İLHAMİ ƏLİYEV
AMEA Naxçıvan Bölməsi
E-mail: ilhamialiyev@yahoo.com.tr
NAXÇIVAN BÖLGƏSİNDƏKİ İMAMZADƏLƏR İSLAM
MƏDƏNİYYƏTİ ABİDƏSİ KİMİ
Azərbaycanın qədim tarixə malik, zəngin mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan Muxtar Respublikası ərazisində günümüzədək qalan islam mədəniyyəti abidələrdən biri də imamzadələrdir. Səfəvilər dövrünə aid olan bu memarlıq abidələri – Naxçıvan şəhər imamzadəsi, Nehrəm imamzadəsi, Parçı imamzadəsi və s. bu günümüzədək gəlib çatmışdır. İmamzadə “imam” ərəb, “zadə” fars sözlərinin birləşməsindən yaranan imam oğlu və ya övladı deməkdir. İmam övladlarının Azərbaycanda, xüsusilə də Naxçıvanda dəfn edilməsinə gəldikdə isə şiələrin yeddinci imamı Museyi-Kazım hicri-qəməri 183-cü ildə (miladi 789-800-cü ildə) xəlifə Harun ər-Rəşid zamanında öldürüldükdən sonra onun övladları təqib ölunmuş və onlar canlarını qurtarmaq üçün didərgin düşüb müxtəlif yerlərə qaçmışlar [6, s. 57]. Həmin yerlərin arasında Naxçıvan bölgəsi də olmuşdur. İslam dünyasında Məhəmməd peyğəmbərin (s.) nəslindən olan və bu nəslin davamçıları sayılan imamların övladları xalq arasında böyük nüfuz sahibi olduqları üçün onlar öləndən sonra da qəbirləri əsrlərdi ki, yerli əhali tərəfindən müqəddəs tutularaq ziyarət yerlərindən birinə çevrilmişdir. Bu qəbirlərin üzərində insanlar sonralar islam memarlığna xas türbələr inşa etmiş, bu türbələri imam övladları üçün olduğundan imamzadə adlandırmış və hər zaman onları müqəddəs məkana çevirmişlər. AMEA-nın müxbir üzvü H.Səfərli qeyd edir ki, XVII-XVIII əsrlərdə bölgədə xanəgahlar inşa edilməmişdi. Bunun əvəzində isə imamzadələr yanında dərvişlərin yaşaması üçün təkyələr tikilmişdir. Zikr və ibadətlərini ziyarət obyekti olan qəbir yerləşmiş türbədə həyata keçirən təriqət mənsubları həmin təkyələrdə gecələmişlər [8, s. 100]. Görünür, bu abidələr həm də islam ayinlərinin və ibadətlərin həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur.
Bölgə ərazisində günümüzədək gəlib çatmış imamzadələrdən biri Naxçıvan şəhər imamzadəsidir. Bu imamzadə kompleksi şəhərin cənub-şərq hissəsində, qədim Naxçıvan qalasının qərb tərəfində yerləşir. Memarlıq üslubuna görə XVI-XVIII əsrlərə aid olan bu dini memarlıq abidəsi 3 binadan ibarətdir. Abidənin cənub tərəfində yerdən dördbucaqlı formada yuxarısı silindir şəkilli inşa edilən türbə onun əsas hissəsini təşkil edir. Onun üzərində Bərdə türbəsi və Şeyx Səfi türbəsində olduğu kimi xalını xatırladan bəzək ünsürü və kufi xətti ilə dəfələrlə təkrarlanan “Allah” sözü işlənmişdir [7, s. 179]. Türbənin içərisində uzunluğu 150 sm, hündürlüyü 88 sm, eni 115 sm olan, sənduqə tipli bir qəbir vardır. Sonradan bərpa edilmiş bu məzarın kitabəsi olmadığı üçün onun kimə məxsus olması üzərində yoxdur. Yerli əhalinin bildirdiyinə görə bu şiələrin səkkizinci imamı İmam Rzanın oğlunun qəbridir. Bu fikri rus alimi V.M.Sısoyev də XIX əsr rus şərqşünası N.V.Xanıkova istinadən qeyd etmişdir [10, s. 107]. O, həmçinin burada olan böyük qəbirin üzərində yazısı olan sarı mərmər daşdan sinə daşı və qəbrin yanında əhali tərəfindən müqəddəs sayılan iki ədəd qara daşın olduğunu da yazmışdır. Təəssüf ki, həmin kitabə günümüzədək gəlib çatmamışdır. İndiki vəziyyətdə qəbir qara mərmər daşla üzlənmişdir. Qəbrin səkkizinci imamın oğluna aid olması fikrinin doğru olmasına gəldikdə isə onun xalq arasında imamzadə adlandırılması bu fikri deməyə əsas verir. Bu məlumatın düzgünlüyünün bir səbəbi isə yerli şiə əhalinin imamlara böyük hörmətinin olması ilə bağlıdır. İmamzadənin əsasını təşkil edən bu türbənin inşa edilmə tarixinə gəldikdə isə keçən əsrin 20-ci illərində “Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti”nin göndərişi ilə Naxçıvanda olmuş epiqraf İ.Əzimbəyovun tədqiqatından aydın olur ki, vaxtilə onun üzərində - şimal-qərb tərəfində nəsx xətti ilə yazılmış kitabəsi olmuşdur [9, s. 310-311]. Həmin kitabədən aydın olmuşdur ki, bu abidə Səfəvi şahı II Təhmasibin zamanında, yəni 1722-1732-ci illərdə Hacı Fulad bəyin oğlu (Həzrət Rufai) tərəfindən inşa edilmişdir [7, s. 180-181]. Son illər türbə təmir edilərkən İ.Əzimbəyovun məqaləsindən istifadə edilərək onun əvvəlki kitabəsinin yerinə yenisi vurulmuşdur.
