Sülh müqaviləsi və İmam Həsən əleyhissəlamın məqsədləri
İmam Həsən (əleyhissəlam) yuxarıda qeyd etdiyimiz səbəblərə görə Müaviyə ilə vuruşmağı İslam cəmiyyətinin ali məsləhətləri və İslamın qorunub saxlanmasının zərərinə görüb atəşkəs və sülhü qəbul etmək məcburiyyətində qaldığı üçün öz ali və müqəddəs məqsədlərini mümkün olduğu qədər sülh yolu ilə həyata keçirməyə çox çalışdı. Digər tərəfdən də Müaviyə sülhü bərqərar etmək və qüdrəti ələ keçirtmək üçün hər cür imkanatı İmam əleyhissəlamın ixtiyarında qoymuşdu. Hətta Müaviyə İmam (əleyhissəlam) üçün möhürlənmiş ağ bir kağız göndərib bildirdi ki İmam (əleyhissəlam) ona nə yazsa Müaviyə qəbul edəcək və razılıq əlaməti olaraq qabaqcadan öz möhrünü də vurmuşdu.4 İmam Həsən (əleyhissəlam) bu fürsətdən necə lazım idisə istifadə edərək İmam əleyhissəlamın ali məqsədlərindən hesab olunan əsas və mühüm məsələləri sülh müqaviləsində yerləşdirdi və Müaviyənin dilindən sülh müqaviləsinə əməl edəcəyinə zəmanət aldı. Tarixi qaynaqlarda sülh müqaviləsinin mətni tam mükəmməl və tərtiblə deyil pərakəndə şəkildə verilmişdir. Hər tarixçi onun bəzi maddələrini qeyd etmişdir. Ancaq bunların hamısını bir yerə yığdıqda, təxminən kamil şəkildə bir müqavilə düzəltmək olar. Kiçik bir baxışda İmam Həsən əleyhissəlamın sülh müqaviləsində qeyd etdiyi məsələlərə və onları həyata keçirməkdə etdiyi israr və təkidə nəzər salmaqla İmam Həsən əleyhissəlamın siyasi mübarizə zamanı düşməndən xal almaq üçün işlətdiyi fövqəladə tədbirini müşahidə etmək olar.
İndi sülh müqaviləsinin maddələrini ayrı-ayrılıqda araşdırmazdan qabaq beş maddədə cəmlənmiş sülh müqaviləsinin hamısını əziz oxucuların nəzərinə çatdırırıq.