Мювлана ъялаляддин


Şeyx Əhməd Xızruyənin Haqqı Taalanın buyruğu ilə borc halva alması



Yüklə 2,58 Mb.
səhifə12/125
tarix01.01.2022
ölçüsü2,58 Mb.
#102803
1   ...   8   9   10   11   12   13   14   15   ...   125

Şeyx Əhməd Xızruyənin Haqqı Taalanın buyruğu ilə borc halva alması

Bir Şeyx vardı hamıya həmişə borc verirdi,

Comərd idi, onunçun xoşbəxt ömür sürürdü.

On minlərlə borc pulu verirdi insanlara,

Xərcləyirdi dünyada çox kasıb olanlara.

Onun borc köməyiylə bağça-bağ əkirdilər,

Xanımanlar, binalar otaqlar tikirdilər.

Əhməd Xızruyə idi, onun şərəfli namı,

Aşiqə xidmət idi, arzusuyla məramı.

Bağışladığı borcun Haqq əvəzin verirdi,

Necə ki, Haqq Xəlilə, qumdan un yetirirdi.

Nəbi belə söyləmiş: - Hər yerdə, hər bazarda,

Iki Mələk daimi, qışqırıb edər nida.

Tanrı xərcləyənlərə on övlad bağışla Sən!

Xəsis olanlarasa, ah-fəryad bağışla Sən!

Xüsusən o şəxslər ki, canlarını bəxş edər,

Xəllaqa hülqümünü, anlarını bəxş edər.

Hülqumunİsmayıl tək bəxş edənlər Haqqına,

Bıçaq kəsməz hülqumun, Haqq verməz imkan ona.

Şəhidlər də onunçun əbədi-ölməz qalar,

Kafirə qalib demə, şəhidlər qəlbə dolar.

Çünki vermiş onlara Tanrısı əbədi can,

Canı əmniyyətdədir, düşmənlər cəzasından.

Borc verən Şeyx illərlə, bu işin davam etdi,

Gözəl sərvət xərcləyib, yedizdirib, içirtdi.

Əkdi o toxumları, əcəl gününə qədər,

Əcəl vaxt-vədəsində olsun əcələ rəhbər.

Elə ki, Şeyxin ömrü intəhasına çatdı,

Ölüm nişanəsini gördü, günəşi batdı.

Kömək elədikləri, ətrafda dövrə vurdu,

Şeyx də öz atəşində şam tək yandı-qovruldu.

Yedirtdiyi şəxslərin rəngi saraldı-soldu.

Dərdləri bir idisə, artdı birə-beş oldu.

Həmin Şeyxsə söylədi: - Baxın siz bədgümanlar,

Məgər Haqqda yoxmudur, dördcə yüz qızıl dinar?!

Birdən bir halva satan uşaq çöldən səsləndi,

Satmaq ümidi ilə səs verəcək dilləndi.

Şeyx öz xidməçisinə işarəsiylə söylədi:

- Get ordakı halvanın hamısını al, dedi!

Tələbkarlar yesələr həmin halvanı əgər?

Acı baxışla mənə baxmazlar müddət keçər,

Xidmətçi eşidən tək, çıxdı tezcə bayıra,

Dinarla halva alsın gətirsin həmin yerə.

Dedi: - Dükanda olan bütün halva neçəyə?

- Yarım dinar yarıma, halva verməm nisyəyə.

Dedi: - Sən sufilərdən artığını gözləmə,

Yarım dinar verirəm, daha artıq sözləmə.

O tabağı gətirdi, Şeyxin yanına girdi,

Bax gör sən həmin Şeyxin başındakı nə sirdi?

Işarəylə söylədi: - Borclular bu bəxşişdir,

Nuşi-canınız olsun, mənim qəlbim genişdir.

Dəvəti eşidən tək, hamı həlqə vurdular,

Halvanı şən-şən yeyib, bir yanda oturdular.

Tabaq boşalan kimi uşaq ayağa durdu,

Dinarımı veriniz deyərək Şeyxi yordu.

Şeyx uşağa söylədi: - Pulu hardan gətirim?

Borcum Axirətə var, dinar hardan götürüm?

Uşaq hirslə tabağı vurdu yerə səsləndi,

Ağlayıb sısqayaraq, vay-şivənlə dilləndi.

-Kaş sınaydı əllərim, quruyaydı bu ayaq!

Indi mən necə edim, qayıdım mən nə sayaq?!

Kaş ocağa düşəydim, yanıb külə dönəydim,

Bu evin kandarına dönüncə kaş öləydim!

-Sufilər qarın güdən, yalnız qazan dostudur,

Daş ürəkli xəsislər pişik tək nan56 dostudur.

