Şahın ikinci qulun hal-əhvalı ilə maraqlanması
Elə ki, qul yuyunub isti hamamdan çıxdı,
Şah onu qarşısına çağırıb əlin sıxdı.
Dedi: - Ey mənim qulum, həmişə təmizlikdə,
Lətafətli, xoş üzlü, həm hünərli bilikdə!
- Əvvəlki qulu o şah göndərib iş dalınca,
Ki, bu qulla otursun danışdırsın doyunca!
Yanında əyləşdirdi, yüz cür lütfi-kərəmlə.
Ey zülmətdə olan «ay», söylədi ehtiramla.
Sən ey ay kimi üzlü, qıvrım saçlı, ətirli,
Yaxşıların yaxşısı, xoş xasiyyət, səbirli.
Ey kaş o xasiyyətlər, heç olmayaydı səndə,
Onun söylədikləri tapılmayaydı səndə.
Sənin surətin görən şadlanıb sevinərdi,
Səni görmək elə bil, bir cahana dəyərdi.
Dedi: - Sən həmin şəxsdən, ey şah rəmzləri söylə,
Dalımca danışandan, puç kəlmələri söylə!
Dedi: - Əvvəl vəsf etdi, ikiüzlülüyünü,
Açıqca bəyan etdi, qeyri düzlülüyünü.
Qul şahdan eşidən tək, dostun «xəbis» sözlərin,
Dərya tək təlatümə gəlib tökdü zəhərin.
Ağzı köpüklənərək gah qızarıb, gah coşdu,
Həcvinin dalğaları həddini aşıb-daşdı.
Dedi ki, mənlə onun ilk dostluq zamanında,
Acından təzək yeyən, köpək kimiydi onda.
Elə ki, dayanmadan o, dostunu həcv etdi,
Şah əl qoyub dodağa, dedi: - Sus söhbət bitdi!
Dedi: - Daha danışma, başa düşdüm, tökmə dil,
Sənin canın iylidir, onunsa dişləri, bil!
Indi sən uzaq əyləş, ey çürük canlı qulam,
O sənə əmir olsun, ey dəliqanlı qulam.
Burda böyüklər demiş: - Bu dünya qucağında,
Insan rahatlıq tapar, dilin qorumağında.
Hədisdə söylənilmiş: - Dua özü riyadır,
Aldadıcı yaşıllıq kimi, o da röyadır.
Xülasə dərk eylə sən, surət əgər gözəlsə,
Sanki tasdır parlayır, içində iyli nəsə!
Surət eybəcərləşib çirkin olarsa əgər?
Xasiyyəti yaxşısa sənə gözəl görünər.
Səhəngin nəqşi ilə eşqbazlığın əbəsdir,
Indi saf sular axtar, səhəngdən əl çək, bəsdir!
Nə vaxta dək surətə aşiq olarsan, söylə?
Məna tələb edən ol, axtar gecikmə böylə.
Zahiri surətlərin, sonu fənalıdır, bil!
Məna aləmini tap, o aləm əbədidir!
Əgər surəti görsən, mənadan qəflətdəsən,
Əgər ağıllısansa, dürr ara sən sədəfdən.
Qəlib olan sədəflər, dünyanın sirridirlər.
Can dənizi gücündən, baxma ki, diridirlər.
Lakin yaxşı başa düş, hər sədəfdə yox, gövhər,
Aç gözün hər sədəfin daxilinə sal nəzər.
Birində nələr vardır, digərində seç nə var?!
Kimyanın təsirindən, qiymətli dürr yaranar.
Əgər surətə baxsan, oxşar bir dağ şəklinə,
O ləldən yüz qat böyük, inan böyüklüyünə.
Həm surətin, həm cismin, əlin-ayağın ilə,
Sənin gözün nəqşi də, yüz qat çox olmuş, böylə!
Lakin heç qalmaz gizlin, bu işlər, belə sözlər.
Çünki, üzvün cəmindən, seçmisən qoşa gözlər!
Daxilindən yüksələn bir fikir, düşüncədən,
Yüz dünya bir anlıqda, alt-üst olar, bəs nədən?!
Surətlə bir olarsa, Sultanın cismi əgər,
Yüz min qoşununu Haqq, sular altına çəkər.
Şəkli-surəti əgər təmiz olarsa şahın,
Gizli fikrin hökmüylə, tapa bilər pənahın.
Əbədi olan məxluq, bir fikirdən yaranmış,
Sel kimi aşıb-daşıb, yer üzünə calanmış.
Ağıllı xalq yanında, o düşüncə yaşayar,
Lakin vaxt gələr yenə sel tək yuyar aparar.
Dünyada xalqlar sürü, Tanrı onun «çobanı»,
Gecə-gündüz qaçırar, olmaz yatıb, qalanı.
Xülasə gördünmü sən, fikirdən yaranmısan?
Onçun da bu dünyada sənətdə yer almısan!
Binalarla, qəsrlər, say-hesabsız şəhərlər,
Dağlar ilə səhralar, dəryaçələr, nəhrlər,
Həm torpaq, həm dənizlər, həm Günəş, həm də fələk,
Onun gücüylə diri, dənizdə balıqlar tək!
Bədənin Süleymantək, fikir «qarışqa» kimi,
Bəs neçin əbləhlikdən, korsan görmürsən elmi?!
Gözünün qarşısında böyüyür bir şar kimi,
Fikir özü Süleyman, bədən canavar kimi.
Aləm sənin gözündə əzəmətli bir qorxu,
Bulud, şimşək, işıqdan, titrəyişdən sirr qorxu!
Fikir dünyasındasan, ey, ulaqdan da fərsiz!
Qoruyanın var sənin, daş kimisən xəbərsiz!
Fırıldaq olduğundan, ağıldan bəhrəsizsən,
Insansan, qılığın yox, sən ulaqla əkizsən,
Mütləq cahil kimisən, ağıla biganəsən,
Ətrin, qoxun yox sənin, fitrətən divanəsən!
Kölgəni şəxs görürsən, çünki cahil kimisən,
Bu səbəbdən şəxsi, sən bir oyuncaq bilmisən?!
Alov qeybdən yaranan, bilinməz heç zümrəsi,
Lətafət də var onda, qəlbi oxşar xoş səsi.
Əgər cismə qonmasa, yapışmasa kəsafət?
Göz ayırd edə bilməz, necə olur lətafət.
Yenə gücü artıqdır, təsirlisə göz əgər,
Minlərlə külüng, balta, qılıncı da üstələr.
Gözlə o günə qədər, o gün ki, fikri-xəyal.
Hicabsızlıq artırar, açar yenə pərü-bal.120
Görərsən dağları sən, olmuş yun kimi yumşaq,
Yox olmuşdur bu məkan, soyuq-istilə torpaq!121
Nə səmanı görərsən, nə ulduz, nə də vücud,
Yox Allahdan qeyrisi, diri qalan bir vüdud.122
Doğru ya da ki, yalan əfsanə düşdü yada,
Ki, açsın həqiqətə, üfüqlər bu dünyada.
Dostları ilə paylaş: |