İmam Əliyyən-Nəqi əleyhissəlamın mövqeyi
Əsl İslami əqidəyə rəhbərlik edən məsum İmamlar bu cür fikri mübahisələr qarşısında sükut etməyib bu kimi azğın fikirlərin üstündən qırmızı xətt çəkərək həqiqəti olduğu kimi təyin edir, öz həqiqi və hidayətedici əqidəsini bəyan etməklə müsəlmanları bu cür boş və faydasız mübahisələrdən uzaq olmağa çağırırdılar. Rəyyan ibn Silət İmam Riza əleyhissəlama deyir: “Quran barədə sizin fikriniz nədir?” O Həzrət buyurur: “Quran Allah kəlamıdır, vəssəlam. Bu barədə bundan artıq bəhs etməyin, yoxsa yolunuzu azarsınız!”
İmam Əliyyən-Nəqi əleyhissəlamın bu barədə buyurduğu ifadə daha geniş və aydın məfhuma malikdir. O Həzrət Bağdad şiələrindən birinin sualına cavab olaraq yazır: “Bismillahir-rəhmanir-rəhim. Allah bizi və səni bu fitnəyə düçar olmaqdan qorusun! Belə olarsa, onda O, (Allah) bizə ən böyük nemət bəxş etmiş olar. Əks təqdirdə azğınlaşıb həlak olarıq. Bizim fikrimizcə Quran barədə (onun məxluq, yoxsa əzəli olması barədə) sual etmək bir bidətdir. Bu günahda həm sual verən, həm də cavab verən şərikdir. Çünki sual verən səlahiyyəti çatmadığı bir şey haqqında soruşur, cavab verən isə heç özünün başa düşmədiyi əbəs bir şey haqqında düşünür.
Yaradan məhz Allahdır və Ondan başqa hamı məxluqdur (yaranmışdır). Quran da Allah kəlamıdır. Özündən onun üçün başqa bir ad çıxarma, yoxsa yolunu azarsan. Allah bizi və səni “O kəslərdən ötrü ki, onlar öz Rəbbindən Onu görmədikləri halda qorxar və Qiyamətdən lərzəyə gələrlər”4 - deyə buyurduğu şəxslərin sırasına qatsın.”
İmamların belə bir mövqedə durması şiələrin bu cür boş və mənasız mübahisələrdən uzaq olub bidətə və azğınçılığa düşməməsinə səbəb olur.1
Dostları ilə paylaş: |