Borc pulu eşidən tək yaxşı-pislər cəm oldu,

Tez uşağı dövrəyə aldılar, həyət doldu.

Uşaq Şeyx qarşısına gəlib dedi: - Ey Şeyxim!

Yəqin bil ustam məni edəcək dilim-dilim!

Ustadımın yanına əliboş getsəm əgər,

Rəva bildin-bilmədin canıma o qəsd edər,

Ordakı borclular da haqsız işi gördülər,

Üz tutaraq o Şeyxə nə oyundur sordular?!

Ehsanı bizlər yedik, günahı sən qazandın?

Özün özünə zülmü edərək haqqı dandın?

Şam namazına qədər uşaq daim ağladı,

Şeyx gözlərin qapayıb uşağa heç baxmadı.

O cəfadan qurtuldu, ziddiyyətdən azadə,

Danlaqları, tənəni gətirmədi heç yada.

Kimin ki, Ruh üzünə şirin-şirin gülərsə,

Xilqətdə turş sifətlik, dərddən edər vəsvəsə!

Əgər ruh busə versə onun iki gözünə,

Yiyərmi qəm Fələkdən qəm çökərmi üzünə?!

Məhtablı gecələrdə səmak57 üstdən Ay parlar,

Itlər hey ulasa da heç Ayda qorxu olar?!

Itin vəzifəsidir ulamaqla incitmək!

Ayın vəzifəsidir, parlamaqla şad etmək!

Hər kəs öz əməliylə həyatda yadda qalar,

Sular öz saflığını, çör-çöpə verməz alar.

Çör-çöplər rəzil-rəzil, sular üstündən üzür,

Saf su əzab çəkmədən nazla-qəmzəylə süzür.

Mustafa gecə yarı, Ayı deşər, şaqqalar.

Əbu Ləhəb kinindən hərzə danışıb qalar!58

Məsih öz hünəriylə ölüyə can bağışlar,

Bir cuhud bunu görüb kindən bığların yolar.

Itin ulamaq səsin Ay «qulağı» eşitməz,

Ayın xasiyyəti də Tanrını əvəz etməz.

Sübhədək Şah mey içər, bir arxın kənarında,

Çığıranı59 eşitməz çığırsa da yanında.

Uşağın paylanmışdı altıda bir dinarı,

Şeyx qadağan etmişdi, verilmişdi bir yarı.

Demişdi verilməsin uşağa əlavə pul,

Baxma ki, o Şeyx idi, düşünmüşdü ayrı yol.

Namaz vaxtı olanda xidmətçi daxil oldu,

Bir tabaq başındaydı, qoydu müntəzir qaldı.

Elə ki, o tabağın örtüyünü götürdü,

Camaat tabaqdakı lütfü ehsanı gördü.

Hamı ah-fəğan edib sonra gəldilər dilə,

Ki, ey Şeyxlərin Şeyxi, axı bu nədir belə?!

Bu nə sirrdir aç bizə bu necə sultanlıqdır?!

Ey sirrlərin biləni, bu nə qəhrəmanlıqdır?!

Bizlər başa düşmədik, gəl bizi əhv eylə Sən,

Artıq sözlər demişik, bizi bilmə böylə Sən.

Biz hamımız kor kimi, əsaları vuranıq.

Lazımi qəndilləri, söndürüb sındıranıq.

Biz o karlardanıq ki, xitab eşitməmişik,

Hərzə danışıb, bənzər cavablar istəmişik.

Biz Musadan nəsihət almamışıq o zaman,

O Xızrı inkar etmiş, saralıb-solmuş haman.

Baxma ki, gözləriylə eşirdi asimanı,

Onun gözünün nuru deşirdi asimanı.

Uzaqgörənliyini ey Musa görməmişik;

Axmaq olduğumuzçun qədrini bilməmişik.

Şeyx dedi: - Bu söz-söhbət, bu danışıq, qeylü-qal,

Biz tərəfdən həll oldu, qurtardı cəngü-cidal.60

Bu işdə sirr belədir, Haqqımdan xahiş etdim,

Haqqım yolu göstərdi, mən həmin yolla getdim.

Dedi: - Haqqım söylədi: - Baxma azdır o dinar,

Uşaq üçün ayrılan bir paydır günahı var!

- Ey qardaş, həmin uşaq öz gözündür, tökmə dil,

Kamına çatmağını uşaq fəğanında bil.

Qəlbi incitmək ilə bir kama çatmaq olmaz.

Itaət etməməklə məqama çatmaq olmaz.

Əgər istəyirsənsə çətinliklər həll olsun,

Məhrumların tikanı gülə dönsün, gül olsun.

Əgər istəyirsənsə, sənə xələtlər çatsın,

Gərək uşaq göz yaşı, qəlbinə təsir etsin?!


Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin