Adətən təqva mənfi bir proqram, yə’ni günahlardan çəkinmək və pəhriz etmək kimi təqdim olunur və belə təsəvvür edilir ki, ictimai işlərdə iştirak etməklə təqva halətinin qorunub saxlanması çox çətindir, hətta qeyri-mümkündür də. Çünki insanın nəfsi təbii olaraq günahlara meyl edir, əgər ictimai məs’uliyyətləri qəbul edərsə təbii olaraq günaha doğru çəkiləcəkdir. Buna görə də ya təqvalı və pəhrizkar olmalı və ictimai işlərdən kənara çəkilməli, ya da ictimai məs’uliyyətləri qəbul edərək təqvanı əldən verməlidir. Çünki onların hər ikisinin bir yerə yığışması qeyri-mümkündür.
Bu cür təfəkkürdən belə çıxır ki, insan nə qədər guşənişin olsa bir o qədər təqvalı olacaqdır. Amma ayələrdə, hədislərdə və “Nəhcül-bəlağə”də təqva müsbət bir dəyər kimi qiymətləndirilir. Təqva yalnız günahın tərk olunması deyildir. Əksinə bundan ibarətdir ki, insanda batini bir qüvvə olsun və onunla nəfsini nəzarət altına ala bilsin ki, davamlı məşğələlər, riyazətlər nəticəsində nəfs üçün belə bir səciyyə hasil olsun və nəfsini o qədər gücləndirsin ki, Allahın əmrlərinə müt’i, qeyri-qanuni nəfsani istəklər və meyllər qarşısında müqavimətli və sabit olsun. Lüğətdə də təqva həmin mə’nadadır.
Təqva qoruyub-saxlamaq mə’nasında olan “viqayə” kökündən alınmışdır. Təqva yə’ni, «özünü saxlamaq» və «nəfsi nəzarət altına almaq.» Təqva mənfi və inkari bir iş deyil, insana müsbət sifət və toxunulmazlıq verən bir xüsusiyyətdir. Təqva insanın şəriət qanunları və göstərişlərinə itaət etməklə əlaqədar vəfalı qalmasıdır. Hər günahın tərk edilməsinə təqva deyilmir. Əksinə, təqva insanda günahın tərk edilməsi, nəfsin nəzarət alınması ilə əlaqədar səciyyənin yaranmasıdır. Təqva ən yaxşı axirət ehtiyatıdır. Bu da mənfi deyil, müsbət bir işdir. Nümunə üçün Əmirəl-mö’minin Əliyyibni Əbitalibin (ə) kəlamlarından bir neçəsinə diqqət yetirin:
Gördüyünüz kimi bu hədislərdə təqva müsbət və vücudi bir dəyər, insanı çirkinlikdən saxlayıb ona toxunulmazlıq verən bir qüvvə, güclü nəzarətçi bir amil kimi təqdim olunur. Təqva bir cilova bənzəyir ki, onun vasitəsilə günahkar, ipə-sapa yatmayan nəfs, onun istək və meylləri nəzarət altına alınır və tənzimlənir. Təqva möhkəm bir qalaya və hasara bənzəyir ki, insanı batini düşmənlərinin – yə’ni qanunsuz nəfsani istəklərin və şeytani həvəslərin hücumlarından qoruyur. Təqva şeytanların öldürücü və zəhərli oxlarının qarşısını alan bir sipərə bənzəyir. Təqva insana azadlıq verir, onu həvayi-nəfsin zəncirlərindən, əsarətindən xilas edir, boynundan hərislik, tamahkarlıq, həsəd, şəhvət və qəzəbin buxovlarını götürür. Təqva məhdudiyyət deyil, nəfsi nəzarət altına almaq və onu mülkiyyətə keçirməkdir. Təqva insana izzət, şərafət və şəxsiyyətdə müqavimət verir, qəlbi şeytani fikirlərin hücumundan saxlayıb ilahi mələklərin nazil olması və müqəddəs nurların saçması üçün hazırlayır, əsəb sisteminə aramlıq və xatircəmlik verir. Təqva insanı soyuqdan, istidən və bə’zi hadisələrdən qoruyan paltara və evə bənzəyir.