Yuxarıda deyilənlərdən əlavə, o dövrün İraq camaatı mütəşəkkil və vahid deyildi. Əksinə cəmiyyət müxtəlif ünsürlü və bir-biri ilə zidd olan dəstələrdən təşkil olunmuşdu. Belə ki bəzi vaxtlar bu dəstələr bir-biri ilə heç cür yola gedə bilmirdilər. Bir dəstə çox təhlükəli olan Əməvilər sülaləsinin tərəfdarı digər bir dəstə həm Əməvilərlə həm də İmam Həsən əleyhissəlamla vuruşmağı özlərinə vacib bilən xəvaric dəstəsi başqa bir dəstə müxtəlif yerlərdən gəlib İraqda məskunlaşmış və sayı iyirmi min nəfərə çatan qeyri-ərəb müsəlmanlar başqa bir dəstə də əqidəsi sabit olmayan İmam Həsən əleyhissəlamla Müaviyə arasında hansı birinin üstün olmasında şəkk edən insanlardan ibarət idi. O dövrün İraq və Kufə əhalisi bu dəstələrdən təşkil olunmuşdu. Bunlardan fərqli olaraq digər bir dəstə də Əli əleyhissəlamın həqiqi dostları idi.1