Yoxlayanlar qarşısında Loğmanın ağlı-kamalı və cəsarətinin zahir olması
O Loğmanın ağası onu tanıyan kimi,
Ona bir bəndə oldu, sevdi onu can kimi.
Ona hər bir təamı gətirəndə yeməyə,
Bir adam göndərirdi, Loğmana da deməyə.
Loğman xörəyə tərəf uzadan kimi əlin,
Ağası da o anda yeyirdi öz yeməyin.
Loğman xörək yeyəndə, ağa şura gəlirdi,
Hansını yemirdisə bayıra əndərirdi.
Könülsüz iştahasız yeyirdisə xörəyi,
Qaşları çatılırdı, döyünürdü ürəyi.
Yemiş gətirmişdilər xacə üçün ərməğan,
Lakin Loğman yox idi, o pay verilən zaman.
Xacə dedi qulama, ey filanı, ey filan?!
Tez get Loğmanı səslə, bura gəlsin o, haman!
Elə ki, Loğman gəlib, qarşısında oturdu,
Xacə əlində bıçaq, yemiş kəsməyə durdu.
O Loğmana elə ki, dilim kəsib verirdi,
Loğman həmin dilimi, şəkər, baltək yeyirdi.
Ləzzətlə yediyiyçin, verirdi ikincisin,
Ki, çatsın «on yeddiyə» Loğman doyunca yesin.
Qalmışdı bircə dilim, dedi: - Bunu yeyim mən,
Baxım yemişin dadı necədir, yoxlayım mən?!
Beləcə şirin-şirin, zövq ilə yeməsindən,
Iştaha açılırdı, yeməyin həvəsindən.
Axıracan yeyən tək, zəhəri təsir etdi,
Həm dili qabar çaldı, hülqumunu qurutdu.
Bir saat huşsuz qaldı, onun açılığından,
Sən ey cahanın canı, deyə, soruşdu ondan?!
Necə qəbul eylədin, bu qədər zəhəri sən?!
Lütf ilə qəbul etdin, bu qədər qəhəri sən?!
Bu necə səbr eyləmək, necə buna dözmüsən?!
Canına düşmənmisən, məgər candan bezmisən?!
Neçin hiylə gəlmədin, bəhanə gətirmədin?!
Üzürlü səbəbim var, imkan ver, sən demədin?!
Dedi: - Sənin əlindən nemətlər çox almışam,
Çox bəxşişlər yemişəm, xəcalətdə qalmışam.
Mən də xəcalət çəkdim, bir acı şey nədir ki?!
Alıb, yeməyim səndən, bu mərifətdəndir ki?!
Çün bütün əzalarım sənin ənamlarından,
Böyüyüb boy atmışdır, qurduğun damlarından.191
Çünki o bəxşişlərin bədənimi böyütmüş,
Sənin əkdiyin tumlar, cücərərək boy atmış.
Əgər bir acılıqdan, eyləsəm dadü-fəryad,
Yüz dəfə kül başıma, olsun hər işim bərbad!
Sənin o bağışlayan əllərinin şəkəri,
Yemişdə nə acılıq qoymuş, nə də zəhəri.
Məhəbbətdən acılıq şəhd ilə şəkər olar,
Məhəbbətdən mis dönüb qızıllaşar, zər olar.
Məhəbbətdən xılt olan, süzülərək saflaşar,
Məhəbbətdən ağrılar, üzülər şəfalaşar.
Məhəbbətdən tikanlar, qönçələnib gül olar,
Məhəbbətdən sirkələr, dəyişərək «mül»192 olar.
Məhəbbət dar ağacın çevirər, taxt eyləyər,
Məhəbbət bədbəxtliyi döndərər, bəxt eyləyər.
Məhəbbətdən zindanlar çevrilib gülşən olar,
Məhəbbətsiz Cənnət də çevrilib gülxən193 olar.
Məhəbbətdən alovlar şəfəqin nuru olar,
Məhəbbətdən div dönüb, bir mələk, huri olar.
Məhəbbət daş olanı çevirib, kərə edər,
Məhəbbətsiz mum olan, bir dəmirə çevrilər.
Məhəbbətdən qəm dönər sevincə, şadlıq olar,
Məhəbbətdən mağara dönüb, abadlıq olar.
Məhəbbətlər san, canı çevirib nuşluq edər,
Məhəbbət şir olanı, çevirib, muşluq194 edər.
Məhəbbətdən xəstəlik çevrilib, səhhət195 olar.
