«Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə Çağırış Kubokunun
Ə S A S N A M Ə S İ
1. Məqsəd və vəzifələr
1.1. «Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə Çağırış Kubokunun (bundan sonra mətndə Kubok) məqsədi xalqımızın tarixi və mədəniyyətini, milli-mənəvi dəyərlərimizi təbliğ etmək, gələcəkdə xalqımız üçün faydalı olacaq milli kadrların yetişməsinə şərait yaratmaq, tələbələr arasında Azərbaycan dillində ölkə Kubokunı keçirməklə intellektual oyunlar hərəkatında böyük miqyaslı mötəbər tədbir keçirmək, ana dilində intellektual oyunlar hərəkatının artıq güclü və dayanıqlı sosial hadisə olmasını təmin etmək.
1.2. İntensiv intellektual istiqamətli asudə vaxtın səmərəli keçirilməsi, Azərbaycanın zəngin milli mədəniyyətinin təbliği, gənclərin intellektual yaradıcılıq qabiliyyətlərinin reallaşdırılması üçün əlverişli şəraitin yaradılması, qoyulmuş problemlərin həllinə qeyri-standart yanaşmanın stimullaşdırılması, tərbiyəsi, habelə qoyulmuş problemlərin praktiki həllinə yaradıcı yanaşma vərdişlərinin stimullaşdırılmasına dəstək verilməsi Kubokun vəzifələridir.
2. Kubokun təşkili
2.1. Kubok Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi Layihə çərçivəsində keçirilir.
Kubokun təsisçisi və təşkilatçısı “Xəzər İntellektual Gənclər Klubu” İctimai Birliyidir (bundan sonra mətndə “Təşkilatçı”).
2.2. Kubokun keçirilməsində təşkilati dəstəyi “İrəli” İctimai Birliyi və Azərbaycan İntellektual Oyunlar Federasiyası həyata keçirir.
2.3. Təşkilatçı Kubokun Əsasnaməsini təsdiq edir, Təşkilat Komitəsini formalaşdırır.
3. Təşkilat Komitəsi
3.1. Təşkilat Komitəsi Kubokun icraiyyə orqanıdır və Kubokun hazırlanması, təşkili və koordinassiyası onun səlahiyyətinə aiddir.
3.2. Təşkilat Komitəsi:
-
bu Əsasnaməyə iştirakçılar tərəfindən riayət olunmasına nəzarət edir;
-
Kubokun nəticələrini təsdiq edir, qalibləri müəyyən edir;
-
mübahisəli vəziyyətlərdə qərar qəbul edir;
-
Kubokun keçirilməsi barədə hesabat hazırlayır;
-
Kubokun digər orqanlarını və nümayəndələri (aparıcıları) təsdiq edir;
-
Nümayəndələrlə (aparıcılarla) icraiyyə orqanları arasında informassiya mübadiləsini təşkil və koordinassiya edir
-
Kubokun keçirilməsi ilə əlaqədar digər hərəkətləri həyata keçirir.
3.3. Təşkilat Komitəsi kollegial orqandır. Təşkilat Komitəsinin qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin bərabərliyi halında Təşkilat Komitəsinin Sədrinin səsi əsas götürülür. Təşkilat Komitəsi həm əyani həm də qiyabi (müasir rabitə vasitələrindən istifadə etməklə) iclaslar keçirə bilər. Təşkilat Komitəsinin qərarları qəti xarakter daşıyır.
3.4. Təşkilat Komitəsinin qərarları və onun üzvlərinin Kubokun gedişi və təşkilinə dair göstərişləri Kubok iştirakçıları üçün məcburidir.
3.5. Təşkilat Komitəsi bu Əsasnaməni, Təşkilat Komitəsinin qərarlarını və onun üzvlərinin Kubokun gedişi və təşkilinə dair göstərişlərini icra etməyən şəxslərə aşağıdakı sanksiyaları tətbiq edə bilər: xəbərdarlıq, qeydiyyatdan imtina, qeydiyyatın ləğv edilməsi, nəticələrin ləğv edilməsi, diskvalifikasiya.
3.6. Kubokun digər orqanları Redaktorlar, Apellyasiya Jürisi və Nümayəndələrdir (aparıcılar).
3.7. Təşkilat Komitəsi tərəfindən təyin edilmiş Redaktorlar onlara tapşırılmış sual paketini hazırlayırlar.
3.8. Təşkilat Komitəsi tərəfindən təyin edilmiş Apellyasiya Jürisi verilmiş apellyasiyalar və mübahisəli cavablar üzrə qəti olan qərarlar qəbul edir.
