Bir Türk əmirinin yatan zaman ağzına ilan girən şəxsi döyərək incitməsi
Ata minən bir aqil, bir məkandan keçirdi.
Yatan şəxsin ağzına, ilanı girən gördü.
Atlı bunu görən tək, tələsdi həmin yerə,
Bəlkə ilanı çəkə, qoymaya ağza girə.
Elminin çoxluğundan, işin sonunu gördü,
Dəmir gürzlə yatana, bir neçə zərbə vurdu.
Ağır yatan yuxudan, sıçrayaraq oturdu,
Bir atlı Türkü gürzlə, başı üstündə gördü.
Yatan ağır zərbədən, tez sıçradı ayağa!
Heyrətə gəlib dedi:- Nə edirsən ey ağa?!
Həmin Türk düşmən kimi, gürzlə vurdu yenidən,
Davamlı vurduğuyçun, sıçradı şəxs yerindən.
Gürzlə bərk- bərk vuraraq, onu qovaraq yordu,
Döyülən şəxs qaçaraq, bir ağac altda durdu.
Ağac altı dolmuşdu, çürümüş almalarla,
Əmr etdi ye bunları, mədən dolsun onlarla.
Çürümüş almaları, o qədər ona verdi,
Almaları ağzından, artıq tökülən gördü.
Şəxs bağırıb deyirdi:- Axı nədən ey əmir?!
Sən qəsdimə durmusan, nə etmişəm söylə bir?!
Qəsdin öldürməkdirsə, canımı almaqdırsa?!
Qılıncla tök qanımı, əgər arzun vardırsa?!
Həmin o saatda kı, gözünə görünmüşəm,
Bir bədbəxt kimiyəm mən, döyülməkdən ölmüşəm.
Cinayəti, günahı, bilmədən döyülürəm!
Kafirə layiq deyil, bəlkə də belə sitəm.!
Sözlərimlə birlikdə, qan fişqırır ağzımdan!
Ey Tanrım cəzasın ver, nə istəyir canımdan!
Daim qarğış edirdi, nifrinlər yağdırırdı,
Türksə qulaq asmayıb, daim onu vururdu.
Atlı gürzlə vururdu, ağrıdan, o qaçırdı,
Yıxılırdı- dururdu, gözləri od saçırdı.
Boğaza yığılmışdı, süst idi, yuxlayırdı,
Ayağında, üzündə yüz min yara sayırdı.
Axşama dək gah qaçdı, gah da, durub uzandı,
Nəhayət qusmaq gəldi, yerindəcə dayandı.
Ondan xaric olurdu, nə zir- zibil yemişdi,
Qusuntularla birgə, ilan da yerə düşdü!
O gördü mədəsindən, düşən qara ilanı!
Səcdə edib tanıdı, xoş niyyətli olanı.
O qara qətran rəngli, çirkin ilanı görçək,
Belə ağır bəlaya onu salanı görçək,
Dedi:- Ey Türk sən özün Cəbrayıl- əminmisən?!
Ya da nemət vəlisi, Haqqsan göydən enmisən?!
Mübarək o saata, səninlə rastlaşmışam!
Ölmüş idim, yenidən, bil ölümdən qaçmışam!
Xoşbəxt o şəxs olar ki, görər sənin surətin!
Ya da sənlə rastlaşar, bilməz nədir niyyətin!
Ana uşaq gəzən tək, sən məni arayansan,
Başsız ulaqlar kimi, mən qaçan, sən qovansan!
Ulaq qaçar Tanrıdan, özü ulaqlığından,
Sahibi də ardınca, yük zəhər olduğundan!
Fayda ziyan dalınca, qaçmır onu axtarır.
Qurd onu öldürməsin, onu gürz ilə vurur.
Yaradan pak yaratmış, səni öz kərəmiylə,
Dalınca artıq- əskik, dedim məni əhf eylə.
Ey Haqqın xas bəndəsi, ey şahənşah, ey əmir.
Etməmişəm etiraz, cahilliyim etmişdir.
