqtin gizli şəkildə öz malının xümsünü İmam Kazim əleyhissəlamın hüzuruna göndərir bəzi vaxtlar isə şərait ağır və çətin olduqda, o Həzrət üçün maddi imkanat yaradırdı. Onun dostlarından ikisi deyir ki bir gün Əli ibn Yəqtin bizi çağırıb bizə bir qədər pul və bir neçə məktub verərək dedi: “İki ədəd minik vasitəsi alıb gizli yolla gedərək bunları İmam Kazim əleyhissəlama çatdırın. Sizin bu işinizdən heç kimin xəbəri olmasın.” Həmin iki nəfər deyir: “Kufəyə gəlib iki minik vasitəsi aldıq. Yol üçün tədarük gördükdən sonra gizli yolla hərəkət etdik. “Bətnür-rəhmə” adlı yerdə heyvanlardan düşüb qabaqlarına ot qoyduq özümüz də nahar etmək üçün oturduq. Bu vaxt yanında da, bir yoldaşı olan bir atlı gəldi. Yaxınlaşdıqda gördük ki İmam Kazim əleyhissəlamdır. Qalxıb ona salam verdikdən sonra pulu və məktubları təhvil verdik. O Həzrət də bir neçə məktub çıxarıb bizə verərək buyurudu: “Bunlar sizin məktubların cavabıdır.” Biz ona dedik ki azuqəmiz qurtarıb əgər icazə versəniz, Mədinəyə gedib həm Peyğəmbəri (səlləllahu əleyhi və alih) (qəbrini) ziyarət edər həm də yol üçün azuqə tədarük görərdik. O bizə buyurdu: “Qalan azuqənizi mənə göstərin.” Azuqəmizi (olan-qalanını) çıxarıb ona göstərdik. O tərəf-bu tərəfinə əl gəzdirib buyurdu: “Bu sizi Kufəyə qədər görər.” O bizim Mədinəyə getməyimizi məsləhət bilməyib buyurdu: “Siz (həqiqətdə elə bil ki,) Peyğəmbəri (səlləllahu əleyhi və alih) gördünüz indi isə Allahın pənahı altında geri qayıdın.”2