3.9. Bilavasitə oyunların keçirilməsi Təşkilat Komitəsi tərəfindən təsdiq edilmiş nümayəndələr (aparıcılar) tərəfindən həyata keçirilir.
3.10. Nümayəndələr (aparıcılar):
-
sualların oxunmasını, nəticələrin hesablanmasını, hesabatların tərtib olunmasını, nəticələrin elan olunmasını;
-
Kubok iştirakçılarını oyunların keçirilmə vaxtı və yeri barədə məlumatlandırılmasını;
-
Kubokun Əsasnaməsinin icra olunmasını;
-
oyun məkanının müvafiq tələblərə uyğun vəziyyətə gətirilməsini;
-
Kubokun keçirilməsi üçün zəruri olan digər hərəkətlərin həyata keçirilməsini təmin etməlidirlər.
3.11. Nümayəndələr (aparıcılar) hesabatların dürüstlüyünə görə məsuliyyət daşıyırlar.
3.12. Nümayəndələr (aparıcılar) Təşkilat Komitəsinin səlahiyyətli nümayəndələri hesab olunurlar və onların Kubokun gedişi və təşkilinə dair göstərişləri Kubok iştirakçıları üçün məcburidir.
4. Kubokun oyunları və keçirilmə tarixi
4.1. Kubok Seçim mərhələsi və Final formatında keçirilir. Seçim mərhələsində istənilən sayda komanda iştirak edə bilər. Finala vəsiqə qazanmaq üçün seçim mərhələsində iştirak etmək və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada müəyyən ediləcək 60 komanda sırasına düşmək tələb olunur.
4.2. Mərhələlərin və Finalın keçirilməsinin dəqiq tarixləri və yeri Təşkilat Komitəsinin qərarı ilə müəyyən edilir və əvvəlcədən iştirakçılara açıqlanır.
4.3. Seçim mərhələləri sinxron və ya əyani şəkildə ali və orta ixtisas təhsil müəsisələrində (bundan sonra təhsil müəssisələri) və digər oyun meydanlarında bir qayda olaraq sinxron təşkil edilir.
4.4. Bakı şəhərində keçiriləcək seçim turu nəticəsində ən yaxşı nəticə göstərmiş 40 komanda Final mərhələsinə vəsiqə qazanacaq. Seçim turları ayrı-ayrı oyun meydanlarında təşkil edilərsə ilk olaraq ən azı 20 komandanın iştirak etdiyi oyun meydanında keçirilmiş seçim turunun qalibi Final mərhələsinə vəsiqə qazanmış komandaların siyahısına daxil edilir, daha sonra yerdə qalan vəsiqələr Bakı şəhəri üzrə yekun ümumi nəticələr əsasında bölüşdürülür.
4.5. Bölgələrdə keçirilmiş seçim turu nəticəsində ən yaxşı nəticə göstərmiş 15 komanda Final mərhələsinə vəsiqə qazanacaq. Bu zaman ilk olaraq ən azı 10 komandanın iştirak etdiyi oyun meydanında keçirilmiş seçim turunun qalibi Final mərhələsinə vəsiqə qazanmış komandaların siyahısına daxil edilir, daha sonra yerdə qalan vəsiqələr bölgələr üzrə yekun ümumi nəticələr əsasında bölüşdürülür.
4.6. Təşkilat Komitəsi 5 komandanı fərdi dəvət əsasında Final mərhələsinə dəvət edə bilər.
4.7. Kubokun Seçim mərhələlərinin keçirilmə formulu əvvəlcədən iştirakçılara bildirilməklə Təşkilat Komitəsi tərəfindən müəyyən edilir. Seçimlərdə 2 tura bölünmüş 24 sual, 3 tura bölünmüş 36, 4 tura bölünmüş 60 sualdan istifadə edilə bilər. Final mərhələsi 4 tura bölünmüş 60 sualdan ibarətdir.