Məhəbbətdən qəhərlər çevrilib, rəhmət196 olar.
Məhəbbətdən ölülər dirilib zində197 olar.
Məhəbbətdən şah olan dəyişib, bəndə olar.
Bu məhəbbət, bu sevgi bilikdən bəhrələnər,
Biliksiz şəxs nə zaman, belə taxta yələnər?!
Elmi naqis olanlar eşqi haradan doğar?!
Qeyri-üzvü maddətək, doğsa yarıcan doğar!
Qeyri-üzvü maddənin rəngin görmək olarmı?!
Fıştırığın səsində məhəbbət hissi varmı?!
Biliyi naqis olan belə fərqləri bilməz.
Şübhəsiz Günəş ilə, işığı fərqləndirməz.
Naqisi məlun198 saymış, Rəsuli-Əkrəmimiz,
Ağlı naqis olanın, təfsiri199 olmaz təmiz.
Tən əgər naqis olsa, ölüb olar rəhmətlik,
Ləyaqətli mərhuma layiq olmaz lənətlik.
Ağlı nöqsanlılıq da, tez inciyən naxşıdır,
Lənət səbəbkarları gendə olsa yaxşıdır!
Kamillikdən, aqillik uzaq olmadığından?
Bədən kamilliyi də, uzaq olmaz heç ondan.
Küfr ilə fironluluq, hər kafirlik, tərslilik,
Ağlın naqisliyindən, yaranmış, hər bir pislik.
Bədəni nöqsanlıya sevinc, fərəhlər gələr,
«Kor- şilə günah gəlməz» belə demiş, nəbilər.200
Göydən enən ildırım, hədsiz, bivəfa olar,
Cavid olmayan enmə, bil ki, bisəfa olar.
Ildırım işıq «gülsə», kimə gülər, bir söylə?
Həmin şəxsə gülər ki, qəlbi nura əyilə.
Ildırımın nurları, peyləri vurulan tək,
Həm şərqə, həm də qərbə, təsiri qırılan tək.
«Yəktəful-əbsara»201 bil, özünün şimşəyini,
Öz bəsirət gözün bil, baqi202 nur çiçəyini203
Dənizin lap dibinə, atını sürüb baxmaq,
Məktubu ildırımın işığında oxumaq,
Hərislikdən üqbanı,204 sonuçu görməməkdir,
Öz qəlbinə, ağlına, san, özünə gülməkdir.
Aqibət görmək kimi, ağılsa xasiyyətdən,
Elə nəfsdən yaranmış, xəbərsiz aqibətdən.
O nəfsin, nəfsinə gər, nəfs məğlub olmuş olsa,
Müştəri205 də, Zöhələ206 nəhs mattək qalmış olsa,
Sən belə bu nəhslikdən, nəzərlərini qaytar!
Sənə nəhslik edənə, nəhs gözlərini qaytar!
O nəzərlə baxırsa çəkilmə, qabarmaya,
Nəhslikdən lağım atar, xoşbəxt ömür sürməyə.
Ondan səni qaytarar, haldan hala gətirər,
Zid ziddi tapan kimi, başqa hala ötürər.
Əgər çətinliklərdə qorxuları görməsən,
Rahatlıq, sərvət, rifah, lütflər tapa bilməzsən.
Sənin qorxun doğarsa, «zatül-şümal»dan,207 yəqin,
Mərdlərə ötürəcək «zatül-yəmin»208 ləzzətin.
Ki, olsun iki qanad, çünki tək qanadlı quş,
Uçmaz tək qanadıyla, belə quş aciz olmuş.
Mənə köməklər göstər ki, olmayım bikəlam,
Ya da ki, hökmünü ver, sözümü edim tamam.
Yoxsa həm bu, həm də O, olsa fikrində əgər,
Kim nə bilər məqsədin nədir, nədən bəhs edər?!
Ibrahim canındakı nur qədər, bir nur olsun,
Ki, atəşlər içində, gül-çiçəklər doğulsun.
Pillə-pillə yüksəlib ay üstünə qalx sən də,
Qalmayasan həlqə tək, qapıların üstündə.
Xəliltək bilməlisən, yeddinci göyün dilin,
Ötüb keçə biləsən «La ühübbül-afilin».209
Bu bədən dünyasında, qəhətlər yüz-yüz oldu,
Ona görə şəhvətin əyri beli, düz oldu.
Dostları ilə paylaş: |