Bu türbəyə bitişik kompleksin dördbucaqlı formasında olan birinci salonu ondan şimalda yerləşir. Türbədən ona təxminən 1,5 m ucalığında olan giriş qapısı vardır. Yəni türbəyə giriş onun şimal tərəfindən olan yeganə qapısındandır. Birinci salondan şimalda isə ona bitişik, həm eni, həm də uzunluğuna görə ondan nisbətən böyuk ikinci salon yerləşir. Birincidən fərli olaraq ikinci salonun mərkəzində böyük künbəzi vardır. Çöldən kompleksə giriş qapısı bu salonun qərb tərəfindəndir. Türbədəki məzardan başqa imamzadə kompleksində başqa bir qəbir yoxdur. Amma V.M.Sısoyevin yazdığına görə bu hissə Naxçıvan xanlarının məqbərəsi olmuşdur. Müəllif Naxçıvan xanlarından Mustafa Qulu xan Naxçıvanskinin oğlu Abbasqulu xanın orada dəfn edildiyini qeyd etmiş, yan divarlarda taxçalar, şimal divarda buxarı olduğunu yazmışdır [10, s. 108]. İndiki vəziyyətdə divarlardakı taxçalar qalır, buxarı isə yoxdur. Yerli əhali buradakı qəbri ziyarət edərkən kişilər birinci salonda, qadınlar isə ikinci salonda ibadət edir.
İmamzadə kompleksindən şimalda ondan bir neçə metr yüksəkdə yerdən dördbucaqlı formada, həmin dordbucağın üzərində altı bucaqlı və başı soğanvari formada olan bir türbə vardır. Üzərində heç bir kitabəsi olmayan bu türbənin iki qapılıdır. Daha doğrusu onun alt zirzəmi hissəsinə giriş qərb tərəfindən üst hissəsinə giriş isə şimal tərəfindəndir. İçərisində qəbir yoxdur. Nisbətən daha salamat qalmış bu türbədə alt zirzəmi hissə sərdabə ola bilər. Belə ki, bu haqda V.M.Sısoyev yazır ki, imamzadəyə yaxın, çox da böyük olmayan, yarıaçıq vəziyyətdə bir məzarüstü tikili vardır. Onun içində, torpağın üzərində üstünə mumya çəkilmiş cəsədin bütov bir skeleti vardır. Ardınca müəllif yazır, deyirlər ki, əvvəllər cəsədi çıxarıb Kərbəla və ya Nəcəfə aparmaq istəmişlər, 1918-ci il hadisələri buna mane olmuş və cəsəd bu vəziyyətdə qalmışdır [10, s. 108]. Deyilənlərdən belə məlum olur ki, bu da şiə müqəddəslərindən birinin cəsədi olmuşdur. V.M.Sısoyevin bəhs etdiyi bu türbə olsa deməli, onun alt qatında yəni zirzəmi hissəsində qəbir, yuxarı hissəsi qəbirüstü ziyarət yeri olmuşdur.
Qeyd edək ki, imazadə kompleksində və onun yaxınlığında yerləşən hər iki türbə orada dəfn edilmiş müqəddəs insanların şərəfinə inşa edilmişdir. Bu həmin müqəddəslərə onları tanıyan və onlara böyük hörməti olan insanların və dövrün hakim dairələrinin istəyindən yaranmışdır. Yəni qəbirüstü türbələr əvvəl tikilmişdir. Sonra isə birinci türbəyə bitişik digər yardımçı binalar tikilmişdir [4, s. 191]. Bunun sonra olmasını dəqiq demək olmasa da, Kəngərli xanlarının qəbirləri üzərində və türbəyə gələn ziyarətçilər üçün tikildiyini dəqiq demək olar.
