1. İmam Həsən əleyhissəlamın imamətindən qabaqkı mübarizələri
Tarix şahiddir ki İmam Həsən (əleyhissəlam) çox şücaətli və dözümlü bir insan olmuşdur. Qorxu heç vaxt ona yol tapa bilməmişdir. O İslamın inkişafı yolunda əlindən gələni əsirgəmirdi və daima Allah yolunda cihad etməyə hazır idi.
İmam Həsən (əleyhissəlam) Cəməl döyüşündə atası ilə bərabər cəbhənin ön xəttində vuruşur və Əli əleyhissəlamın şücaətli və dilavər dostlarını ötərək düşmən ordusuna güclü hücumlar edirdi.1 Döyüş başlamazdan qabaq isə atasının əmri ilə Əmmar Yasir və Əli əleyhissəlamın bir neçə digər dostları ilə birgə Kufə şəhərinə gəlib əhalini bu döyüşdə iştirak etməyə çağırmışdı.2
İmam Həsən (əleyhissəlam) Kufəyə gələndə, hələ Əbu Musa Əşəri Kufənin Osman tərəfindən təyin edilmiş hökumət başçılarından biri kimi qalırdı. Əbu Musa Əşəri bu vəzifəsindən istifadə edərək Əli əleyhissəlamın ədalət əsasında qurulmuş hökuməti ilə müxalifət edir və şəhər əhalisini Cəməl döyüşündə iştirak etməkdən və o Həzrətə arxa durmaqdan çəkindirirdi. Ancaq buna baxmayaraq İmam Həsən (əleyhissəlam) Kufədən doqquz min nəfərlik ordu yığıb Cəməl döyüşünə getmişdi.3