Hanı ulaqda dil ki, danışsın ağrısından?
Karvançıların sufinin ulağının xəstə olmasını güman etmələri
Sufi elə ki, mindi ulağa yola düşdü,
Ulaq yıxılıb-durdu, karvandan dala düşdü.
Görəndə xalq ulağı, tez halın bilirdilər,
Xəstəliyin hiss edib, əhvalın bilirdilər.
Birisi qulağını bərk-bərk tutub bururdu,
Qeyrisi ayağının altına əl vururdu.
Biri nalına baxıb orda səng31 axtarırdı.
Qeyrisi gözlərində başqa rəng axtarırdı.
Biri deyirdi: - Ey Şeyx, ulaq neçin bu gündə?!
Sən bizə demirdinmi, ulağım at gücündə?!
Dedi: - Ulaq bu gecə yalnız «La hövlü»32 yemiş,
Belə yerişdən başqa, getməz başqa bir yeriş,
Çünki ulağım gecə «La hövlü» sözün yedi,
Gecə duada, gündüz belə səcdə eylədi?
Insanların bir çoxu, adam yeyənə oxşar,
Salam-əleyklərindən yaxşı əməl az axtar.
Qəm vaxtı, dərdə şərik yanına olmaz gələn?!
Işini qurmalısan, özün-öz gücünlə sən!
Insanların qəlbində, divlər də yuva salar,
Az qəbul et hiylələr, o divlərdə hiylə var.
Divin div nəfəsindən «La hövlü» yeyən adam,
Həmin o ulaq kimi, axsayar qədəm-qədəm.
Kim dünyada aldansa divlərin hiyləsinə,
Dost sifətli düşmənin, təzim eyləməsinə,
Islamın yollarında, Siratın körpüsündə,
O ulaq tək axsayar, həmin körpü üstündə.
Pis dost işvələrini, belə qəbul etmə sən,
Ey mən olan, tələ bil, ona tərəf getmə sən!
Yüz min «la hövlü» deyən,İblis xislətlilər var.
Iblis xislət insanlar, ilan tinyətli olar.
Səs ucaldıb söyləyər, mənim canım dostumsan,
Qəssab tək soya bilsin dərini asan-asan.
O qədər üfürər ki, dərini soyar atar,
Vay olsun o şəxsə ki, düşməndən zəhər dadar.
Baş qoyar ayağına, sanki bir qəssab olar,
Yumşaqlıqla qanını, axıtsın o, zar-zar.
Şir kimi öz ovunu, özün öz gücünlə et,
Əcnəbi işvələrin kənarlaşdır, özün get.
Namərd xidməti oxşar o mehtər xidmətinə,
Nakəsin işvəsindən tənhalıq yaxşı yenə.
Özgəsinin yerində özünə ev tikmə sən,
Öz işinlə məşğul ol, yada ağıl tökmə sən.
Biganələr kimdirlər?! – Sənin torpaq bədənin,
Onunçunmu qəmlisən, qəmin dərdin var sənin?!
Nə qədər ki, bədəni, piyləndirsən yağla sən,
Ruhunun cövhərini yağlı, ballı görməzsən.
Təni müşk arasında bəsləsən də sən əgər,
Ölən günündə yenə həmin bədən iylənər.
Müşkü bədənə vurma, sürt ürəyə, qəlbinə,
Zülcəlalın pak adı yanında, müşk nədir, nə?!
Kim riyakar bədənə müşk qoyub, müşk bağlayır,
Ruhunusa, şübhəsiz zibillikdə saxlayır.
Dilində Haqqın adı, riyakarlıq canında,
Çürük, iyli, küfr etmək, imansızlıq qanında.
Onun zikr etməsi də nəcis üstdə gül kimi,
Sanki nəcis üstündə süsənlə- sünbül kimi.
O şirinlik orada yəqin müvəqqətidir,
O gülü əvəz edən məclis eyş-işrətidir.