Naxçıvan bölgəsi ərazisində yerləşən digər böyük imamzadələrdən biri də Muxtar Respublikanın iri yaşayış yerlərindən biri olan Babək rayonun Nehrəm kəndindədir. İndi də dəfn mərasimləri keçirilən qəbiristanlığın mərkəzində yerləşən bu imamzadə türbə, məscid, təkyə və başqa yardımçı binalardan ibarət böyük bir komleksdir [7, s. 183]. Burada da kompleksin əsasını türbə (eni 8 m, uzunu 9,5 m, hündürlüyü 4,5 m, gümbəzinin hündürlüyü 6 m [2, s. 144]) təşkil edir. Onun içərisində bir qəbir vardır. Bu qəbirin üzərində heç bir kitabə olmadığından onun kimə məxsus olması dəqiq müəyyən edilməmişdir. Yalnız kənd əhalisinin dediklərindən belə məlum olur ki, bu məzar yeddinci imam Museyi-Kazımın oğlu Seyyid Əqilə məxsusdur. O, da Abbasilərin zülmündən qaçaraq, bölgənin bu iri yaşayış yerinə pənah gətirmiş, burada əhali arasında bir imam övladı kimi böyük hömət qazanmış və ölümündın sonra qəbri üzərində türbə inşa edilmişdir.
Qeyd edək ki, Seyyid Əqilin qardaş və bacıları da Azərbaycan və qonşu ölkələrin ərazisində dəfn edilmişlər. Belə ki, onun qardaşları Səfi (Səffan) Ordubadın Düyülün kəndində, İbrahim Şərurun Xanlıqlar (Parçı) kəndində, Əhməd Zəngəzurun (Mehri rayonunda) Bufçar kəndində [5, s. 11], Qasım Cənubi Azərbaycanın (İranın) Sofiyan qəsəbəsində, bacıları Hökümə xanım Abşeron rayonundakı Şıx kəndində, Rübabə xanım isə İraq ərazisində dəfn olunmuşlar.
Bölgə əhalisin ən çox sevdiyi və ziyarət etdiyi müqəddəs yerlərdən birinə çevrilmiş bu imamzadə türbəsi və onun digər binaları olan məscid, təkyə və sairənin heç bir kitabəsi günümüzədək qalmamışdır. Yalnız türbənin daxili divarlarında dini məzmunlu sözlər yazılmışdır. Divarlarda gəc və kaşı üzərində yazılan bu kəlimələri AMEA-nın müxbir üzvü, professor H.F.Səfərli oxuyaraq tədqiq etmiş və belə nəticəyə gəlmişdir ki, həmin yazılar hicri-qəməri 1138-ci ildə (miladi 1725-ci ildə) Mehdi adlı xətat tərəfindən yazılmışdır [5, s. 12].
İmamzadə binası XVIII-XIX və XX əsrlərdə yenidən bərpa edilmişdir. 1951, 1993 və 2006-2007-ci illərdə aparılan bərpa işləri zamanı abidənin eyvanı hörülərək dəhlizə çevrilmiş, insanların ibadət etmələri üçün binanın qərb tərəfinə düzbucaqlı formalı məscid və qoşa minarə əlavə edilmişdir. Bişmiş kərpiclə inşa olunmuş bina kompleks halına salınmışdır [2, s. 144]. Yəni əvvəlcə türbənin indiki görünüşündə olduğu kimi qoşa minarələri olmamışdır. Bu sonralar aparılan bərpa işləri zamanı tikilmişdir.
İmamzadə Naxçıvan imamzadəsi ilə bir dövrdə - Səfəvi şahı II Təhmasibin zamanında inşa edilmişdir [7, s. 186]. Qeyd edildiyi kimi bu kompleksə daxil olan minarələr və digər yardımçı binalar sonrakı təmir-bərpa işləri zamanı tikilmişdir.