4.8. Seçim mərhələsində hər bir tur 12 və ya 15, Final mərhələsində isə 15 sualdan ibarətdir. Turun başlanma anı aparıcının aşağıdakı ifadəsidir: “Diqqət, birinci sual”. Turun sonu axırıncı sualın cavabı elan edildikdən sonra aparıcının aşağıdakı ifadəsidir: “Tur bitdi”. Turlararası fasilənin davamiyyəti Təşkilat Komitəsi tərəfindən müəyyən olunur.
4.9. Suala düzgün cavab komandaya 1 xal, yanlış cavab 0 xal gətirir. Apellyasiya Jürisinin qərarı ilə qeyri-korrekt sual kimi çıxarılmış suallar nəticələr hesablanarkən nəzərə alınmır.
4.10. Kubokun nəticələri bütün turlardan sonra hesablanır və rəqiblərindən daha çox xal toplamış komanda daha yüksək yer tutur. Xalların bərabər olduğu hallarda isə yerlər sualların reytinqinin hesablanması vasitəsilə bölüşdürülür (N+1 sistemi ilə hesablanır). Reytinq hesablanarkən komandanın cavab verdiyi bütün suallar hesaba alınmalıdır. Əgər Final mərhələsində iki və ya daha çox komanda eyni xalla birinci və ya ikinci və ya üçüncü yer tutarlarsa onlar arasında “ani ölüm” qaydasında əlavə suallar verilir. Rəqibindən fərqli olaraq suala cavab vermiş komanda qalib elan olunur və ya belə komandalar çox olarlarsa oyun bir komanda qalana qədər davam etdirilir.
4.11. Seçim mərhələsi sinxron və ya əyani şəkildə təşkil edilir. Final mərhələsində bütün iştirakçı komandalar eyni zamanda və eyni bir zalda yarışırlar.
4.12. Oyun zamanı iştirakçı komandaların üzvlərinin sayı 6 nəfərdən çox olmamalıdır. Oyunçu dəyişiklikləri yalnız turlar arasında həyata keçirilə bilər. Turun başlanmasına gecikmiş və ya turun sonuna qədər öz oyun yerini üzürsüz səbəbdən tərk etmiş oyunçular yalnız növbəti turda oyuna qoşula bilərlər.
4.13. İştirakçı komandaların vəzifəsi verilmiş suallara vaxtlı-vaxtında cavab verməkdir.
4.14. Suallar Azərbaycan dilində verilir. Sualda aydın şəkildə əksi tələb edilmirsə komandalar cavabları yazılı şəkildə Azərbaycan dilində verir.
4.15. Sual ətrafında müzakirə müddəti bir dəqiqədir. Cavab kartının göndərilməsinə 10 saniyə vaxt verilir. 10 saniyənin axımı müzakirə üçün verilmiş 1 dəqiqəlik müddətin 50-ci saniyəsində hesablanmağa başlanır. 1 dəqiqə bitdikdən sonra 5 saniyədən gec olmayaraq hər hansı iştirakçı komandanın üzvü cavab kartını başı üzərinə qaldırarsa, həmin komanda vaxtlı-vaxtında cavabı göndərmiş sayılacaq. Aparıcının «cavablar artıq qəbul olunmur» ifadəsindən sonra cavab kartları qəbul olunmayacaq və gecikmə ilə verilmiş cavablar nəzərdən keçirilmir. Cavabların qəbul olunub-olunmaması aparıcının müstəsna səlahiyyətindədir. Apellyasiya Jürisi bu tip şikayətlərə baxmır. Cavab həm formasına, həm də məzmununa görə suala uyğun gəlməlidir.
4.16. Sualın mahiyyətini kifayət qədər konkretləşdirmirsə (tələb olunanın konkretləşdirmə dərəcəsi sualda göstərilməlidir və ya Oyun Jürisi tərəfindən təyin edilir); cavab forması sual formasına uyğun gəlmirsə; birdən çox cavab variantı verilibsə və onlardan heç olmasa biri səhvdirsə; cavabda onun mahiyyətini dəyişən kobud səhvlər varsa (adlar, soyadlar, tarixlər, fəaliyyət forması, və s. düzgün yazılmayıbsa) cavab düzgün sayılmır
4.17. Komandaların cavabı turnirin nəticələri hesablanana qədər saxlanılır.
4.18. İstənilən məsələ üzrə aparıcıya və texniki personala yalnız komandanın kapitanı müraciət edə bilər. Komandanın başqa üzvləri müraciət edə bilməzlər.