Yaxşılar hər vaxt gələr, yaxşıların yanına,
Xəbisliklər çəkərlər, xəbisləri canına.
Kindən yol azanlara, kinlər saxlama sən də,
Onlar dəfn olunacaq kinlilərin yanında.
Əsl kin cəhənnəmdir, kinin vardırsa əgər,
Dininin düşməninin səni bir üzvü edər.
Ayıq ol, cəhənnəmin sanki bir üzvüsən sən,
Üzvsənsə küllə tərəf, özün çəkmək istərsən.
Cənnət hissəsisənsə, ey ad-sanın məbədi,
Sənin eyş-işrətin də cənnət kimi əbədi.
Acılar acılarla yəqin ki, mülhəqq33 olar,
Batil nəfəsli necə, Haqqa yaxın, haqq olar?!
Ey qardaş, əgərsə sən, həmin fikirdə olsan,
Aqibətdə özün də dəri, sümük qalarsan.
Əgər fikrin gül olsa, özün olarsan gülşən.
Fikrin tikanlı olsa, sanki özün zibilsən.
Başına, ciblərinə gülab vursalar əgər?
Yaxud bir sidik kimi üst-başına səpsələr?
Əttarlar qarşısında, tabaqlara bir bax sən,
Cinsi öz cinsi ilə bir dost kimi görərsən.
Qurtarmaq yolu axtar, sən nacinslər əlindən!
Nacinslə söhbət etmək, pis olar gor evindən.
Cinslər öz cinsi ilə qarışaraq dost olmuş,
Bu cinslər birliyindən həyat zinətlə dolmuş.
Əgər qarışdırsalar udu,34 şəkər neyiylə,
Dəyişərlər iylərin, şübhəsiz bir-biriylə.
Tabaqlar da sınaraq o ruhlara dolarlar,
Yaxşıyla pis olanlar qarışıb bir olarlar.
Haqq göndərdi Nəbilər, elçi etdi onları,
Ayırsınlar kafəri, dindardan olar, barı!
Haqq göndərdi Nəbilər, kitabla, vərəq ilə,
Göylərdən bilikləri seçsin, gətirsin dilə.
Möminlərlə kafərlər, müsəlmanla cuhudlar,
Nəbilər olmamışdan tam bərabər idilər.
Onlar yox ikən bizdə hamı bərabər idik,
Kimsə bilə bilmirdi, biz yaxşı, yoxsa bədik.
Saflıqla, natəmizlik aşmışdı öz həddindən,
Cahan bir gecə idi, bizlər gecə yol gedən.
Nəhayət baş qaldırdı, Peyğəmbərlər günəşi,
Dedi: - Ey natəmizlik, ver saflığa hər işi.
Gözlər ayıra bilər, bir rəngi, başqa rəngdən,
Gözlər ayıra bilər, qızılı qara səngdən.
Göz tanıyar gövhəri, ayırar çördən-çördən,
Onçun da gözü deşər, çör-çöp düşdüyü yerdən.
Qəlb qızıl düzəldənlər, gecənin məşuqudur,
Mədəndə olan qızıl, gündüzün aşiqidir.
Çünki gündüz aynası vermişdir tərifini.
Özü görmək istəyir şərəfli təsvirini.
Haqq onunçun demişdir, «Qiyamət» həmin günə,
Qırmızı üzlə sarı, o gün bilinsin, yenə.
Çoxlü həqiqət söylər övliyalar o gündə,
Onun bir günlük mehri illərdən daha öndə.
O gün Haqq Rəsulunun sirri bilinər necə,
Onun ulduz şüası «gözü tikilmiş gecə»!
O səbəbdən buyurmuş Tanrı «Vəzzüha»sını,35
«Vəzzuha» əvəz etmiş nuri-Mustafasını.
Başqa kəlmələr onçun belə sevmiş «Zuha»nı,
Onlar Onun əksidir, təyin etmiş dühanı,
Yoxsa and içmək olmuş, faniliyə bir «ana»,
Fəna özü layiqmi Tanrının ətasına?!
