Мювлана ъялаляддин


Bir «bağbanın» sufini, fəqihi və ələvini bir-birindən ayırıb cəzalandırması



Yüklə 2,29 Mb.
səhifə59/125
tarix03.01.2022
ölçüsü2,29 Mb.
#44385
1   ...   55   56   57   58   59   60   61   62   ...   125
Bir «bağbanın» sufini, fəqihi və ələvini bir-birindən ayırıb cəzalandırması
Bir bağban öz bağına, diqqətlə nəzər saldı,

«Üç oğru»nu bağında, görərkən mətəl qaldı.

Bir fəqihlə, bir sufi, bir də bir nəfər Şərif,276

Hər biri zarafatcıl, danışıb-gəzən hərif!

Dedi:- Bunlarla mənim yüz mübahisəm olar,

Onlar həm cəm halında, həm xalqın hörməti var!

Birlikdə gələ bilməm, onların öhdəsindən,

Gərək ayrı salım mən, onları bir-birindən.

Onların hər birini, bir tərəfə salım mən,

Ayrı salandan sonra, bığlarını yolum mən!

Hiylələr işlədərək, sufini yola saldı,

Dostlarından ayırdı, dostun biri azaldı.

Dedi:- Get xatircəm ol, inan mənim sözümə,

Dostlar oturmaq üçün, kilim gətir, qəm yemə!

Sufi getdi, xəlvətcə bağban dedi: - Ey dostlar!

Sən fəqihsən, o şərif, adınız-sanınız var!

Fitvanla çörək yeyib, bizlər ağzı dadlıyıq,

Bilik qanadınla biz, uçanıq, qanadlıyıq!

Sənsə şahzadəmizsən, hamımıza sultansan,

Mustafa nəslindənsən, seyyidsən, bizə xansan!

Kimdir o gedən sufi, xəsis, qarınquludur,

O, heç vaxt siz tək olmaz, qeyri yarın quludur.

O, gələn tək, siz onu, qovunuz aranızdan,

Bir həftə yeyin için, bağımda barımızdan!

Bağ nədir, can istəsəz, verərəm canım sizə,

Siz sağ gözüm kimisiz, ehtiyacım var gözə!

Onları aldadaraq, şübhə toxumu yaydı,

Təəccüblə dedilər: - Kaş belə olmayaydı!

Elə ki, o sufini, yola saldılar, getdi,

Ona qarşı kin artdı, sufinin işi bitdi!

O, dedi: - Sufi düşmən, köpək kimi dalaşqan,

Xalqın bağına girən, tez-tez çəpərlər aşan.

Cüneydin yola saldı, Bayazidin üstünə,

Hansısa şeyxdən, pirdən, qonaq gəlmişdir yenə,

Sufini tənha tapıb, onu doyunca döydü,

Yarım can eyləyərək, başın yararaq söydü!

Sufi dedi: - Başımda, mənim çatladı bəla.

Ey «dostlar»ım qorunun, siz düşməyin bu hala!

Məni əğyar bildiniz, diqqətli olun, bilin,

Əğyar bu namussuzdur, mən yox, siz ağla gəlin!

Yediyim zərbələrə, sizlər dözə bilməzsiz,

Belə zərbələri siz, düşmənə də vurmazsız!

Mənim başıma gələn, sizinkinə də gələr,

Sizlər də yeyərsiniz, belə qəmlər qüssələr!

Bu cahan bir dağ kimi, danışdığın kəlmələr,

Dağdan əks-səda verər, yenə üstünə gələr!

Sufiylə haqq-hesabı, edəndən sonra bağban,

Bir bəhanə eyləyib, hiylə qurdu nahaqdan.

Dedi: - Mənim «Sərif»im, get sən mənim evimə,

Günorta bişirmişəm, nazik çörək özümə,

Qulum Qıymazı çağır, ona sözümü çatdır,

Çörəyi sənə versin, çörək yemək həyatdır.

Şərif gedəndən sonra, dedi fəqih «dostu»na,

Fəqihliyin bəllidir, inanıram mən buna!

Lakin gedən o Şərif, pis əməl sahibidir,

Bilirsənmi anası, hansı yolları gedir?!

Qadınlara yaraşmaz, əməllərlə məşğuldur,

Ağıldan naqisdir o, yolu nalayiq yoldur!

O, özünü Əliyə, Nəbiyə yaxın bilir,

Yalan əməlləriylə, xalqı yolundan edir!

Kim ki, zina əhlidir, zinadan bəhrələnər,

O, onlarla dostlaşar, Tanrıya yaxın bilər!

Kim ki, özün fırladar, birdən dayanıb durar,

Evləri də özü tək, başa fırlanan görər!

Bağban çirkin sözləri, fəqihə deyən zaman,

Rəsul övladlarından, fəqih küsürdü yaman!

Olmasaydı mürtədlər, xalqı yoldan döndərən,

Rəsul qohumlarına, deyərdi ağza gələn?!

Fəqihi ovsunladı, yalan sözlərlə bağban,

Səfeh fəqih söylədi, Şərif qayıdan zaman,

Dedi: - Ey «ulaq», səni, bu bağa kim çağırmış?!

Sən «oğrusan», bu sənət, Nəbindən «miras» qalmış?!

Şirlərin babası da, özünə oxşar olar!

Söylə, Rəsula sənin, heç bir oxşarlığın var?!

O düşmən, Şərif ilə dolanbac söz danışdı,

Sonra təkləyib onu, başına oyun açdı!

Divlə, cinlər insana, kinlər saxlayan qədər,

Ali-Rəsullar ilə, Yezid zidd olan qədər,

Zülm edildi Şərifə, beyni dəyişdi həmən,

Gözləri yaşla dolu, fəqihə dedi: - Nədən?!

Belə etdin, tək qaldın, indi gücün yox tamam!

Nağara tək döyüldün, qarnına doldu təam!

Olmasam da Şərifə, layiq sirdaş və həmdəm,

Belə zalım şəxsdən də, mən qiymətsiz deyiləm.

Məni satdın çox ucuz, bu qərəzkar olana,

Axmaqlığın dəyişdi, mən düzü, bu yalana!

Bağban Şərifdən sonra, gəlib, dedi: - Ey fəqih!

Səndəmi fəqihmisən, ey səfehdən də səfeh?!

Verdiyin fitva bumu, sən ey əli kəsilmiş?!

Bilmədən nə var, nə yox, hökmün qəbul edilmiş!

Əbu Hənifə vermiş, belə fitvanı sənə?!

Ya da Şafei vermiş, ixtiyarı əlinə?!

Belə icazələri, «Vəsit»277də oxumusan?!

Ya da bu fitvaları, «Mühit»278 də oxumusan?!

Bunu deyib əl açdı, fəqihi döyəclədi,

Vurdu-vurdu qəlbindən, kini xaric eylədi!

Fəqih dedi: - Vur məni, gücün çatır nə qədər,

Belə «dostluq» pozana, layiq bu cür zərbələr!

Mən layiqəm cəzaya, bu əməlim, işimlə,

Çünki tez bir zamanda, «dostluğ»a etdim həmlə!

Əfsus tez qulaq asdım, sənin hiylənə uydum,

Kül olsun başıma ki, əl üstünə, əl qoydum!

Xülasə bağban onu, o ki, var əllə döydü!

Bağdan qovub bağladı, onu bayırda qoydu!

Hər kim öz dostlarından, ayrılıb tənha qalsa?!

Başına pis iş gələr, özü hər yerdə olsa!



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin