Мювлана ъялаляддин


Hanı ulaqda dil ki, danışsın ağrısından?



Yüklə 2,58 Mb.
səhifə10/125
tarix01.01.2022
ölçüsü2,58 Mb.
#102803
1   ...   6   7   8   9   10   11   12   13   ...   125

Hanı ulaqda dil ki, danışsın ağrısından?




Karvançıların sufinin ulağının xəstə olmasını güman etmələri

Sufi elə ki, mindi ulağa yola düşdü,

Ulaq yıxılıb-durdu, karvandan dala düşdü.

Görəndə xalq ulağı, tez halın bilirdilər,

Xəstəliyin hiss edib, əhvalın bilirdilər.

Birisi qulağını bərk-bərk tutub bururdu,

Qeyrisi ayağının altına əl vururdu.

Biri nalına baxıb orda səng31 axtarırdı.

Qeyrisi gözlərində başqa rəng axtarırdı.

Biri deyirdi: - Ey Şeyx, ulaq neçin bu gündə?!

Sən bizə demirdinmi, ulağım at gücündə?!

Dedi: - Ulaq bu gecə yalnız «La hövlü»32 yemiş,

Belə yerişdən başqa, getməz başqa bir yeriş,

Çünki ulağım gecə «La hövlü» sözün yedi,

Gecə duada, gündüz belə səcdə eylədi?

Insanların bir çoxu, adam yeyənə oxşar,

Salam-əleyklərindən yaxşı əməl az axtar.

Qəm vaxtı, dərdə şərik yanına olmaz gələn?!

Işini qurmalısan, özün-öz gücünlə sən!

Insanların qəlbində, divlər də yuva salar,

Az qəbul et hiylələr, o divlərdə hiylə var.

Divin div nəfəsindən «La hövlü» yeyən adam,

Həmin o ulaq kimi, axsayar qədəm-qədəm.

Kim dünyada aldansa divlərin hiyləsinə,

Dost sifətli düşmənin, təzim eyləməsinə,

Islamın yollarında, Siratın körpüsündə,

O ulaq tək axsayar, həmin körpü üstündə.

Pis dost işvələrini, belə qəbul etmə sən,

Ey mən olan, tələ bil, ona tərəf getmə sən!

Yüz min «la hövlü» deyən,İblis xislətlilər var.

Iblis xislət insanlar, ilan tinyətli olar.

Səs ucaldıb söyləyər, mənim canım dostumsan,

Qəssab tək soya bilsin dərini asan-asan.

O qədər üfürər ki, dərini soyar atar,

Vay olsun o şəxsə ki, düşməndən zəhər dadar.

Baş qoyar ayağına, sanki bir qəssab olar,

Yumşaqlıqla qanını, axıtsın o, zar-zar.

Şir kimi öz ovunu, özün öz gücünlə et,

Əcnəbi işvələrin kənarlaşdır, özün get.

Namərd xidməti oxşar o mehtər xidmətinə,

Nakəsin işvəsindən tənhalıq yaxşı yenə.

Özgəsinin yerində özünə ev tikmə sən,

Öz işinlə məşğul ol, yada ağıl tökmə sən.

Biganələr kimdirlər?! – Sənin torpaq bədənin,

Onunçunmu qəmlisən, qəmin dərdin var sənin?!

Nə qədər ki, bədəni, piyləndirsən yağla sən,

Ruhunun cövhərini yağlı, ballı görməzsən.

Təni müşk arasında bəsləsən də sən əgər,

Ölən günündə yenə həmin bədən iylənər.

Müşkü bədənə vurma, sürt ürəyə, qəlbinə,

Zülcəlalın pak adı yanında, müşk nədir, nə?!

Kim riyakar bədənə müşk qoyub, müşk bağlayır,

Ruhunusa, şübhəsiz zibillikdə saxlayır.

Dilində Haqqın adı, riyakarlıq canında,

Çürük, iyli, küfr etmək, imansızlıq qanında.

