Ayı və ona etimad göstərib inanan əbləhin hekayəsinin davamı
Əjdahanın ağzından, ayı qurtulan kimi,
Həmin comərd kişidən xəbərdar olan kimi,
«Əshabi- Kəhf» iti tək, ayı da zarə gəldi,
Mərd kişinin dalınca, o da yola düzəldi.
Yorğunluqdan uzanıb, o müsəlman yuxladı,
Ayı qaravul çəkdi hər tərəfi yoxladı.
Yoldan keçən soruşdu: -Bu nə heyvandır belə?
Ey qardaşım yanında ayı hardandır belə?!
Əjdaha «hekayəsin» o kişiyə söylədi,
Belə əbləh heyvana bel bağlama, o dedi!
Əbləhlə dostluq etmək, düşmənlikdən daha pis,
Bildiyin hər hiyləni başa düşməz, tam dürüst.
Dedi:- Vallah həsəddən sən bunları söylədin,
Fərqliliyin nə eybi, mehrini gör, sonra din!
Söylədi:- Əbləhlərin mehri çox işvəlidir,
Mənim «həsəd aparmam» mehrindən yaxşıdır, bil!
Gəl mənimlə birlikdə qovaq əbləh ayını,
Ayıyla dostluq etsən, alacaqsan «payını»!
Dedi: - Get – get ey paxıl öz işinin dalınca,
Dedi:- Bəxtsizliyindən, xəbərin yoxdur məncə!
Ayıdan aciz olmam sən ey hörmətli comərd!
Sən burax onun başın, səninlə ollam həmdərd!
Səninçin qəlbim əsir, halını düşünürəm,
Belə əbləh ayıyla axırını görürəm.
Sənə görə əsərək, düşmüşəm əndişəyə,
Belə ayıyla getmə, tək- tənha sən meşəyə!
Qəlbim heç zaman əsməz, boş- mənasız işlərə,
Dediyim boş söz deyil, Haqq nuru enmiş yerə!
Möminəm Allah nuru işıq salmış qəlbimə,
Eşit sən diqqətli ol, ayıyla dostam demə!
Nə qədər söyləsə də o, qulağa almadı,
Dost sözün pisə yozdu, Haqqı yada salmadı!
Onunla görüşərək əl çəkdi məsləhətdən,
Dedi:- Daha mən getdim, sən dönməzsən niyyətdən!
Söylədi:- Get- get, daha olma mənim qəmxarım!
Az danış mərifətdən, var dosta etibarım!
Gedən təkrar söylədi:- Deyiləm düşmən sənə,
Arxamca gəlsən əgər, verrəm fayda mən sənə!
Söylədi yuxum gəlir, əl çək məndən düz yeri!
Dedi:- Son sözüm budur yadda saxla tədbiri!
Ki, yatanda olasan, ağıllı pənahında,
Anlaqlılar yanında, dostların ətrafında!
Onun yadına düşdü ataların misalı,
Əsəbləşərək ona, birdən dəyişdi halı.
Düşündü yəqin bu şəxs mənim qəsdimə durmuş,
Yaxud pul tamahı var, dilənçidir oturmuş.
Ya dostuyla mərc qoşmuş, məni yoldan döndərsin,
Sözlərlə qorxudaraq, dostlar arasın vursun.
Ya dostumun mehrindən həsəd qəlbini didir,
Belə ciddi- cəhd ilə, işə dəxalət edir
Başında xəbis fikir, tamah qaldı yerində,
Yaxşı bir güman yeri, qalmadı xatirində.
Başından xəbis fikir, tərpənmədi yerindən,
Xeyirli güman, fikir, keçmədi xatirindən!
Bütün zənn etdikləri, ayıda «yaxşı» idi,
Sanki o da ayıyla həmcins bir kişi idi!
Bədgüman əbləh idi, kobudluq peşəsiydi,
Bədbəxtlikdən həmişə, cahillik həvəsliydi.
Nacins, kinli, rəftarsız, əbədi bədbəxt idi,
Yolun azan, dikbaş, kor, zəlil, işi səxt idi.266
Ayını dost seçərək, onu ağıllı bildi,
Üzü qara, xeyirsiz, çürük fikirdə qaldı.
Ağıllını özünün ulaqlığından, atdı,
Ayını dostu bildi bədbəxtliyin unutdu.
Dostları ilə paylaş: |