Xəlildən,36 bizə qalmış, «La uhibbul afilin».37
Əgər istərsə fəna Uca «Rəbbil aləmin».
«La uhibbul afilin» demişİbrahim Xəlil,
Heç fəna istəyərmi, onunçun Rəbbi-Cəlil.
Yenə də «Vəlleyli»38dir, Onun öz Səttarlığı39
Həmçinin «gil» bədəndə Onun öz zəngarlığı.40
Günəşi çıxan kimi fələkdən o fələkə,
Gecə təniylə demiş: - «Səca mavəddəəkə».41
Varlığın bəlasından yol tapıldı vüsala,
O vüsalın zövqündən təşkil oldu «Ma qəla».42
Hər bir kəlmə, işarə, bir halət nişanəsi,
Hal özü bir «əl» kimi, söz alət nişanəsi,
Zərgər aləti olsa, pinəçinin əlində?
Sanki toxum əkilmiş, susuz səhra gilində.
Pinəçinin aləti olsa, kəndli yanında,
Sümük it önündə yox, sanki ulaq önündə.
«Ənəl Həqq» sözü nurdur, Mənsurun43 dodağında,
«Ənəllah»44 sözü nardır, Fironun dodağında.
Musa əlində olmuş, «əsa» həqiqət tapan,
Sehrçilər əlində «əsa» sanki bir saman.
Bu səbəbdən eyni bil, özünü yoldaşınla,
Əbədi mövcud olan Haqqı öyrən başınla.
Sən bilmədən nöqsanı, alət üstünə yıxsan?
Qığılcımlar sıçramaz, daşı çaxmağa çaxsan.
Əllə - alət elə bil, daşla-dəmir kimidir,
Hər vaxt cüt olmalıdır, cütlük «doğuş» rəmzidir.
Cütlük tapmayan bir şey, olar alətsizlik tək,
Düşmən məğlub edəcək, şəksiz, onları tək-tək.
Kim ki, iki-üç deyər, ondan artıq söyləyər,
Yəqin müttəfiq olar, vahidlik sözün deyər.
Çəpgözlük dəf olarsa, hamı eyni cür olar,
O iki-üç deyənlər, bir deyərək hürr olar.
Sən əgər «Bir»i desən Onun öz meydanında,
O çövqanın qaytarar, qalar sənin yanında.
Sözlər o vaxt saf olar, doğru olar, nöqsansız,
O, «Şahından» aldığı yaradan olsa cansız.
Ey çəpgöz, sən qulaq as, bunları yadda saxla,
Gözünün dərmanını, qulağınla al, yoxla.
Kor olan ürəklərdə, çoxlu pak kəlamlar var,
Dözməyib çıxar ordan, əsl Nura qovuşar.
Əyri qəlblərdən olan o «div» ovsunları da,
Əyri ayaqqabı tək, gedər əyri ayaqda.
Əgər hikmət sirrini təkrar-təkrar söyləsən,
Nakəs öyrənib bilər, çox üstün olar səndən.
Əgər yazsan hikməti, ona göstərsən haman,
Ya da laf eyləyərək, ona eyləsən bəyan,
O səndən üz döndərər, ey sən qovğa edən ər!
Qaçmaqçın düyünləri, qırıq-qırıq eyləyər!
Əgər sən oxumasan, görər yanğını, bihuş45
Qəmlə kədər olacaq əlində öyrənən quş.
Hər usta olmayanın, o quş önünə enməz,
Çünki Şah qızılquşu, kəndli evinə enməz.
Şahın öz qızıl quşunu əldən düşmüş, çirkin qoca qarının
evində tapması və qəmu-dərdə mübtəla olması hekayəti
Şahdan qaçan qızıl quş, haqqındadır hekayə,
Qonaq olmuş, bir çirkin, un ələyən qocaya.