Zərrəcə əhvalımdan, olsaydı öz xəbərim,
Heç sənə artıq- əskik gələrdimi sözlərim?
Sən mənə əhvalımdan söyləsəydin bir xəbər?!
Dua- səna edərdim sənə, ey xoş xislət ər!
Lakin sən danışmadan, məni çox incidirdin,
Susub bir söz demədən, başa gürz endirirdin.
Başım gic oldu tamam, ağlım çıxdı qafamdan,
Ağlı az olan başım, oldu olan- qalandan.
Əhf eylə, ey xoş sifət, ey işi məqamı xoş,
Nə dedimsə keç ondan, çünki qafam «içiboş»!
Dedi:- Əgər desəydim, işarə eyləsəydim!
Qorxudan ödün sənin, partlardı söyləsəydim.
Sənə ilan haqqında, söyləsəydim bir xəbər,
Qorxundan can verərdin, ey halından bixəbər!
Rəsul Mustafa demiş:- Əgər desəm doğrusun,
Canda olan düşmənin, hiss etsəniz qorxusun.
Könlü tox olanlarda, öd qarışar zəhərlə,
Heç bir iş görə bilməz, beyni dolar qəhərlə!
Nə canında güc qalar, nə könlündə ehtiyac,
Bədəndə gücü olmaz, namaz qılmaz, qalar ac.
Sıçan kimi pişiyin, qarşısında yox olar,
Qoyun tək canavarın, qabağında düz qalar.
Daxildə hiylə qalar, üsullar yox, əzizim,
Söyləmədən qurtarım, budur sənə son sözüm.
Əbu Bəkir kimi mən, can rübabımı çalsam,
Davud kimi əlimi, dəmir içinə salsam,
O zaman çətinliklər, əlimdən düşüb gedər,
Qanadsız bir quş kimi, qanadın bərpa edər.
«Yədullahi fouğə, əydihim», Quranda var,
«Haqqın qüdrətli əli» əllər üçtündə olar.245
Xülasə «Mənim əlim», yəqin göylərə qalxmış,
Yeddinci asimandan, yüksəkliklərə qalxmış.
«Mənim əlim» dünyada, hünərini göstərmiş,
Oxucu, bir də oxu, «Şəqqül- Qəmər»246 hünərmiş!
Bu sifət göstərilsin, ağlı zəiflər üçün,
Zəiflərə qüdrətdən, rəvamı şərh verilsin?!
Özün bil sən, elə ki, yuxudan oyanırsan,
Savadsız əməlinlə, Haqqdan qəzəb alırsan!
Bu macəranı sənə, söyləsəydim mən əgər,
O dəm ruhun- canından, ayrılardı sərbəsər.247
O an səndə olmazdı, yemək üçün güc- qüdrət.
Nə qaçmağın olardı, nə qusmağa cəsarət.
Söyüşünü eşidir, ulaq kimi sürürdüm,
«Rəbbi yəssir»248 kəlməsin dodaqaltı deyirdim.
Səbəb haqda danışmaq, icazə verilməmiş,
Səni tərk eyləməkçin, məsləhət görülməmiş.
Hər zaman daxilimdə, bu kəlməni deyirdim.
«Nadan qövmə yol göstər» deyib, səni döyürdüm!
Səcdələr eyləyirdi qurtulan çəkirdi rənc249
Deyirdi:- Kaş Haqqımız mənə verəydi bir gənc.250
Tanrı onda verərdi, sənə şərəfli cəza,
Lakin sənin şükrünün, qüvvəsi yox hakəza.251
Haqqın şükrü söyləyər, ey olan mənə rəhbər,
Dodaqlarım qurumuş, oxumağa yox hünər.
Aqil düşmənçiliyi, bu sayaq ola bilər!
Onun zəhəri ruha, bir dayaq ola bilər!
Aqil düşmənçiliyi, səni xətaya salar,
Onun verdiyi zəhər, ruha bir «qida» olar.
Əbləhlərin dostluğu, səninçin bir əziyyət,
Bu hekayəni eşit, götür ondan nəsihət.
Dostları ilə paylaş: |