4.19. İştirakçı komandalar aşağadakı hallarda apellyasiya verə bilərlər:
-
İştirakçı komanda sualın qeyri-korrekt (sualın səhv tərtib olunması, tərtib olunan cavabın düzgün olmaması) iddia edilərsə;
-
İştirakçı komanda verdiyi cavabın düzgün olduğunu və onun sayılmasını tələb edirsə (cavabda ikili xarakter olarsa və ya əsas sözün sinonimi istifadə olunarsa).
4.20. Digər komandaların cavablarının sayılmasına və ya sayılmamasına verilən apellyasiyalar qəbul edilmir və araşdırılmır.
4.21. Hər bir turun sualları üzrə apellyasiya müvafiq tur bitdikdən sonra 10 dəqiqə ərzində verilməlidir. Bu qaydanın pozulması apellyasiyanın qəbul edilməsindən imtina edilməsi ilə nəticələnir.
4.22. Şikayətlər yazılı şəkildə Kubokun Təşkilat Komitəsi tərəfindən təyin edilmiş üç üzvdən ibarət Apellyasiya Jürisinə verilir (şikayət 20 manat məbləğində girovla təmin olunur) Apellyasiya Jürisi şikayətə baxır, onu qəbul edir və ya rədd edir (Şikayət rədd edildikdə girov məbləği geri qaytarılmır). Dual cavabların sayılmasına dair qərarlar sadə səs çoxluğu ilə, sualın çıxarılmasına dair qərarlar isə yekdilliklə qəbul edilir. Apellyasiya Jürisinin qərarı qətidir. Qərara yenidən baxıla bilməz.
4.23. Qeyri–korrektliyə verilmiş apellyasiya təmin edildikdən sonra çıxarılmış sual başqası ilə əvəz olunmur, bu suala cavab vermiş komandaların müvafiq xalları silinir. Əgər apellyasiya vermiş komanda cavabın duallığını sübut edərsə bu cavabı vermiş bütün komandalara müvafiq xallar verilir.
4.24. Apellyasiya Jürisi öz fəaliyyətində aşağıdakı müddəaları rəhbər tutur:
-
dual cavabların sayılmasına dair qərarlar sadə səs çoxluğu ilə, sualın çıxarılmasına dair qərarlar isə yekdilliklə qəbul edilir;
-
Jüri üzvləri bitərəf qala bilməzlər;
-
dual cavabların sayılması eyni cavabları vermiş bütün digər komandalara da həmin cavabın düz cavab kimi sayılması ilə nəticələnir;
-
sualın çıxarılması bu suala cavab vermiş bütün komandaların bu cavaba görə aldığı xalın silinməsi ilə nəticələnir;
-
sualın çıxarılmasına dair apellyasiyanı müzakirə edən komissiya buraxılmış səhvin əhəmiyyətsiz olması qənaətinə gələrsə apellyasiyanı rədd edə bilər;
-
sual müəllifinin və redaktorun müvafiq izahatını tələb edə bilər.
5. Kubokun iştirakçıları
5.1. Kubokda 01 sentyabr 1989-cu il tarixdə və bu tarixdən sonra doğulan şəxslər (“Nə? Harada? Nə zaman?” KBA-nın Gənclər və Uşaqlarla iş üzrə Komissiyasının 2012-2013-cü ilə tələbələr üçün qoyduğu yaş senzi) iştirak edə bilər.
5.2. Kubokun Əsasnaməsinin tələblərinə cavab verən, Kubokda iştirak etmək fikrini müvafiq nümayəndəyə bildirmiş, və müvafiq sifariş vərəqəsini (Əlavə 1) düzgün doldurmuş istənilən komanda Kubokun iştirakçısı ola bilər. Komandaların qeydiyyatı müvafiq nümayəndələr tərəfindən həyata keçirilir. İlkin qeydiyyat həmçinin müasir informasiya-kommunikasiya texnologiyaları vasitələri ilə də aparıla bilər.
5.3. Kubokda hər birində 6 əsas (onlardan biri kapitan olmaqla) və 3 ehtiyat oyunçu olan komandalar iştirak edə bilərlər. Komandaların adı, oyunçuların soyadı, adı və atasının adı (kapitan haqqında qeydlə birlikdə), təvəllüdü, telefonu və elektron poçt ünvanı, təhsil aldığı müəssisə komandanın kapitanı tərəfindın doldurulan və komandanın Əsasnamə ilə tanışlığını və onunla razılığını ifadə edən imzası ilə təsdiq edilən sifariş vərəqəsində göstərilməlidir. Sifariş vərəqəsinə şəxsiyyət vəsiqəsinin surəti və ya doğum tarixini təsdiq edən digər sənədin surəti əlavə edilməlidir.