Onun zikr etməsi də nəcis üstdə gül kimi,

Sanki nəcis üstündə süsənlə- sünbül kimi.

O şirinlik orada yəqin müvəqqətidir,

O gülü əvəz edən məclis eyş-işrətidir.

Yaxşılar hər vaxt gələr, yaxşıların yanına,

Xəbisliklər çəkərlər, xəbisləri canına.

Kindən yol azanlara, kinlər saxlama sən də,

Onlar dəfn olunacaq kinlilərin yanında.

Əsl kin cəhənnəmdir, kinin vardırsa əgər,

Dininin düşməninin səni bir üzvü edər.

Ayıq ol, cəhənnəmin sanki bir üzvüsən sən,

Üzvsənsə küllə tərəf, özün çəkmək istərsən.

Cənnət hissəsisənsə, ey ad-sanın məbədi,

Sənin eyş-işrətin də cənnət kimi əbədi.

Acılar acılarla yəqin ki, mülhəqq33 olar,

Batil nəfəsli necə, Haqqa yaxın, haqq olar?!

Ey qardaş, əgərsə sən, həmin fikirdə olsan,

Aqibətdə özün də dəri, sümük qalarsan.

Əgər fikrin gül olsa, özün olarsan gülşən.

Fikrin tikanlı olsa, sanki özün zibilsən.

Başına, ciblərinə gülab vursalar əgər?

Yaxud bir sidik kimi üst-başına səpsələr?

Əttarlar qarşısında, tabaqlara bir bax sən,

Cinsi öz cinsi ilə bir dost kimi görərsən.

Qurtarmaq yolu axtar, sən nacinslər əlindən!

Nacinslə söhbət etmək, pis olar gor evindən.

Cinslər öz cinsi ilə qarışaraq dost olmuş,

Bu cinslər birliyindən həyat zinətlə dolmuş.

Əgər qarışdırsalar udu,34 şəkər neyiylə,

Dəyişərlər iylərin, şübhəsiz bir-biriylə.

Tabaqlar da sınaraq o ruhlara dolarlar,

Yaxşıyla pis olanlar qarışıb bir olarlar.

Haqq göndərdi Nəbilər, elçi etdi onları,

Ayırsınlar kafəri, dindardan olar, barı!

Haqq göndərdi Nəbilər, kitabla, vərəq ilə,

Göylərdən bilikləri seçsin, gətirsin dilə.

Möminlərlə kafərlər, müsəlmanla cuhudlar,

Nəbilər olmamışdan tam bərabər idilər.

Onlar yox ikən bizdə hamı bərabər idik,

Kimsə bilə bilmirdi, biz yaxşı, yoxsa bədik.

Saflıqla, natəmizlik aşmışdı öz həddindən,

Cahan bir gecə idi, bizlər gecə yol gedən.

Nəhayət baş qaldırdı, Peyğəmbərlər günəşi,

Dedi: - Ey natəmizlik, ver saflığa hər işi.

Gözlər ayıra bilər, bir rəngi, başqa rəngdən,

Gözlər ayıra bilər, qızılı qara səngdən.

Göz tanıyar gövhəri, ayırar çördən-çördən,

Onçun da gözü deşər, çör-çöp düşdüyü yerdən.

Qəlb qızıl düzəldənlər, gecənin məşuqudur,

Mədəndə olan qızıl, gündüzün aşiqidir.

Çünki gündüz aynası vermişdir tərifini.

Özü görmək istəyir şərəfli təsvirini.

Haqq onunçun demişdir, «Qiyamət» həmin günə,

Qırmızı üzlə sarı, o gün bilinsin, yenə.

Çoxlü həqiqət söylər övliyalar o gündə,

Onun bir günlük mehri illərdən daha öndə.

O gün Haqq Rəsulunun sirri bilinər necə,

Onun ulduz şüası «gözü tikilmiş gecə»!

