üÇünCü maneə hƏvayi-nəfsə tabe olmaq
Üçüncü maneə nəfsani meyllərə (həvayi-nəfsə) tabe olmaqdır. Nəfsani istəklər qatı tüstü kimi qəlb evini qaraldır. Belə bir qəlbin ilahi nuraniyyəti qəbul etməyə ləyaqəti çatmır. Həva-həvəslər daimi olaraq qəlbi o tərəfə bu tərəfə sürükləyir, onun rahat və asudə olmasına, Allahla xəlvət etməsinə, Onunla ünsiyyət yaratmasına imkan vermir. Gecə-gündüz nəfsani istəklərini tə’min etməyə çalışır. Belə bir şəxs nə vaxt dünyadan hicrət edərək Müqəddəs Dərgaha yaxınlaşa bilər?!
Mütəal Allah Qur’ani-Kərimdə buyurur: “Həvayi-nəfsə itaət etmə, çünki o, səni Allah yolundan saxlayar.”1
Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: “Camaatın ən şücaətlisi odur ki, öz həvayi-nəfsinə qələbə çalsın.”2
dÖrdünCü maneə Çox yeməK
Allahı daim yad və zikr etməyin maneələrindən biri də çox yemək, və qarınqululuqdur. Daim yaxşı və ləzzətli yeməklər hazırlayıb qarnını müxtəlif yeməklərlə doldurmaq istəyən bir şəxs Allahla necə xəlvət edib Onunla ünsiyyət yaradıb raz-niyaz edə bilər?! İnsan dolu qarınla ibadət və dua halını necə əldə edə bilər?! Ləzzəti yalnız yemək-içməkdə görən bir şəxs Allahla münacatın ləzzətini nə vaxt dada bilər?! Buna görə də islamda çox yemək, qarınqululuq məzəmmət olunmuşdur.
İmam Cə’fər Sadiq (ə) Əbu Bəsirə buyurdu: “Qarın çox yemək nəticəsində tüğyan edir. Bəndənin Allaha ən yaxın olduğu vaxt qarnının boş olduğu, ən uzaq vaxtı da qarnının dolu olduğu vaxtdır.”3
O Həzrət (ə) yenə buyurur: “Mütəal Allah qarınqululuğu məzəmmət etmişdir.”4
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “Qarınqululuq etməyin, çünki o, sizin qəlbinizdəki mə’rifət nurunu söndürər.”1
İmam Cə’fər Sadiq (ə) bir hədisdə buyurur: “Mö’min şəxsin qəlbi üçün çox yeməkdən də ziyanlı bir şey yoxdur. Çox yemək qəlbin qəsavətli olmasına, şəhvətin təhrik olunmasına səbəb olur. Aclıq mö’minin yeməyi, ruhunun qidası, qəlbinin təamı və bədəninin sağlamlığıdır.”2
Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: “Allah bir bəndənin məsləhətini istədikdə ona az danışmağı, az yeməyi, az yatmağı ilham edər.”3
Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) yenə buyurur: “Aclıq–nəfsin (istəklərinin) nəzarət altına alınmasına və adətlərin pozulmasına ən yaxşı köməkdir.”4
Əmirəl-mö’minin Əliyyibni Əbitalibdən (ə) rəvayət olunur ki, Mütəal Allah me”rac gecəsi Peyğəmbərə (s.ə.v.v) buyurdu: “Ey Məhəmməd! Kaş, aclığın, sükutun və xəlvət yerdə olmağın şirinliyini, onların əsərlərini dadaydın!” Rəsuli-Əkrəm (s.ə.v.v) ərz etdi: “Pərvərdigara! Aclığın faydası nədir?” Mütəal Allah buyurdu: “Hikmət, qəlbin hifz olunması, Mənə yaxınlıq, daimi hüzn, az xərc etmək, haqq danışmaq, çətinlikdə, yoxsa rifahda olmasının heç bir fərqi olmaması.”
