NAXÇIVAN
İNSAN HÜQUQLARI VƏ KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ MONITORİGİ (http://nakhchivan.org.az/)
PRESS-RELİZ
27 dekabr 2011-ci il
Naxçıvan, Azərbaycan
NAXÇIVANDA AXCP FƏALINA HƏBS OLUNDU
Dekabrın 26-da Naxçıvan şəhər məhkəməsində hakim Mehman Dünyamaliyevin sədirliyi ilə keçirilən məhkəmə prosesində AXCP fəalı Zeynalabdin Bağırzadə haqqında AR CM-in 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəm), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə 3 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. Məhkəmə proses Naxçıvan Muxtar Respublikası baş Prokurorunun təqdimatı əsasında keçirilib. Məhkəmədə dövlət ittihamçısı qismində MTN, FHN və Sərhəd Xidmətinin İstintaq ,Təhqiqat və Əməliyyat Axtarış Fəaliyyətində Qanunların İcrasına Nəzarət Şöbəsinin rəisi, ədliyyə müşaviri Əsgərov İlqar Bəylər oğlu iştirak edib. Bu barədə RATİ-nin Naxçıvandakı müxbiri, hüquq müdafiəçisi Elman Abbasov məlumat verib.
“Saat 11.00 Zeynalabdin Bağırzadə mənə zəng edərək prokurorluqda olduğunu bildirdi və oraya gəlməyimi xahiş etdi. Mən Muxtar Respublika Prokurorluğuna getdim və səlahiyyətli nümayəndə kimi onun yenidən izahatının alınmasında iştirak etdim. Bağırzadə verilən sualları cavablandıraraq ona qarşı sürülən ittihamları rədd etdi. Bir daha həqiqətən Çernobıl iştirakçısı olduğunu, bütün sənədlərinin qanuni olduğunu, ona qarşı səsləndirilən ittihamların qurama və siyasi sifariş olduğunu dedi ” , - deyə E. Abbasov bildirdi.
Hüquq müdafiəçisi deyib ki, sonra Z.Bağırzadənin izahatı baş prokurora təqdim edilmək üçün aparılıb. Bir neçə dəqiqədən sonra İ.Ələsgərov geri qayıdıb və cinayət işi açılacağını bildirib. Oraya vəkil dəvət olunub və Bağırzadə müvəqqəti olaraq vəkilə təmin edilib. Günün ikinci yarısı Z. Bağırzadə Naxçıvan Şəhər Məhkəməsinə gətirilib. Məhkəmə başlayarkən hakim CM-nin 447-ci maddəsini əsas gətirərək məhkəmənin qapalı keçiriləcəyini élan edib. Orada olan yerli jurnalist, hüquq müdafiəçiləri və digər şəxslər zaldan çıxarılıb və sonra proses davam etdirilib. Məhkəmə Muxtar Respublika Prokurorluğunun təqdimatını istintaq üçün zərurət sayaraq Zeynal Bağırzadənin 3 aylıq saxlanmasına qərar verib.
Hüquq müdafiəçisi əlavə olaraq qeyd edib ki, cinayət işinin materiallarında cinayət işinin açılmasında əsas kimi 1993-cü ildə Babək rayon hərbi komissarlığında çavuş vəzifəsində işləmiş Xəqani Rəhimovun izahatı və 2006-cı ildə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə verilmiş sorğu əsas götürülüb. İstintaq materiallarında qeyd olunur ki, güya sorğuya verilən cavabda Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən hərbi hissələrin nömrələri göstərilib. Z. Bağırzadənin hərbi biletində qeyd olunan hərbi hissənin nömrəsi isə həmin siyahıda olmayıb.
Bağırzadənin əleyhinə izahatı alınan Xəqani Rəhimov isə izahatında göstərib ki, 1993-cü ildə Z. Bağırzadə ona hərbi biletini təqdim edərək özünü vəzifəli şəxs kimi göstərib və onu Çernobıl qəzasının iştirakçısı kimi qeydiyyata salmasını istəyib. O, Bağırzadənin hərbi biletində saxtakarlıq edərək, Onu Çernobıl iştirakçısı kimi göstərib, bunun əsasında ona arayış təqdim edərək təqaüdə çıxmasına şərait yaradıb. Həmçinin istintaq materiallarında Z. Bağırzadənin təqaüd aldığı müddətdə saxta yolla dövlətin 18679.34 manat dövlət vəsaitini mənimsədiyi qeyd olunur.