5.4. Eyni zamanda oyunda 6 nəfərdən çox oyunçu ola bilməz. Komandanın heyətində onun sifariş vərəqində olmayan oyunçunun iştirakı qadağandır. Komandanın heyətində başqa komandanın sifariş vərəqində adı olan oyunçunu iştirakı qadağandır. Sifariş vərəqi tam doldurulmamışdırsa, ona əlavələr edilməsi Təşkilat Komitəsinin razılığı ilə mümkündür. Sifariş vərəqinə əlavələrin edilməsi və sifariş vərəqindən oyunçunun adınının çıxarılması yalnız seçim mərhələsindən sonra, final mərhələsi başlayana qədər mümkündür.
5.5. Əgər Kubok başa çatmamış komanda dağılarsa onun nəticələrinin varisliyi məsələsi həll edilərkən dağlmış komandanın sifariş vərəqində göstərilmiş daha çox oyunçunun iştirak etdiyi komandaya üstünlük verilir. Bu mümkün olmadıqda dağılmış komandanın kapitanının oynadığı komandaya üstünlük verilir. Mübahisəli vəziyyətdə müvafiq qərar Təşkilat Komitəsi tərəfindən qəbul edilir.
5.6. Dağılmış komandaların üzvləri bu Əsasnamənin 5.4-cü bəndində nəzərdə tutlmuş məhdudiyyətlər nəzərə alınmaqla digər komandaların heyətinə daxil edilə bilərlər.
5.7. Final mərhələsində iştirak hüququ qazanmış komandaların heyətində yalnız Kubokun ilkin mərhələlərində komandanın sifariş vərəqəsində adı olan oyunçular iştirak edə bilərlər.
6. Kubokun qalibinin müəyyən edilməsi
6.1. Rəqiblərindən daha yaxşı nəticə göstərmiş komanda Kubokun qalibi elan olunur və «Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə Çağırış Kubokunın qalibi adını qazanır.
6.2. Kubokun qalibləri Kubok, medallarla və diplomlarla mükafatlandırılırlar.
7. Yekun müddəalar
7.1. Kubokun suallarından digər yarışların keçirilməsində yalnız Təşkilat Komitəsinin razılığı əvvəlcədən alınmaqla istifadə oluna bilər.
7.2. Bu Əsasnamə Kubokun təşkilinin və Kubokun oyunlarının keçirilməsinin bütün hallarını tənzimləmir. Bu Əsasnamə ilə tənzimlənməyən məsələlər Bu Əsasnaməyə zidd olmamaq şərti ilə Təşkilat Komitəsi, onun üzvləri və ya Təşkilat Komitəsinin səlahiyyətli nümayəndələri tərəfindən həll olunur (oyunun keçirilməsinin tənzimlənməyən məsələləri ilk növbədə “Nə? Harada? Nə zaman?” Məcəlləsi ilə müəyyən edilmiş qaydada həll edilməlidir).
7.3. Oyunun bütün iştirakçıları oyunçular, aparıcı, müxtəlif jürilərin üzvləri, sualların redaktoru və müəllifləri təkcə qaydalara riayət etməyi ehtiva etməyən ümumi qəbul olunmuş etik normalara riayət etməlidir. Bu anlayışa oyunun bütün iştirakçılarına və tamaşaçılarına dostcasına münasibət və qarşılıqlı hörmət və dostcasına oyun atmosferinin yaradılmasına can atmaq daxildir.
7.4. Oyunun bütün iştirakçıları:
-
şifahi və yazılı formada, həmçinin müxtəlif forum və internet informasiya səhifələrində öz həmkarları üçün təhqiredici kütləvi ifadələrdən qaçmalı;
-
başqa oyunçuları qeyri düzgün oyuna görə sübutsuz ittihamlar etməkdən çəkinməli;
-
yarışın başqa oyunçuları və ya iştirakçılarına münasibətdə onları qaydaları və ya etik normaları pozmağa sövq edən hərəkətlərə yol verməməlidirlər.
Dostları ilə paylaş: |