Nitqindüzgünlüyü. Nitqin bu keyfiyyətindən bəhs olunarkən çox zaman göstərilir ki, düzgünlük həm yazılı, həm də şifahi nitqdə qrammatik qaydalara əməl etməkdir. Lakin nitqin düzgünlüyü üçün təkcə qrammatik qaydaları gözləmək kifayət deyildir. Qrammatikanı yaxşı bilən adamlardan elələrinə təsadüf edilir ki, onların nə yazdıqlarını oxumaq, nə də danışığını dinləmək, anlamaq mümkündür. Belələrinin nitqi cansız, təsirsiz və qüsurlu olur. Düzgün nitqə yiyələnmək üçün qrammatikanın qaydalarını bilməkdən əlavə, ədəbi dilin digər normalarına da riayət etmək lazımdır. Bunun üçün cümlələr məntiqi cəhətdən düzgün qurulmalı, oradakı fikirlər aydın olmalı, münasib sözlər seçilməli, həmin sözlər düzgün tələffüz edilməli, canlı sözün təsir gücünü artıran vasitələrdən yerində və məqsədəuyğun istifadə olunmalıdır. Nitqin düzgünlüyü üçün başlıca şərtlərdən biri ifadə edilən fikrin reallıqla bağlılığı, gerçəkliyin hadisə və predmetlərini olduğu şəkildə əks etdirməsidir. Reallıqdan uzaq, ona söykənməyən nitq hansı mövzuda olursa-olsun maraqsızdır, təsirsizdir, sönükdür.
Nitqin səmimiliyi.Natiq öz çıxışı ilə onu dinləyənləri inandıra, onların ürəyinə yol tapa bilməlidir. Bu o zaman mümkün olur ki, nitq həyat həqiqətləri, real hadisələr əsasında, qarşı tərəfin mənafeyinə uyğun qurulsun, onu razı salsın. Nitqdə reallıqdan uzaqlaşma, əsasən, iki səbəbdən irəli gəlir: birincisi, mühazirəçinin bilərəkdən faktları, hadisələri, onların səbəb və nəticələrini təhrif olunmuş şəkildə şərh etməsi. Nitqdə reallıqdan uzaqlaşmanın digər səbəbi danışanın nitq predmeti haqqında səthi məlumata sahib olmasıdır.
Nitqin zənginliyi.Bu, nitqdə işlənən dil ünsürlərinin müxtəlifliyi, rəngarəngliyi və çoxluğudur. Nitqin zənginliyi üçün başlıca meyar danışanın (yazanın) geniş söz ehtiyatına malik olmasıdır.Natiq hər hansı bir mətləbi aşkarlayarkən daha münasib sözlərdən – sinonimlərdən, antonimlərdən, frazeoloji birləşmələr və ibarələrdən, digər məcazlardan, intonasiya, üslubi vasitələr və sairədən məharətlə istifadə etməyi bacarmalıdır. Hər bir savadlı və mədəni şəxs daima öz lüğət ehtiyatının artırılması qayğısına qalmalıdır. Bunun üçün ən səmərəli vasitə radio və televiziya verilişlərini dinləmək və mütaliəni genişləndirməkdir. Nitqin zənginliyi və emosionallığını təmin edən amillərdən bir də intonasiyadır.Nitqin intonasiya baxımından zənginliyindən danışarkən sual, nida, əmr cümlələri, xitablar, ara sözlər, ara cümlələr və s. sintaktik quruluşların özünə müvafiq formada, təbii şəkildə tələffüz olunmasının vacibliyi də diqqət mərkəzində saxlanılmalıdır.