Bəli, Allah yolunun yolçusu sair insanlar kimi yaşayıb həyatını davam etdirmək və ibadətə qüvvə almaq üçün qidaya ehtiyac duyur. Amma o, bədəninin ehtiyaclarını tə’min edəcək miqdarda yemək yeməli, qarınqululuqdan ciddi şəkildə uzaq olmalıdır. Çünki həddindən artıq çox yemək və qarınqululuq halsızlığa, ibadətə rəğbətsizliyə, qəlbin qəsavət bağlamasına və Allahdan qafil olmağa səbəb olur. Bunun əksinə olaraq az yemək və aclıq insanın yüngül olmasına, ibadət etmək və Allaha diqqət yetirməkdə hazırlığına səbəb olur və bu məsələ də tamamilə müşahidə olunur. İnsan ac olan halda ruhi səfaya, nuraniyyətə, xoşluğa malik olur ki, dolu qarınla heç vaxt belə vəziyyətlərə malik olmur. Deməli, təkamül yolçusu bədənin ehtiyacı qədər yeməli, xüsusilə zikr, dua və ibadət hallarında ac olmalıdır.
beşinCi maneə zəruri olmayan sözlər danIşmaq
İnsanı Allah dərgahına yaxınlaşmaqdan saxlayan, hüzuri-qəlb yaranmasına mane olan səbəblərdən biri də faydasız, zəruri olmayan sözlər danışmaqdır.1
Mütəal Allah insana nitq qüvvəsi vermişdir ki, öz ehtiyaclarını aradan qaldırsın. Əgər ehtiyac qədərində danışarsa, bu böyük ne’mətdən düzgün istifadə etmiş olur. Amma əbəs, zəruri olmayan işlərə sərf edərsə, Allahın bu böyük ne’mətini zay etmiş olur. Bundan əlavə, çox danışmaq, hətərən-pətərən sözlər demək insanın fikrini pərakəndə və pərişan edir, nəticədə, Mütəal Allaha diqqət yetirib hüzuri-qəlb tapa bilmir. Məhz buna görə də çox və faydasız sözlər danışmaq hədislərdə məzəmmət olunmuşdur. Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “Çox danışmaqdan çəkinin, yalnız Allah zikrindən başqa. Çünki çox danışmaq – Allah zikrindən başqa – qəlbin qəsavətli olmasına (bərkiməsinə) səbəb olur. Allahdan ən çox uzaq olan insanlar qəlbi qara olanlardır.”2
Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: “Dilini saxla və sözlərini say ki, xeyir deməkdən başqa bir sözün olmasın.”3
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “Danışıq üç cürdür: Faydalı danışıq, sağlam danışıq və faydasız danışıq. Faydalı danışıq Allah zikrindən ibarətdir. Sağlam danışıq Allah tərəfindən sevilən danışıqdır. Faydasız danışıq isə camaat barəsində deyilən əbəs (lazımsız) sözlərdir.”4
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) yenə buyurur: “Dilini saxla. Çünki bu, nəfsin üçün ən yaxşı hədiyyədir. (Sonra buyurdu:) İnsan yalnız dilini saxlamaqla imanın həqiqətinə nail olar.”5
İmam Riza (ə) buyurur: “Üç şey dərrakə və düşüncənin nişanələrindəndir: Səbirli olmaq, elm, sükut. Sükut hikmət qapılarından olan bir qapıdır. Sükut məhəbbətə səbəb olur və hər bir xeyrə yol göstərir.”
Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: “Əql kamil olduqca söz (danışıq) azalar.”1
İmam Cə’fər Sadiq (ə) buyurur: “Heç bir ibadət sükutdan və Allah evinə (həccə) piyada getməkdən fəzilətli deyildir.”2
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) Əbuzərə buyurdu: “Sənə uzun müddətli sükutu tövsiyə edirəm, çünki bu vasitə ilə şeytan səndən uzaqlaşar. Sükut dini qorumaq üçün yaxşı bir köməkdir.”3
Bir sözlə, Allah dərgahına doğru seyr etmək istəyən şəxsə vacibdir ki, öz dilini tamamilə nəzarət altına alsın və ölçülüb-biçilmiş söz danışsın, çox danışmaqdan ciddi şəkildə uzaq olsun, dünyəvi işlər barəsində onun həyatı üçün zəruri olan miqdarda danışsın. Bunun əvəzində dilini zikr, elmi və faydalı mətləblərə, ictimai məsələlərə məşğul etsin.
Böyük ustadımız rəbbani arif əllamə Seyyid Məhəmməd Hüseyn Təbatəbai (rəhmətullahi əleyh) buyururdu: «Mən sükutdan çox dəyərli nəticələr müşahidə etdim. Qırx gecə-gündüz sükut edin, zəruri olan işlərdən başqa bir şey danışmayın, fikr (təfəkkür) və zikrə məşğul olun ki, sizin üçün qəlbi səfa və nuranilik hasil olsun.»
Dostları ilə paylaş: |