Atasının Tabutu önündə nalə edib ağlayan uşağın hekayəsi və iti söz ustası balaca Cuhanın, uşağın sözlərini yozması
Bir uşaq atasının tabutunun önündə,
Zar- zar nalə edirdi, özünün bəd günündə.
Deyirdi:- Səni hara aparırlar, ey ata?!
Yəqin torpaq altına tapşırırlar, ey ata?!
Darısqal, xoşagəlməz bir yerə aparırlar,
Nə orda xalı mövcud, nə də orda həsir var!
Nə gecəsi çıraqlı, nə gündüzü çörəkli!
Nə təamı ətirli, nə süfrəsi yeməkli!
Nə qapısı bilinmir, nə üstü var, nə damı,
Nə orda işıq izi, nə boşqabı, nə camı!
Nə orda qonaq yeri, nə bulağı nə suyu!
Nə qonşu köməyi var, nə də qazılmış quyu!
Sənin cismin xalq içrə, öpüş məkanı idi.
Bu göy günbəzli «evdə» necə qalarsan indi?!
Heç bir şeysiz bir mənzil, çox dar olan bir məkan,
Nə divarı suvanmış, nə də rəngə yox imkan!
Beləcə vəsf edərək, mənzil təsvir edirdi,
Gözlərindən yaş axır, qan ağlayıb, gedirdi!
Birdən balaca Cuha361 bunu eşidib durdu,
Təəccüblü sifətlə atasına buyurdu:
- «Ata, vallah tabutu, evmizə aparırlar!»
«Uşağın söylədiyi, təsvirlər bizdə də var!»
Atası ona dedi:- Əbləh olma, ey oğul!
Cuha dedi:- Atacan, qulaq as, sən vaqif ol!
O uşağın indicə söylədiyi, təsvirlər,
Heç şübhə doğurmadan, bizdən xəbər verirlər!
Nə həsir, nə də çıraq, nə bir təamımız var!
Nə evin qapıları, nə də tavanımız var!
Oxşar nişanələrdən, bizdə də yüzlərlə var,
Yalnız zülümkar şahlar, onları belə saxlar!
Ziyasız, nursuz olan, ürək xanələri var.
Günəşin şüasından, bəhrələnməmiş onlar!
Cuhudlar ruhu kimi, darısqal, qaranlıqdır.
Haqqın zövqü gözünə, görünmür toranlıqdır.
Yoxdur həmin ürəkdə günəş nurundan əsər.
Nə geniş sarayı var, nə sözündə bir kəsər.
Bu ürəklə olmaqdan, gorda qalmaq yaxşıdır!
Ürəklə gordan, daha üstün olmaq yaxşıdır!
Canlısan, canlı doğan, sən ey bihəya, qanmaz?!
Bu gor olan dar evdən, ürək səni alammaz!
Yusif zamanı gəlmiş, səma günəşi parlaq,
Bu zindan həyatından üz sevir, gəl bir olaq.
Yuniş Balıq bətnində, püxtələşdi, ucaldı.
- Nicat ümidi ilə Haqqını yada saldı!
Olmasaydı Haqqını yad eyləyən o əgər?!
Balıq qarnında idi, ta qiyamətə qədər!
Haqqı yad etməyiylə, balıq qarnından çıxdı,
«Yad etmək» səbəb oldu, Haqqı sözünə baxdı.
Əgər «yaddan çıxartsan», zikr eyləmək adətin,
Eşit, balıqların da, yad eyləmək niyyətin!
Kim o dənizi görsə, sanki «o balıq» kimi,
Hər kim Allahı görsə,İlahi varlıq kimi.
Bu cahan bir dənizdir, tən balıq, Haqq ruhudur.
Yunisi qoruyansa, «sübh şərabı» nurudur,
Əgər yad etmən olsa, «balıq»dan qurtularsan,
Əgər əksinə olsa, qarında həzm olarsan.
Bu dəniz dop- doludur, canın «balıq»larıyla,
Korluğu, xəstəliyi, bil sən, yanıqlarıyla.
O «balıq»lar özünü, sənə toxundururlar,
Gözünü aç, yaxşı bax, sənə eyham vururlar.
«Balıq»lar var hamısı ruhsuz, cəsədsiz olmuş,
Onlar məkr, hiyləsiz, kinsiz, həsədsiz olmuş!
«Balıq»ları aşikar, görə bilməsən əgər?!
Onların zikr etməsin, qulaqların eşidər.
Səbr eyləyib, gözləmək, zikr etməyin ruhudur,
Sən səbr eylə, səbirlə zikr etməyin, doğrudur.
Onsuz, yox dərəcəsi, heç bir «yad eyləmənin»
Səbr eylə, səbr eyləmək, açarı qəmlənmənin!
Səbir «Sirat körpüsü», keç, Behişt niyyətçisi,
Hər yaxşının varıdır, bir çirkin xidmətçisi.
Xidmətçilikdən qaçsan, vüsala ümid yoxdur,
Çünki xidmətçiliyin, vəslinə, ümid çoxdur.
Səbrin zövqün bilməzsən, «şüşə qəlbli», ağla gəl!
Səbrin etdiyin olsa, Çegel362 kimi bir gözəl.
Kişi olan zövq alar, döyüşdə cəng etməkdən,
Müxənnət363lər zövq alar, əyri yolla getməkdən.
Əyri yoldan savayı, nə dini var, nə zikri,
Cəhənnəmə aparar, onun niyyəti, fikri.
Əgər Fələyə qədər, qalxsa da, qorxma ondan,
Enmə işini öyrən, de ona, həmin andan.
O, atını çapırdı, ülvi həyata doğru,
Çünki onda var idi, göylərdən o an qorxu.
Gədaların elmindən, nədəndir belə əsmək?!
Çünki o elmin yolu, bir loğma çörək kəsmək.
Bu sözləri dərk eylə, eşit, yadda saxla sən,
Dərk eyləyə bilməsən, yarı yolda qalarsan.
Dostları ilə paylaş: |