Mirzə Cavad ağa təbrizinin Göstərişi
Rəbbani alim, kamil arif mərhum Mirzə Cavad Ağa Məliki Təbrizi belə yazır:
«Peyğəmbəri-Əkrəm (s.ə.v.v) səcdənin uzadılması barəsində tə’kidli göstərişlər vermişdir. Bu da çox mühüm bir məsələdir. Uzun səcdə bəndəlik etmək istəyənlərin ən yaxın yoludur və məhz həmin cəhətə də görə hər rəkət namazda iki səcdə şər’i qanun halına salınmışdır. İmamların (ə) və onların şiələrinin uzun-uzadı səcdələri barəsində mühüm mətləblər nəql olunmuşdur. İmam Səccadın (ə) namazlarının birində səcdədə min dəfə “la ilahə illəllahu həqqən həqqa, la ilahə illəllahu təəbbudən və rəqqa, la ilahə illəllahu imanən və sidqən” cümləsini dediyi qeydə alınıb. İmam Museyi Kazimin (ə) barəsində yazırlar ki, bə’zən onun səcdəsi sübhdən zöhrə qədər davam edirdi. İmamların (ə) səhabələrindən ibn Əbi Ümeyr, Cəmil, Xərribuzdan da həmin mətləbin oxşarı nəql edilmişdir.
Nəcəfi Əşrəfdə təhsil aldığım dövrlərdə mənim bir ustadım var idi. O, təqvalı tələbələrin müraciət yeri idi. Ondan soruşdum: «Hansı əməli təcrübədən çıxarmısınız ki, təkamül yolçusunun halına daha tə’sirli olsun?» Buyurdu: «Hər gecə-gündüzdə uzun bir səcdə yerinə yetir və səcdə halında “la ilahə illa ənt, subhanəkə inni kuntu minəz-zalimin” cümləsini de və zikr halında buna diqqət yetir ki, Pərvərdigarım elə pak və münəzzəhdir ki, mənə azacıq belə, zülmü rəva görməz, əksinə özümə zülm edən mən özüməm və özüm özümü belə bir həlakət uçurumuna atmışam.»
Mənim ustadım hörmət etdiyi şəxslərə bu səcdəni tövsiyə edirdi. Hər kəs onu yerinə yetirirdisə, xüsusilə bu səcdəni daha çox uzadan şəxslər, tə’sirini əməldə müşahidə edirdi. Onlardan bə’ziləri o zikri min dəfə, bə’ziləri az bə’ziləri daha artıq təkrar edirdilər. Eşitmişdim ki, onlardan bə’ziləri bu zikri səcdədə üç min dəfə təkrar edirdilər.1
şeyx nəCməddinin Göstərişləri
Şeyx Nəcməddin Razi yazır: «Bil ki, şəraitinə və ədəbinə malik olmayan zikr demək çox faydalı olmaz. Əvvəlcə tərtib, adab və şərtləri ilə başlamaq lazımdır. Sadiq müriddə bu yolu keçmək məqsədi yaransa, bu onu göstərir ki, zikrlə ünsiyyət tutmuşdur. Bu zaman o, məxluqdan vəhşət hissi keçirib hər bir şeydən üz döndərməli, zikrə pənah aparmalıdır ki, “Qulillahu summə zərhum fi xovzihim yəl’əbun”. Zikrə davam edərsə, gərək günahlardan nəsuh (qəti) tövbəsi ilə tövbə edib haqqa qayıtsın və zikr deyən zaman əgər imkanı olsa, qüsul etsin, əks halda isə dəstəmaz alsın. Çünki zikr etmək eynilə düşmənlə mübarizə aparmaqdır, özü də silahsız şəkildə. Çünki silahsız mübarizə aparmaq çox çətindir, “Dəstəmaz mö’minin silahıdır”.
Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) sünnəsinə uyğun olaraq pak-pakizə paltarlar geysin. Paltarın paklığının dörd şərti var: «Birincisi nəcasətdən pak olması, ikincisi, qəsbi olmaqdan pak olması, üçüncüsü, haramdan pak olsun, yə’ni, ipəkdən olmasın. Dördüncüsü, Peyğəmbər (s.ə.v.v) sünnəsinə görə qısa olsun ki, “və siyabəkə fətəhhir – libasını pakla.” Evi (atrıq əşyalardan) boşaldıb qaranlıq etsin və təmizləsin. Əgər bir qədər ətir verən şey yandırsa, daha yaxşı olar. Üzü qibləyə otursun, hər bir vaxtda diz üstə oturmaq nəhy olunur, yalnız zikr vaxtı icazə verilir. Mərhum Xacə sübh namazından sonra gün çıxana qədər diz üstə oturub zikr deyərdi.
Zikr deyərkən əllərini budunun üstünə qoysun, hüzuri-qəlb tapsın və tam tə”zimlə “la ilahə illəllah” kəlməsini deməyə başlasın. “La ilahə” kəlməsi boğazdan çıxanda “illəllah” qəlbə ensin. Elə desin ki, zikrin tə’siri və qüvvəsi bütün üzvlərə çatsın. Lakin səsini çox ucaltmasın və bacardığı qədər sakit və gizli yerdə olsun. Belə ki, buyurmuşlar: “Vəzkur Rəbbəkə fi nəfsikə təzərruən və xifyətən və dunəl-cəhri minəl qovl.”
Buna əsasən, zikri dalbadal desin, qəlbində onun mə’nasını düşünsün və başqa fikir və xatirələri başından çıxartsın. Belə ki, “la ilahə” kəlməsində qəlbə gələn hər növ fikirləri inkar edir, yə’ni, Allahdan başqa heç bir şeyi istəmir, Ondan başqa heç bir məqsədi və məhbubu olmur. Beyinə gələn bütün fikirlər “la ilahə” kəlməsi ilə inkar olunur. “İlləllah” kəlməsi ilə Allah Təalanı yeganə məqsəd, məhbub və istənilən ünvanı ilə isbat edir. Hər vaxt qəlbinə nəzər salsa, qəlbin meyl etdiyi əlaqəli olduğu hər bir şeyi nəzərinə alsın və qəlbini boşaltdıqdan sonra Allaha tapşırsın; “La ilahə” kəlməsi ilə o meylləri aradan aparsın və həmin şeyin məhəbbətini qəlbindən tamamilə çıxartsın. “İlləllah” kəlməsi ilə haqq məhəbbətini o məhbbətin yerinə keçirsin.
Bu tərtiblə davam etsin ki, qəlbi getdikcə məhbublardan və mə’luflardan (ünsiyyət və ülfət tutulan şeylərdən) boşaltsın. Zikri davam etdirsin. Özünü «ehtizaz» vəziyyətinə salsın. «Ehtizaz» odur ki, zikrin qələbəsi ilə zakirin (zikr edənin) varlığı zikrin nurunda məhv olub aradan getsin və zikr onun vücudundan meylləri və pərdələri götürsün, onu cismaniyyət dünyasından və ruhaniyyətin axırından yüngülləşdirsin. Belə ki, buyurulur: “Siru fəqəd səbəqəl-mufrədun.” Seyr edin, həqiqətən müfrədlər qabağa keçmişlər.”