Omac aşı bişirmək istəyirdi, oğluna,
Birdən şah qızıl quşu, qondu onun yanına.
Ayaqların bağladı, qanadların qısaltdı,
Dırnaqların kəsərək qüvvəsini azaltdı.
Dedi: - Qədir bilməzlər, sənə qulluq etməmiş,
Qanadın çox uzanmış, caynağını tutmamış.
Qulluq bacarmayanlar səni bimar46 edərlər,
Gəl «analar» yanına, səni timar47 edərlər.
Cahil məhəbbətini, belə bil, ey mənə dost,
Cahil əyri yol gedər, zərər vurar sənə, dost.
Əgər cahil adamın «dost» eşitsən dilindən,
Sonda əzab çəkərsən, onun cahilliyindən.
Bir gün Şah axtarışda azdı, axşama düşdü,
Gözü cahil qarının komasına sataşdı.
Birdən qızıl quşunu, toz-torpaq içrə gördü,
Ürəyi qübar etdi, ağladı, lap hönkürdü.
Dedi: - Hərçənd bu cəza, əməlinin bəhrəsi,
Mənə vəfasız çıxdın, bax, budur nəticəsi!
Cənnətdən cəhənnəmdə qaçıb, tutmusan qərar,
Çünki xəbərsizsən «La yəstəvi əshabünnar»48
Səriştəli, bilikli şahin, layiqmi sənə?!
Çaşıb tələsib qaçmaq, nadan qoca evinə?!
Bu çirkin, cahil qoca, sanki bu rəzil dünya,
Kim ona mayil olsa edəcək zəlil, dünya.
Dünya özü cahildir, cahilliyi seçəndir,
Ağıllı o şəxsdir ki, cahillikdən qaçandır.
Hər kim cahillər ilə daim olarsa həmraz,49
O da o günə düşər, necə düşmüşdür şahbaz.50
Qızıl quş qanadını, sürtürdü şah əlinə,
Sanki dilsiz deyirdi: - Gunahkaram, mən yenə.
Pislər hər vaxt zar olar, zar ağlayar hər ləim.51
Qəbul eyləsən yalnız yaxşını sən ey Kərim.52
Sən olmasan, zülmkar harda başını əyər?!
Dərgahından savayı, yerə heç baş əyilər?!
Şahın lütfü çox olsa, can cinayət axtarar,
Nadan cana yaxşılıq etsə, Şaha qabarar.
Yaxşılığı yerinə, etmə pislik sən ona,
Yaxşı əməl edərsən, pislik çıxar qarşına.
Özünün xidmətini, layiqli bildiyinçin,
Günahlar bayrağını, qaldırdın için-için.
Zikr etməklə, duanın, hökmü sənə verilmiş,
Duayla, zikr etməkdən, məğrurluğun dirilmiş.
Özünü Haqqın ilə danışanmı bilmisən?!
Çox belə gümançını, Haqqdan uzaq görmüsən!
Səninlə şah otursa, adi məkanda əgər,
Sən ələ al özünü, şah ədəbi çox sevər.
Qızıl quş dedi: - Ey şah, olmuşam çox peşiman,
Tövbəmi sən qəbul et, oldum yenə müsəlman.
Kimi məst etmisənsə olmuşsa şiri didən,
Məstlikdən yol azıbsa, ol, üzrün qəbul edən.
Baxma, caynağım getmiş, mənimlə olsan əgər,
Günəşdən «bayraq» belə, almağa gücüm yetər!
Baxma qanadım qısa, onu əgər bəsləsək,
Göylər özün itirər, görsə dövrəmi bişəkk,
Əgər kəmər bağlasam, dağı deşib keçərəm!
Əgər barmaq uzatsan, bayraqları biçərəm!
Axı milçək qədər də zəif olmaz bədənim?
Nəmrud mülkün qanadla, alt-üst edər bu tənim,
Zəiflikdə sən məni, Əbabillərə53 bənzət!
