Süleymanın xəbər məktubunu Şanəbubun təzim edərək Bilqeyisə çatdırması
Yüzlərlə rəhmət olsun, Bilqeyisin ruhuna,
Ki, Tanrısı vermişdi, yüz kişi ağlı ona.
Bir şanəbub məktubu ünvanına yetirdi,
Süleymandan xəbərlər, Bilqeyisə gətirdi.
Nöktə- nöktə oxudu, həmin naməni ona,
Həqarət eyləməsin, Onun rəsulluğuna.
Gördü can simurğunu, şanəbubun üzündə,
Özünü köpük bildi, onun qəlb dənizində.
Ağıl, duyğu gücüylə, tilsimlə çəngbəçəngdə,
Sanki Rəsul Məhəmməd, Bu Cəhllərlə cəngdə.
Kafərlər Əhmədi də, bir bəşər tək bilirdi,
«Şəqqül- Qəmər» sirrini, onlar görə bilmirdi.
Qadının əndamını, öz hiss gözündən sil sən,
Duyğunun gözlərini, ağlın düşməni bil, sən!
Duyğu gözün Tanrımız, hissin korluğu saymış.
Ona bütpərəst demiş, qolun zorluğu saymış.
O köpük gördüyündən, dərya- dəniz görmədi,
Bu günü gördüyündən, sabahı düz görmədi.
Sabahın xassəsi də, indi onun yanında,
Tək iyirmi dörddən bir, xəzinə vardır onda.
O, Günəşdən təkcə bir zərrə, xəbər gətirir.
Günəş həmin zərrəyə, qul tək qulluq yetirir.
O vəhdət dənizindən, bir damlanı göndərir.
Yeddi dəniz, cəld olur, həmin damlaya əsir.
Torpağın qucağında, etsə hərəkət əgər,
Qədəm dəyən torpağa, baş qoyacaq Fələklər.
«Izəssəmai şəqqət»,213 hansı güclə yaranar?!
Bir gözünü açantək, torpaq oda qalanar!
O lətafət gözəllik, sən bil ki, sudan deyil.
Rəbbinin ətasıdır, ondan qeyri, san, deyil!
O torpaq ki, göylərdə, tələsərək seyr edər.
Torpaq dərdin gücündən, sular altına enər,
Hava ilə atəşi, endirəndir aşağa,
Tikanı gül qəlbinə, keçirəndir o Ağa!
Hakimdir, iş görəndir, hər şeyi əyəndir O!
Həmçinin göz dərdini, dərman eyləyəndir O!
Hava ilə atəşi, endirsə yerə əgər,
Qaranlıqlar, ağrılar, əziyyətlər gətirər.
Əgər torpaqla suyu, qatsa biri- birinə,
Dünyanın gərdişini alt- üst edəcək yenə.
Yox bir kəsdə hünər ki, desin nə üçün, nədən?
Bu yolda qana dönmüş, çox ciyərlər əzəldən.
Sonucda bəlli olar, «Tuizzumən təsau»!214
Sənsən mülkləri verən, qaytaran, alan Yahu!
Oda O söyləmiş ki, yaransınİblis, səndən,
Yerin yeddi qatında,İblis, hiylənlə ol sən!
Gil Adəmə söyləmiş, qalx səmalar üstünə!
Ey sən atəşliİblis, ulduzlara qalx yenə!
Dörd xasiyyətlə, səbəb, Mən birinci deyiləm!
Hücumda, zəbt etməkdə, həmişə güclü ələm!
Mənim işim səbəbsiz, birbaşadır- birbaşa!
Həvəsləndirənim yox, ey yalançı, bu işə!
Özümün adətimi, vaxtında qaytarım Mən!
Bu toz ilə torpağı, qarşımdaca sərim Mən!
Dənizlərə deyim ki, odla dolub, odla daş!
Atəşlərə deyim ki, gül- çiçək aç, gülzarlaş!
Dağlara söyləyim ki, yun təkin yumşaq ol sən!
Asimanlara deyim, en qarşımda tağ ol, Sən!
Deyim ey dədə Günəş, Ayı daha yaxın çək,
Hər ikisin eyləyim, iki qara bulud tək.
Günəşin çeşməsini qurudum, eyləyim xüşk,
Qanın çeşmələrini, fənd ilə eyləyim müşk!
Günəşlə Ayın belə, «iki qara camış» tək!
Boynuna giv bağlayım, edim camışla xış tək!
Dostları ilə paylaş: |