Bölgə ərazisində günümüzədək qalan imamazadələrdən biri də Şərur rayonunun Xanlıqlar kəndindədir. Əslində bu imamzadə keçən əsrin əvvəllərində Xanlıqlar kəndi ilə birləşdirilən Parçı kəndində yerləşir. Elə kəndin adı ilə Parçı imamzadəsi adlanır. Yerli əhali tərəfindən böyük hörmətlə ziyarət edilən bu dini abidə kəndin şimal tərəfində tikilmişdir. Günbəzi böyük olan bu imamzadənin mərkəzi salonunda bir qəbir yerləşir. Son dövrlərdə aparılan təmir işləri zamanı qəbrin üstü götürülmüş, başdaşı və sinədaşı qoyulmuşdur. Lakin üzərində heç bir kitabə yoxdur. 1925-1928-ci illərdə “Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti”nin Naxçıvan şöbəsi tərəfindən aparılan araşdırmalar zamanı Parçı kəndindəki bu abidə də qeydə alınmışdır. Belə ki, 1928-ci ilə aid 40 №-li protokolda göstərilmişdir ki, Xanlıqlar kəndinə yapışıq Parçı kəndində üstündə böyük günbəzi və böyük həyəti olan bir pir vardır ki, camaat onu “Şahzadə İbrahin ibn Musa” ziyarətgahı adlandırır [1, s. 66]. Həmin cəmiyyətin üzvlərindən olan Məhəmməd Rasizadə bu haqda nəşr etdirdiyi məqaləsində göstərmişdir ki, qəbirin kitabəsində “İbrahim ibn Musa” yazılmışdır [3, s. 81]. Həmin illərdə qəbrin üzərində tarixi kitabəsi onun İbrahim Musa oğluna aid olduğunu göstərirdi. Təəssüf ki, günümüzədək bu məlumatı bildirən kitabə qalmamışdır. Atasının adından, imamzadə adlandırılmasından və yerli əhalinin dediklərinədn aydın olur ki, bu qəbir yeddinci imam Museyi-Kazımın oğlanlarından biri olmuş İbrahimə məxsusdur [7, s. 188]. O, bu kənddə məskunlaşmış və burada da dünyasını dəyişərək dəfn edilmişdir. Əsrlərdir ki, bölgə əhalisi onun xatirəsinə tikilmiş bu imamzadəyə gələrək onun qəbrini ziyarət edir.
İslam mədəniyyəti abidələri sırasına daxil olan imamzadələr tarixi Azərbaycan ərazisində, xüsusilə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan bölgəsində Səfəvilər dövründə bu dövlətin dini siyasətinə uyğun olaraq formalaşmışdır. Belə komplekslərin səciyyəvi xüsusiyyətləri əvvəllər mövcud olmuş dəfn tikililərini təmir-bərpa və yenidənqurma yolu ilə abadlaşdırılmasından və bərpa olunmuş məqbərəyə bitişik, məscid, təkiyə və digər xidmət otaqları tikilməsi yolu ilə dini kompleksin yaranmasından ibarət olmuşdur [4, s. 191]. Bu dövrdə formalaşdığına görə imamzadə komleksləri əsasən Səfəvilər dövlətinin ərazisində dəfn edilmiş imamlar və onların övladlarının xatirəsinə inşa edilmişdir.
ƏDƏBİYYAT
-
Xəlilox F. Naxçıvanı öyrənən elmi cəmiyyət. Bakı: Nurlan, 2005, 196 s.
-
Qənbərova G. Nahçıvanın Arazboyu türbelerinin bedii hususiyyetleri ve mimarlık dekoru / II. Uluslararası Aras havzası sempozyumu. 13-15 Aralık 2011- İğdır. Erzurum: Zafer Ofset Ltd., 2012, s. 139-149
-
Rasizadə M. Şərur dairəsinə səyahət haqqında qeydlər / “Azərbaycanı öyrənmə yolu ilə”. № 4-5, Bakı: 1930, s. 81-83
-
Salamzadə Ə.V., Məmmədzadə K.M. Azərbaycan memarlığının Naxçıvan məktəbi abidələri. Bakı: Elm, 1985, 268 s.
-
Səfərli H.F., Cəfərov H.R. Naxçıvan ziyarətgahları. Bakı: Qorqud, 1998, 84 s
-
Səfərli H.F. Naxçıvan imamzadəsinin kitabəsi / Azərbaycanda elmin inkişafı və regional problemlər (28 fevral – 1mart 2005-ci il tarixdə keçirilmiş elmi konfransın materialları). Bakı: Nurlan, 2005, s. 56-63
-
Səfərli H.F. Naxçıvanda sufiliklə bağlı mərkəzlər. Bakı: Elm və təhsil, 2013, 328 s.
-
Səfərli H. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: Əcəmi, 2017, 216 s.
-
Азимбеков И. Мусульманские надписи Тифлиса, Эривани и Нах.ССР // Известия «Азкомстарис»а, вып. 4 (тетрадь 2). Баку, 1929, с. 295-311
-
Сысоев В.М. Нахичевань на Араксе и древности Нах. ССР (отчет о поездке летом 1926 г.) Известия «Азкомстарис»а, вып. 4 (тетрадь 2). Баку, 1929, с. 87-121
Dostları ilə paylaş: |