Məmunun dövründəki siyasi vəziyyət və şəraiti nəzərdən keçirdikdə, məlum olur ki o bir sıra siyasi çətinliklərlə üzləşməli olmuş və bu çıxılmaz vəziyyətlərdən üzüağ çıxmaq üçün çarə axtarırmış. Nəhayət, Məmun bu vəziyyətdən çıxmaq üçün bir neçə cəhətli bir siyasət irəli sürür ki bu da məhz İmam Riza əleyhissəlamı vəliəhd seçməkdən ibarət olmuşdur. İndi Məmunun üzləşdiyi siyasi çətinlikləri oxucuların nəzərinə çatdırırıq.
1. Abbasilərin Məmundan narazılığı
Tarixçilərin hamısının bir nəfər kimi Məmunun ümumiyyətlə, Əmindən qat-qat üstün və xəlifəliyə daha layiq olmasını qeyd etmələrinə baxmayaraq, Bəni-Abbas nümayəndələri onunla müxalif idilər. Qeyd etdiyimiz kimi Harunun özü də bu iki qardaş arasındakı açıq-aşkar təfavütə diqqət yetirmiş və Abbasilərin Məmunla müxalifətçilik edəcəyindən gileylənirdi. Ola bilsin Abbasilərin Məmundan narazı olmalarının səbəbi bu olub ki Məmunun qardaşı Əmin əsl Abbasi nümayəndəsi idi. Çünki atası Harun anası da Zübeydə olmuşdur. Zübeydə özü də bir Haşimi olmaqla bərabər, həm də Mənsur Dəvaniqinin nəvəsi eyni zamanda Abbasilərin ən şərəfli qadını olmuşdur. Əmin Harun ər-Rəşidin süd qardaşı və sarayının ən nüfuzlu şəxsiyyəti sayılan Fəzl ibn Yəhya Bərməkinin qucağında böyümüş Fəzl ibn Rəbi isə onun qəyyumu olmuşdur. Onun babası xəlifə Osmanın azad etdiyi qul olmuş və buna görə də, Fəzlin Abbasilərə olan məhəbbətində kimsə şəkk etmirdi. Məmun isə əvvəla, Cəfər ibn Yəhya Bərməkinin qucağında böyümüş Cəfərin isə nüfuzu qardaşı Fəzldən qat-qat aşağı olmuşdur. İkincisi də, onun qəyyumu olan şəxs heç də Abbasilərin ürəyincə deyildi. Çünki Abbasilər onu Ələvilərə meyilli olmaqda müttəhəm edirdilər. Üstəlik Məmunun qəyyumu ilə Əminin qəyyumu Fəzl ibn Rəbi arasında son dərəcə kin-küdurət hakim idi. O sonradan Məmunun baş vəzir vəzifəsinə təyin etdiyi iranlı Fəzl ibn Səhl olmuşdur. Abbasilər iranlılardan qorxur və onların əlindən artıq boğaza yığılmışdılar. Buna görə də, tez saraydakı bütün iranlıları (farsları) türk və başqa millətlərlə əvəz etdilər.