Bil ki, qəlb Allah-Təalanın hazır olduğu gizli bir məkandır ki, “La yəsəuni ərzi və la səmai və innəma yəsəuni qəlbu əbdiyəl-mu’min. Nə yerlər, nə də səmalar Mənə özündə yer verə bilmədi, Mənə yalnız mö’min bəndəmin qəlbi özündə yer verə bildi.” “Nə qədər ki, qəlb hərəmində başqaları izdiham yaradır, izzət qeyrəti başqasından izzət tələb edər.” Lakin “la ilahə” cümləsi qəlb hərəmini başqalarının izdihamından boşaltdığı zaman “illəllah” sultanının təcəlli etdiyi qədəmlərin intizarı çəkilər ki, “iza fərəğtə fənsəb və ila Rəbbikə fərğəb.”1
Gördüyünüz kimi, irfan alimləri zikri davam etdirməyi insanı təkamülə aparan yolların ən yaxşısı hesab edirlər. Onlar bu yolu müxtəlif yollarla qət edib ötməyi təcrübə və tövsiyə etmişlər. Çünki, şəriətdə gəlib çatan zikrlərin hamısı zikrin qanun halına salınmasının əsl hədəfinə, yə’ni Allahdan başqalarından qırılıb Allaha tam diqqət yetirməyə zəmanət verir. Bu zikrlər ayrı-ayrı fərdlərin vəziyyətləri və məqamları ilə əlaqədar fərqlənir. Təkamül yolçusunun hansı vəziyyətdə və məqamda olması hansı zikrin onun üçün daha münasib və cazibəli olmasından asılıdır. Məhz belə olan halda tərbiyəçi ustad daha mühüm rol ifa edə bilər.
Hədis və dua kitablarında çoxlu zikrlər və dualar nəql olunmuş, onların hər birinin özünəməxsus savabı və xüsusiyyəti bəyan edilmişdir. Zikrlər və dualar ümumi halda iki qismdir: Mütləq (qeydsiz-şərtsiz) və müqəyyəd (müəyyən şeylərlə şərtlənən).
Bə’zi zikrlər üçün məxsus zaman, yaxud xüsusi keyfiyyət, yaxud ədəd tə’yin edilmişdir. Bu barədə təkamül yolçusu imamların (ə) tərəfindən bəyan olunan yolla getməlidir ki, savaba dair məxsus nəticələri görmüş olsun. Lakin bə’zi zikrlər mütləqdir. Yə’ni bu barədə ixtiyar təkamül yolçusunun özünə verilir ki, öz vəziyyət və şəraitinə uyğun olaraq onun sayını, münasib zamanını seçsin və zikri davam etdirsin, yaxud da öz mə’nəvi rəhbərindən və ustadından göstəriş alsın. Siz bu barədə hədis və dua kitablarına müraciət edə bilərsiniz.
Burada iki məsələyə diqqət yetirmək zəruridir:
1.Təkamül yolçusu bilməlidir ki, zikr deməkdə əsas hədəf Sübhan Allaha qarşı hüzuri-qəlb, diqqət və halın əldə edilməsidir. Buna əsasən zikrin miqdarı, zamanı və keyfiyyəti seçilərkən bu məsələni diqqət mərkəzində saxlamalı, zikri davam etdirməlidir. Hər vaxt yorulub, rəğbətdən düşürsə, onu boşlamalı, münasib vaxtlarda yenidən başlamalıdır. Çünki Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: “Qəlb bə’zən iqbal (rəğbət) halındadır, bə’zən isə meylsiz və rəğbətsiz haldadır. Meyl və rəğbət olduqda əmələ başla. Çünki qəlb ikrah halında bir əmələ vadar edilərsə kor olar.”1
Əlbəttə, ayrı-ayrı adamların şəxsi vəziyyətləri, məqamları və vaxtları da bu barədə tə’sirlidir.
2-Bilmək lazımdır ki, riyazət və zikrin davamında əsas hədəf nəfsin təkamülü, onun Allah dərgahına yaxınlaşmasıdır və bundan başqa yolla müyəssər ola bilməz. Əgər insan özünün şər’i və ictimai vəzifəsini öhdəsinə alsa, onları yerinə yetirməli və həmin halda da Allaha diqqət yetirib Onu xatırlamalı, mümkün qədər zikr deməlidir. Boş vaxtlarında da zikri davam etdirə bilər. Əgər riyazət və zikrin davam etdirilməsi bəhanəsi ilə öz şər’i məs’uliyyətlərini yerinə yetirməyib guşənişinlik edərsə, bu cür əməl onun Allah dərgahına yaxınlaşmasına səbəb olmayacaqdır.
Dostları ilə paylaş: |