: “Zeynal Bağırzadə Çernobıl əlilidir və 1986-cı ildən təqaüd alır, əgər saxtadırsa, onda bunu araşdırmaq niyə məhz indi yada düşüb? İndi deyirlər ki, Zeynalabidin Çernobılda olmayıb, saxta yolla vəsiqə əldə edib və dövlət vəsaitini mənimsəyib. Son vaxtlar onun siyasi fəaliyyəti güclənib. O, İctimai Palatanın Naxçıvan şöbəsinin yaradılmasında aktiv iştirak edib. O Nehrəmdə kifayət qədər nüfuza malikdir. Bundan qorxuya düşən yerli hakimiyyət bu vasitələrlə onu susdurmaq və Nehrəmdəki aktivliyin qarşısını almağa çalışır”. Bunu isə Z.Bağırzadənin qardaşı AXCP Naxçıvan MR təşkilatının sədri Yaşar Bağırsoy müxbirimizə deyib.
Qeyd edək ki, AXCP Naxçıvan Muxtar Respublika Təşkilatının sədr əvəz Y.Bağırsoy 7 noyabr 2010-cu il parlament seçkilərində 6 saylı Culfa-Babək Seçki Dairəsindən “AXCP-Müsavat” seçki blokunun namizədi olub. Seçki dövrü və seçkidən sonra ona və ailə üzvülərinə qarşı təzyiqlər başlayıb. Seçkilərdən sonra noyabrın 24-də Babək rayon icra başçısı E. Hüseynəliyev Z. Bağırzadənin fermer təsərrüfatı yerləşən sahəsinə gələrək, kəndin icra nümayəndəsinin, bələdiyyə sədrinin və Nehrəm Kənd Su Assosiyasının sədrinin, torpaq komitəsinin nümayəndəsinin yanında onu təhdid edib. Fermerin 6 hektar əkin sahəsinə 2000 ədəd meyvə ağacı əkilmiş bağına su verilməsi dayandırılıb. Nəticədə 4 hektar taxıl sahəsi və ağacların meyvəsi məhv olub, bağdakı ağacların bir qismi quruyub. Bununla da fermerə maddi və mənəvi ziyan dəyib. Bu səbəbdən iyulun 23-də fermer dəymiş ziyanın ödənilməsi tələbi ilə “Nehrəm Sudan İstifadə Edənlər” birliyinin sədri Cəmşid Həsənova qarşı Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıb. Sentiyabrın 13-də məhkəmə Z. Bağırzadənin iddiasının rədd olunması ilə bağlı qərar çıxarıb. Oktyabrın 11-də Z. Bağırzadə məhkəmənin qərarından Apellyasiya şikayəti verib və Apellyasiya şikayətini poçt vasitəsi ilə göndərdikdən sonra naməlum şəxslər tərəfindən bir gün ərzində o, iki dəfə döyülüb.
27 iyul 2011-ci ildə Nehrəmlilərin keçirmək istədikləri aksiya zamanı döyülən AXCP Naxçıvan MR Təşkilatının sədri və qardaşı döyülməkləri ilə bağlı polisə müraciət ediblər. Yaşar Bağırsoy və qardaşı Zeynalabdin Bağırzadə Bəbək rayon polis şöbəsində izahatları alınmaq üçün dəvət olunsalarda iki gün polisdə saxlanılıblar və orada polislər tərəfindən qəddarlıqla döyülüblər. iyulun 29-da azadlığa buraxılan hər iki şəxsin sağlamlığında ciddi problem yaranıb. Polis şöbəsində döyülərkən aldıqları zərbələrdən Yaşar Bağırsoyun sol gözü görmə qabliyyətini itirib, mədəsindən qan gəlib, böyrəkləri zədələnib, Zeynalabdin Bağırzadənin sol qulağından qan gəlib, eşitməsi zəifləyib, qabırğaları qırılıb. Polislər onun tibbi ekspertizadan keçməsinə şərit yaratmayıblar. Naxçıvanda olan həkimlərə etibar etməyən qardaşların müalicə almaları üçün muxtar respublikanı tərk etmələrinə icazə verilməyib.
Noyabrın 25-də AXCP Z. Bağırzadə yenidən Naxçıvan Muxtar Respublika Prokurorluğuna çağırılıb və dindirilib. Prokurorluqda Z.Bağırzadə Çernobıl qəzasında iştirak etmədən saxta olaraq Çernobıl əlili kimi təqaüd almaqda və bir neçə şəxsə də saxta Çernobılçı sənədi düzəltməkdə ittiham olunub. Z.Bağırzadə isə bunu qardaşının siyasi əqidəsinə və özünün son dövrlər siyasi aktivliyinə görə olduğunu bildirib. Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etdiyini, sənədlərinin düz olduğunu, dəfələrlə həkim ekspertizasından keçdiyini, xəstə olduğunu, həmçinin bu səbəbdən övladımın birinin də əlil olduğunu bildirmişdi.
MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN
Əlaqə üçün e-mail: nakhchivan.org.az01@gmail.com
Dostları ilə paylaş: |