Tanrının Adəmi xəlq etməkdə mələklərlə məşvərət etməsi
Məşvərət olunurdu, bəşər yaratmaq üçün,
Canlara güc verməklə, məqsədə çatmaq üçün.
Mələklərə gizlincə «dünbək»25 vurulduğundan,
Onlar narazı idi, bu işdən həmin andan!
Kim ki, var olacaqdı, naxışı bəlli oldu!
Hələ nəfəs yox idi, Haqq işi bəlli oldu.
Mələklər fələklərdən xəbərdar olduğundan,
Hər xörək, hər çörəkdən görüb var olduğundan,
Qəmli-qəmli oturub, fikirli qalmışdılar,
Ordu, hərbsiz onlara qələbə çalmışdılar.
O gözlərə görünən, onlara bir dərd oldu!
Lakin Onun özü də kamillərə fərd oldu!
Keçmiş-gələcək olsa, fikrin, amalın əgər,
Çox uzaq olduğundan, müşküllər düzə çəkər.
Ruh üzümdən, qoradan, meyi, mulu26 görəndir,
Ruh mövcud olmayanı, gizli yolu görəndir.
Hər keyfsizi keyfiylə görüb, bildiyi üçün,
Ondan əvvəl düz-əyri, bilib, gördüyü üçün,
Xilqətdən çoxlu üzüm, dərib yediyi üçün,
Mey içib, nuş edərək, şorun gördüyü üçün,
Yayın isti günündə bilir, qış soyuğunu.
Günəş altında bilir, kölgə nə olduğunu.
Meyin üzümünü də, qəlblərində görmüşlər,
Fənada naməlumun əllərin də görmüşlər.
Onların ətrafında səma içib- yeyəndir,
Onun mövcudluğundan, Günəş məxmər geyəndir.
Onlar da toplanmışlar iki yar gördüyündən,
Onlar həm tək olurlar, həm də çox üç yüz mindən.
Dalğalar misalında, bil, onların sayları,
Onlar gətirə bilir, küləkli olayları.
Canların Günəşi də, ayrılıb parçalandı,
Su qabları içinə dır-deşikdən ələndi.
Həb atmaqla, yeməyə qiymət bir olduğuyçün,
Su qabında gizlində şək yarandı onunçun.
Heyvanı ruhlarda var, bir-birindən fərqli hal,
Vahid olan nəfs isə, insani ruhda amal.
Çünki Haqqımız bizim, daim Bir Nura malik,
Heç vaxt Nuru fərqlənməz, O, hər uğura malik.
Insanlıq ruhu hər vaxt, vahid nəfslə yaddadır,
Heyvani ruhlar isə inkişafsız maddədir.
Ağılın, bu rəmzlərin içindən xəbəri yox,
Bu sirrləri anlayan, Haqqdan qeyri, biri yox!
Ağılın özünün də bu sevdayla nə işi?!
Anadan kar doğulan, zurna ilə nə işi?!
O ağılın özü də nə bilir sevda nədir?!
Anadan kar doğulan, nə bilir zurna nədir?!
Bir anlığa möhlət ver, ey qəm-kədərli yoldaş,
O gözəlin xalının, vəsfin edim, ey qardaş.
Onun gözəlliyinin təsviri gəlməz dilə,
Xalının yerin verməz, hər iki aləm belə.
Onun yaxşı xalından, dəm vurub tərifləsəm,
Beynimi deşə bilən sözlər lazımdır bil, sən!
Məgər qarışqa kimi, bu xırmanda xoşam mən?!
Özümdən ağır yükü, çəkə-çəkə aşam mən?!
Işığa qısqanc olan haçan imkan verəcək?!
Demək vacib olanlar, deməlilər gələcək!
Dostları ilə paylaş: |