Nitqin zənginliyi. Zənginlik nitqdə işlənən dil ünsürlərinin rəngarəngliyidir. Nitqin zənginliyi üçün başlıca meyar danışanın geniş söz ehtiyatına malik olmasıdır. Natiq hər hansı bir mətləbi aşkarlayarkən daha münasib sözlərdən- sinonimlərdən, antonimlərdən, frazeoloji birləşmələr və ibarələrdən, məcazlardan ustalıqla istifadə etməyi bacarmalıdır. Müəyyən rabitəli mətndə nə qədər çox müxtəlif və təkrarlanmayan söz, ifadə və cümlə işlədilərsə, həmin nitq o qədər zəngin olar, maraqla dinlənilər, asan dərk olunar, söz ehtiyatı zəngin olan, işlətdiyi hər söz və ifadənin mənasını yaxşı anlayan adam həmişə öz fikirlərini çətinlik çəkmədən sərbəst şəkildə ifadə edə bilir.
Hər bir savadlı və mədəni şəxs daima öz söz ehtiyatının artırılması qeydinə qalmalıdır. Bunun üçün səmərəli üsullardan biri radio və televiziya verilişlərini dinləmək və çox mütaliyə etmək vərdişləridir. Diktor, aktyor, söz ustalarının, natiqlərin danışıqlarını müntəzəm olaraq dinləmək, söz və ifadələrin, cümlələrin ifadə tərzinə diqqət yetirmək yolu ilə lüğət ehtiyatını da genişləndirmək olar.
Deyildiyi kimi, lüğətin artırılması üçün ən səmərəli yollardan biri mütaliyədir. Bədii, elmi-kütləvi, publisistik, fəlsəfi və b. əsərlərin müntəzəm şəkildə mütaliyəsi yaxşı danışanın söz ehtiyatının artırılmasına imkan yaradır. Mühazirəçi öz nitqində mənası onun üçün naməlum və ya az məlum olan sözlər işlətməməlidir. Əgər belə sözləri işlətməyə ehtiyac olarsa, onların mənası ilə bağlı sorğu kitablarına – lüğətlərə, ensiklopediyalara və didər ədəbiyyatlara baxmaq, mühazirə mətnində müəyyən qeydlər etmək məsləhətdir.
Nitqin zənginliyi və emosionallığını təmin edən amillərdən biri də intonasiyadır. Bu o deməkdir ki, söylənilən fikirlər, insanın keçirdiyi hissi hallar uyğun səs avazı ilə verilsin, danışan intonasiya elementləri vasitələrindən (məntiqi vurğu, nitq fasiləsi, nitq tonu, səsin tembri və s.) düzgün istifadə etməyi bacarsın. Nitqin intonasiyası zamanı sual, nida, əmr cümlələri, xitablar, ara sözləri kimi sintaktik quruluşların özünəmüvafiq formada, təbii şəkildə tələffüz olunmasının vacibliyi də diqqət mərkəzində saxlanılmalıdır.
Nitq zənginliyinin başlıca əlamətlərindən biri də onun informasiya, məzmun cəhətdən dolğunluğudur. Nitq o zaman maraqla dinlənilir ki, haqqında bəhs olunan məsələ yeni olsun, həm də hər tərəfli şəkildə dəlillərlə, həyati misallarla dinləyicini qane edəcək bir formada şərh edilsin.
Dostları ilə paylaş: |