Düşmənə qarşı məni nəhəng fillərə bənzət!
Daşlar ataram ki, mən həm dağıdar, həm deşər!
Yüz mancanaq işini, o daşlar əvəz edər.
Baxma daşım miqdarda, noxud qədərdir düzü?
Lakin döyüş yerində nə baş qalar, nə özü.
Musa gəlmiş əlində sadə bir əsa ilə,
Məğlub etmiş Fironu düşmüş dillərdən dilə.
Tanrının hər Rəsulu təklikdə fəal olmuş,
Bütün səviyyələrdə qalib gəlib, ucalmış.
Nuh qılınc tək olurdu, çatırdı niyyətinə,
Tufan, dalğalar tabe, qılınc xasiyyətinə.
Əhməd özü təklikdə bir ordunu biçərdi!
Ay kimi göy üzünün alnın deşib keçərdi!
Ki, bilsin xəbərsiz Səd, ondakı güc-qüdrəti.
Dövrə onun dövrəsi, deyil Ay hərəkəti!
O Sənin dövrəndir ki, Musayi - Kəlimulla,
Arzulardı dövrəni, qeybdən gələn üsulla.
Musa bu gözəlliyi dövrəsində bilirdi,
Odur ki, səhər tezdən Təcəllanı görürdü.
Dedi: - Yarəb bu necə rəhmətlər54 şəfəqidir,
Rəhmətdən də irəli şəfqətlər55 şəfəqidir.
Musa baş vurub çıxmış, özü tək dəryalardan,
Əhmədin zamanından misal çək röyalardan.
Dedi: - Ya Musa bil sən, yollar açmışam sənə!
Gizli yolları öyrən, açdım, açaram yenə!
Sən həmin dövrələri, bunlardan bil ey Kəlim!
Ayağını çək geri, çox uzundur bu kilim!
Mən kəriməm, ruzilər, bəndəyə göstərirəm,
Bəndə görüb ağlayır tamahkarı görürəm.
Necə körpə əlini, sürtür ana burnuna,
Oyansın yuxusundan yemək yetirsin ona.
Uşağı ac qoyaraq xəbərsiz yatsa ana?
Yuxusunda hiss edər sancar qəlb yana-yana.
Gizli xəzinələri O olmuş bağışlayan,
Peyğəmbərlik bəxş edib, ümmətə olmuş hayan.
Can üçün axtardığın tapdığın hər kəramət?
Istədiyin məqamda O etmiş sənə qismət.
Əhməd də bu cahanda sındırdı çoxlu bütlər.
Ya Rəbb! deyən oldular sonda çoxlü ümmətlər.
Olmasaydı Əhmədin zəhməti bu cahanda?
Əcdadın kimi sən də olardın büt halında.
Bütə səcdə etməkdən bu başın ağla gəldi,
Büt adiləşdi, başlar Haqqa tərəf yönəldi.
Şükr etmək istəsən sən bu inkişafa eylə,
Batin bütə səcdədən çıxa biləsən böylə.
Elə ki, o bütlərə səcdədən can qurtardı,
Həmin o qüvvəylə də canı qəlbinə vardı.
Dinə şükr etmək üçün çıxıb atını çapdın,
Atalardan yadigar, qalan mirası tapdın.
Mirası sevən kişi, nə bilər qədrin malın,
Rüstəmlər zəhmət çəkdi, məccanı aldı zalın.
Mənim ağlamağımla, cuşa gələr rəhmətim,
Fəryada gələnləri sirab edər nemətim.
Ədalət istəsəm mən özüm nümunə ollam,
Necə bağlamışamsa, açıb qəlbinə dollam.
O xoş ağlamaqlara, mənim rəhmətim baxdı,
Elə ki, ağlanıldı, rəhmət dalğası qalxdı.
Buludlar ağlamasa çəmənlər gül bəsləməz!
Uşaqlar ağlamasa dodaqlar gülümsəməz!
Dostları ilə paylaş: |