O səbəbdən buyurmuş Tanrı «Vəzzüha»sını,35

«Vəzzuha» əvəz etmiş nuri-Mustafasını.

Başqa kəlmələr onçun belə sevmiş «Zuha»nı,

Onlar Onun əksidir, təyin etmiş dühanı,

Yoxsa and içmək olmuş, faniliyə bir «ana»,

Fəna özü layiqmi Tanrının ətasına?!

Xəlildən,36 bizə qalmış, «La uhibbul afilin».37

Əgər istərsə fəna Uca «Rəbbil aləmin».

«La uhibbul afilin» demişİbrahim Xəlil,

Heç fəna istəyərmi, onunçun Rəbbi-Cəlil.

Yenə də «Vəlleyli»38dir, Onun öz Səttarlığı39

Həmçinin «gil» bədəndə Onun öz zəngarlığı.40

Günəşi çıxan kimi fələkdən o fələkə,

Gecə təniylə demiş: - «Səca mavəddəəkə».41

Varlığın bəlasından yol tapıldı vüsala,

O vüsalın zövqündən təşkil oldu «Ma qəla».42

Hər bir kəlmə, işarə, bir halət nişanəsi,

Hal özü bir «əl» kimi, söz alət nişanəsi,

Zərgər aləti olsa, pinəçinin əlində?

Sanki toxum əkilmiş, susuz səhra gilində.

Pinəçinin aləti olsa, kəndli yanında,

Sümük it önündə yox, sanki ulaq önündə.

«Ənəl Həqq» sözü nurdur, Mənsurun43 dodağında,

«Ənəllah»44 sözü nardır, Fironun dodağında.

Musa əlində olmuş, «əsa» həqiqət tapan,

Sehrçilər əlində «əsa» sanki bir saman.

Bu səbəbdən eyni bil, özünü yoldaşınla,

Əbədi mövcud olan Haqqı öyrən başınla.

Sən bilmədən nöqsanı, alət üstünə yıxsan?

Qığılcımlar sıçramaz, daşı çaxmağa çaxsan.

Əllə - alət elə bil, daşla-dəmir kimidir,

Hər vaxt cüt olmalıdır, cütlük «doğuş» rəmzidir.

Cütlük tapmayan bir şey, olar alətsizlik tək,

Düşmən məğlub edəcək, şəksiz, onları tək-tək.

Kim ki, iki-üç deyər, ondan artıq söyləyər,

Yəqin müttəfiq olar, vahidlik sözün deyər.

Çəpgözlük dəf olarsa, hamı eyni cür olar,

O iki-üç deyənlər, bir deyərək hürr olar.

Sən əgər «Bir»i desən Onun öz meydanında,

O çövqanın qaytarar, qalar sənin yanında.

Sözlər o vaxt saf olar, doğru olar, nöqsansız,

O, «Şahından» aldığı yaradan olsa cansız.

Ey çəpgöz, sən qulaq as, bunları yadda saxla,

Gözünün dərmanını, qulağınla al, yoxla.

Kor olan ürəklərdə, çoxlu pak kəlamlar var,

Dözməyib çıxar ordan, əsl Nura qovuşar.

Əyri qəlblərdən olan o «div» ovsunları da,

Əyri ayaqqabı tək, gedər əyri ayaqda.

Əgər hikmət sirrini təkrar-təkrar söyləsən,

Nakəs öyrənib bilər, çox üstün olar səndən.

Əgər yazsan hikməti, ona göstərsən haman,

Ya da laf eyləyərək, ona eyləsən bəyan,

O səndən üz döndərər, ey sən qovğa edən ər!

Qaçmaqçın düyünləri, qırıq-qırıq eyləyər!

Əgər sən oxumasan, görər yanğını, bihuş45

Qəmlə kədər olacaq əlində öyrənən quş.

Hər usta olmayanın, o quş önünə enməz,

Çünki Şah qızılquşu, kəndli evinə enməz.


Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin