Qur’an ayələri və hədislərdən mə’lum olur ki, qiyamətdə bəndələrin hesab-kitabı dəqiq şəkildə aparılacaqdır. Onların bütün əməlləri – istər kiçik, istərsə böyük olsun, mühasibəyə çəkiləcək, ən kiçik əməl belə nəzərdən yayınmayacaqdır.
Qiyamət Qur’anda “yovmul-hesab” (hesab günü), Allah-təala isə “səriul-hisab” (hesablara sür’ətlə yetişən) kimi vəsf edilir. Ayə və rəvayətlərə uyğun olaraq bütün bəndələr üçün irəli gələcək ən ağır mərhələlərdən biri əməllərin mühasibəsi və haqq-hesaba çəkilməsidir. İnsan ömrü boyunda tədricən müəyyən işləri görür və bir müddətdən sonra onların əksəriyyətini unudur. Halbuki, ən kiçik əməl belə onun əməl dəftərindən silinmir. Hamısı qeydə alınır və insanla birlikdə qalır. Bu dünyada onlardan, ümumiyyətlə, qafil olmasına baxmayaraq, insanın bəsirət gözünün açıldığı vaxt ölümdən sonra hamısını bir dəfəlik müşahidə edəcək, sonra anlayacaqdır ki, bütün əməlləri, danışıqları, əqidə və fikirləri onun yanındadır və heç vaxt ondan ayrılmayacaqdır.
Qiyamətdə bəndələrin əməllərinin hesab-kitabı dəqiq şəkildə araşdırılacaq, onların müqəddəratı tə’yin ediləcəkdir. Bu zaman insanın zahiri və batini əzaları, eləcə də peyğəmbərlər, mələklər, hətta yer belə, çox çətin və həlledici bir hesabda şəhadət verəcəkdir. Qəlblər o hesabın şiddətindən döyünər, bədənlər qorxudan lərzəyə gələr. O gün elə qorxuludur ki, analar öz qucaqlarındakı südəmər körpələrini unudar, hamilə qadınlar uşağını salar. Hamı işin axırının necə nəticələnəcəyindən iztirab hissi keçirər. Görəsən onların hesablarının axır-aqibətləri Allahın razılığı, azadlıq bəratını əxz etmək, peyğəmbərlərin və Allah övliyalarının qonşuluğu, Ədn behiştində daimi həyat və Allahın layiqli bəndələrinin qonşuluğunda olmaqla nəticələnəcəkdirmi, yoxsa Pərvərdigari-aləmin qəzəbinə düçar olaraq məxluqatın arasında rüsvay olacaq və cəhənnəmdə əbədi yaşayacaqdır?
Hədislərdən mə’lum olur ki, bəndələrin hamısının hesabı eyni səviyyəli deyildir: bə’zilərinin hesabı çox ağır və uzun, bə’zilərinin hesabı isə sadə və asandır. Hesab müxtəlif mərhələlərdə yerinə yetirilir. Hər dayanacaqda bir şeydən sual olunur. Dayanacaqların ən çətini başqalarının haqqını ödəmə dayanacağıdır. Bu dayanacaqda camaatın hüquqlarından, insanın onlara etdiyi zülmdən sual olunar. Orada hesab tamamilə düzəlməli, hər kəs öz borcunu borc sahiblərinə qaytarmalıdır. Amma çox təəssüflə, orada borclarını ödəmək üçün insanın ixtiyarında heç bir mal-dövlət olmayacaq. Məcbur qalaraq öz yaxşı əməllərindən – əgər olsa – götürüb borclarının əvəzinə verməli olacaqdır. Əgər yaxşı əməli olmazsa borc sahiblərinin pis işləri onun əməl dəftərinə yazılacaq.
Qiyamət çox çətin bir gündür. Allah hamımızın fəryadına çatsın! Əlbəttə hesabın çətin və uzun olması bəndələrin hamısı üçün eyni dərəcədə deyildir. Fərdlərin yaxşı və pis əməllərinə, onların miqdarına görə fərqlənir. Lakin təqvalılar və Allahın layiqli bəndələri üçün çox qısa və asan olacaqdır.