Sufilərin yeyib-içib əylənmək məqsədi ilə səfərdə olan bir sufinin ulağını satmaları
Eşit, hədsiz qorxulu olan bu hekayəti,
Ki, sən başa düşəsən, təqliddəki66 afəti.
Sufi səfər zamanı bir xanəgaha67 çatdı.
Mindiyi heyvanını, axura tərəf dartdı.
Əvvəl bəhs etdiyimiz, o sufinin əksinə,
Bu sufi ulağının baxdı ot-ələfinə.
Xəta baş vermələrdən ehtiyat etdi, yenə.
Əgər qəza gələrsə ehtiyatın xeyri nə?!
Sufilər pul- parasız, kasıb dərviş idilər,
Kasıblığın üzündən küfrə tərəf getdilər.
Ey var-dövlət sahibi, özün toxsan gülmə heç,
O dərdli kasıbların qüsurundan sən yan keç.
Sən həmin sufilərin günahını bağışla.
Qonağın ulağını, satdılar canla-başla.
Can boğaza yığılsa, oğurluq haram deyil,
Fitnə-fəsad çox olsa sülhü də lazımlı bil.
O çətin qəmli dəmdə satdılar o ulağı.
Yemək-içmək alaraq, doldurdular otağı.
Yayıldı xanəgaha, sevinc, səs-küy vəlvələ,
Bu gecə yemək-içmək, keyf də olacaq hələ.
Nə qədər səbr edərik, bu günlərdən nə qalar?!
Bu zənbildən nə qədər, neçə yüzlər boşalar?!
Biz də xalq övladıyıq, canımız vardır bizim.
Bu gecənin dövləti, xanımız68 vardır bizim.
Batillik toxumunu məcburən əkirdilər,
Can olmayan bir yerdə, can adı çəkirdilər.
Uzaq yol gələn qonaq, burda dincələn qonaq,
Bu «qəbulu», hörməti görüb oldu qəlbi dağ.
Sufilər ona bir-bir hörmət göstərirdilər,
Nərddə ona uduzub «xidmət» göstərirdilər.
Biri əl-ayağını tumarlayıb ovurdu,
Biri hal-əhval edib, yanında otururdu.
Birisi yatağından toz-torpağı çırpırdı,
Başqası yalancadan əl-üzünü öpürdü.
Dostları ilə paylaş: |