Münafiqlər onların Peyğəmbər Məscidinin əleyhinə, həmin məscidə oxşar bir məscid tikib Həzrəti Məhəmməd Sələvatullahın o «məscidə» gəlməsi üçün yalvarmaları hekayəsi
Münafiqlər haqqında, başqa bir misal da var,
Quranda nəql olunmuş özgə hal- əhval da var.
Düşmənlər qoşa tağlı, «məscid» bina etdilər,
O tərslər, Peyğəmbərin, əleyhinə getdilər.
Bəlkə, Əhməd dinini izzətindən salalar,
Məscid tikib,İslamı əllərindən alalar.
Belə tərs oyunları, qurub, hiylə əkdilər.
Məscidindən əlavə, başqa «məscid» tikdilər.
Yerin, üstün, qübbəsin bəzədilər, düzdülər.
Ikitirəlik salıb, öz «qəlb»lərin üzdülər.334
Ki, «Məscid»i işə salıb, arzulara çatsınlar,
Təfriqə üsuluyla, milləti aldatsınlar.335
Peyğəmbərin yanına gəlib, «xahiş» etdilər,
Dəvə tək dizə çöküb, qarşısına getdilər.
Dedilər:- Sən ey Rəsul, Haqq lütfü xatirinə,
O «məscid»ə tərəf get, qədəm at daxilinə.
Atdığın qədəminlə, «məscid» mübarək olsun,
Adın qiyamətədək, daim, əbədi qalsın.
Qədəm qoy həm gündüzün, gecənin məscidinə,
«Zərurət»in, dözümün, Ucanın məscidinə!
Qərib olan qonaqlar, orda qalıb, dincəlsin.
Xidmət yeri bol olsun, insanlara xos gəlsin.
Din şüarı sayılsın, tərəfdarlar çoxalsın.
Dostlarla sevinək biz, dinin adı ucalsın.
Bir saat o məkana təşrif gətir, Ya Rəsul!
Bizi sən şərəfləndir, tərif yetir, Ya Rəsul!
Bu «məscid»in dostu tək, gəl, bizləri yada sal!
Sən Ay ol, bizsə gecə, bir anlıq bizimlə qal!
Olsun camalın ilə, gecəmiz gündüz kimi.
Ey sən camalı Günəş, biz də olaq Siz kimi.
Heyif, səd heyif sözlər, kaş ürəkdən olaydı,
Onda həmin şəxslərin, muradı çin olardı.
Söz könülsüz deyilsə, ruhsuz olar, ey dostlar.
Göy ot təzəyi kimi, iylə dolar, ey dostlar
Uzaqdan nəzər salıb, uzaqdan da ötərlər.
Üfunətli iyini duyub, gözdən itərlər!
Vəfasız «lütfün» dərk et, onlara tərəf getmə,
Uçuq bir körpü kimi, başa düş qəbul etmə.
Cahil əgər qədəmin, «körpü» üstünə qoysa,
Həm körpü, həm də qədəm, sınaraq olar qısa.
Buğda məhəbbət ilə, nuş olunmasa əgər,
Buğda yerinə, arpa satan, nə xeyir görər,
Çox demə, bu qəbildən, olan dinlər batildir,
Batillərin qəlbləri, Haqq ətrinə qatildir.
Söyləmə batil dinlər, elədir, ya belədir,
Batillər Haqq dininə, ürəklərdə tələdir.
Çox demə hər şey xəyal, Haqq yolundan döndərən,
Aləmdə xəyal da var, düz yola ümüd verən.
Düz yol Qədr gecəsində, gecələr üzrə nihan.
Ki, can axtarıb etsin, hər gecəni imtahan.
Hər gecə Qədr olmaz, eşit məni ey cavan,
Lakin onsuz da deyil, onu axtar, sən hər an!
Xirqəli dərvişlərdən, bir fəqiri yoxla sən,
Hansı Haqq yolundadır, ona ürək bağla sən.
Hanı «yoxlayan» mömin, yoxlayıb ayırd etsin.
Harda «Şah», harda «gəda», Padşaha tərəf getsin.
Dünyada çox olmasa, eyiblə dolu səhflər.
Ticarətçi, tacirlər, olar, yalnız əbləhlər!
Onda parça tanımaq olar, çox- çox aşan, dost!
Çünki, əhil- naəhil bilinmir, sən oyan, dost!
Şorla- yağın qiyməti, eyni olan məkanda,
Bilinməz yağ neçəyə, şor neçəyə dükanda.
Hər şey qüsurludursa, bilik orda işləməz,
Hər yer odunluqdursa, Ud336 yansa ətir gəlməz.
Hər kim desə, hər şey düz, o şəxs axmaq kimidir.
Kim desə, hər şey batil, düzə toxmaq kimidir.
Ticarətdə Nəbilər, xeyirlər apardılar,
Tacirlikdə hər şeyin, daxilinə vardılar.
Onlar gözləri ilə, malı yoxlayırdılar.
Sən də gözlərini ov, hər bir şey ayırd olar.
Dostları ilə paylaş: |