BAHAR-NOVRUZ BAYRAMINIZ MÜBARƏK!!!
Gecədən səhərə qədər çox evlərin işıqları sönmədi. Bu o deməkdir ki, həmin qız-gəlinləri sabaha, Novruz xonçasının əvəzolunmaz şirniyyatlarını tamamlamaq üçün çalışır, zəhmət çəkir. Səhər hələ ez saatlardan küçə və yollarda çoxlu adam görünür. Onlar dünyasını dəyişmiş əzizlərini, yaxınlarını bu bayram günündə yad etmək üçün məzarlığa tələsirlər. Günorta saatlarına qədər hamı evinə tələsir, çünki, hələ bayram təamlarının süfrədə yerini alması üçün vaxta az qalır. Kasıbından, imkanlısından asılı olmayaraq, hamının evindən, çox şükür ki, Novruz nemətlərinin iyi çıxır. Bu yəqin ki, xalqımızın bir-birinə əl tutmaq kimi gözəl adətinin olmasından irəli gəlir.
19.03.2011.
Mədəniyyət və turizm şöbəsinin qarşısı bayram libasına bürünüb. Gül-çiçək, səmənilər, xalı-xalçalarla bəzədilmiş bu məkan insanlarla doludur. Əhalinin maraqla gözlədiyi Novruz şənliyi böyükdən-kiçiyə hər bir tamaşaçının zövqünü oxşadı. Bir-birini tamamlayan maraqlı komik tamaşalar, kosa ilə keçəlin məzəli oyunları, pəhləvanın gücünü nümayiş etdirən maraqlı nömrələri, müxtəlif xalq oyunları, folklor nümunələri, Dədə Qorqudun xalqımıza xeyir-duaları, Bahar qızın alqışları, həmçinin gözəl musiqilər, rəqslər hər kəsin çöhrəsinə bahar gözəlliyi, hər kəsin qəlbinə yaz təravəti bəxş etdi. Bu həqiqətən də, sabah yurdumuza qədəm qoyacaq Novruza- “Yeni gün”ə yeni xoş ovqat, mədəniyyət işçilərinin böyük zəhmət hesabına başa gətirdiyi hədiyyəsi idi.
16.03.2011.
Bu dəfə heç vaxt yazmadığım bazar qiymətlərindən yazacam. Rayonumuzun ən dadımlı və əsla vaz keçmədiyimiz, bayram süfrəmizin əsas neməti Balığın qiyməti bu günlərdə soruşanları şok vəziyyətə salıb. Adi günlərdə 5-7 manata satılan ziyad-kütüm balığı 25 manatdan aşağı satılmırdı. Qızın soyuğunda, balığın qıt vaxtında belə qiymət olmamışdı. Süd, göyərti, meyvə çox baha satılırdı. Yumurtanın, smetanın, xurmanın, mayanezin, fındığın qiyməti isə yaxşı idi. Maaşların yarı hissəsinin, təqaüdlərin verilməsi isə yerinə güşdü.
15.03.2011.
Bu gün IV çərşənbə-İlaxır çərşənbəsidir. İlaxır çərşənbə novruz qədər təmtəraqlı keçirilir. Çünki, el adətincə bu günü necə keçirərsənsə bütün ilini də elə başa vurmalı olarsan. Buna görə də hər evdə şamlar yandırılır, xonçalar bəzənir, gözəl süfrə qurulur, təzə paltar geyinilir. Əvvəllər nədənsə, (15-20 il və daha neçə illər bundan öncə) ilaxır çərşənbədə rayonumuzda novruz tonqalı qurmaq günah hesab olunur, su çərşənbəsi isə hesaba alınmırdı. Belə ki, çərşənbələrin 4-ü yox, 3-ü qeyd olunurdu. Amma sonradan bu yalnız yaşlıların yaddaşına köçməli oldu.
14.03.2011.
Artıq uşaqların maraqla gözlədiyi papaqatdı başladı. Yumor hissi güclü olan uşaqlar buna xüsusi zövqlə edir. Bu da Novruzun gözəlliyini, şirinliyini artırır.
13.03.2011.
Bu ayda III ölüm hadisəsi-üçü də gənc yaşında dünyasını dəyişdi. Belə ki, 13 mart 2011-ci il tarixində saat 04:00 radələrində Neftçala şəhər sakini, 1994-cü il təvəllüdlü Rəsulov Vüqar Şükür oğlu həyətyanı sahələrində mal-qara üçün tikilmiş tövlədə özünü asaraq intihar etdi. Allah Rəhmət eləsin!
08.03.2011.
Bu gün “8 mart Beynəlxalq qadınlar bayramı”dır. Ən əsası isə III çərşən-gül çərşənbəsidir. İkisi birində olan gözəl bayramınız mübarək olsun əziz Azərbaycan xalqı!
07.03.2011.
Rayonun “Xatimə” şadlıq sarayında “8 Mart Beynəlxalq Qadınlar bayramı” münasibətilə tədbir keçirildi.
05.03.2011.
Rayon Mədəniyyət və İncəsənət sarayında “8 Mart Qadınlar bayramı” münasıbətilə konsert keçirildi.
03.03.2011
03 mart 2011-ci il tarixində saat 20:00 radələrində Bankə qəsəbə sakini, 1995-ci il təvəllüdlü Cəfərov Rəsul Laiq oğlu həyətyanı sahələrində çardaqdan özünü asaraq intihar etmişdir. Allah Rəhmət eləsin!
01.03.2011.
Yurdumuza II çərşənbə-Kül çərşənbə qədəm qoydu. Mart öz gəlişi ilə bu çərşənbə sevincini bizlərə bəxş etdi. Həyətlərdə Novruz tonqalları yandırıldı. Neçə illlərdir ki, binaların həyətlərində gənc və yeniyetmələr bu çərşənbələrdə əsl konsert, şənlik təşkil edirlər. Artıq ənənə halını alan bu özfəaliyyət proqramı sözün əsl mənasında hər bir məhəllənin bir-birinin bəhsinə gözəl təşkilatçılıq bacarıqlarının nümayişində özünü göstərir. Gecə maşınların işığında, böyük tonqal ətrafında çalıb-oxumağı bacaranlar, yığışaraq şənlənir və şənləndirirlər. (bəzi məhəllələrdə maqnitofonla da keçinirlər). Qadın və qız tamaşaçılar isə kənardan, yaxud da pəncərələrdan baxmaqla kifayətlənirlər. Ara sakitləşəndən sonra isə qadınlar da düşüb tonqaldan hoppanırlar. Bayramımız Mübarək!
01.03.2011.
Bu gün baş verən acı bir hadisə eşidənləri çox sarsıtdı. Belə ki, saat 15:00 radələrində Neftçala-Bankə yolunda Bankə qəsəbə sakini, 1989-cu il təvəllüdlü Abdullayev Orxan Mirəli oğlu idarə etdiyi Jiquli avtomobili ilə velosiped sürən Neftçala şəhəri Qarəvəlli yaşayış məntəqə sakini, 1997-ci il təvəllüdlü Əliyev Elman Qurbanəli oğlunu vurmuşdur. Əliyev Elman Qurbanəli oğlu xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmamışdır. Allah Rəhmət eləsin!
FEVRAL:
25.02.2011.
Rayon mədəniyyət sarayında bu gün erməni faşistləri tərəfindən törədilən XX əsrin dəhşətli faciəsi Xocalı soyqırımının 19-cü ildönümü ilə əlaqədar ədəbi-kompozisiya keçirildi. Gözəl aktyor oyunu, səhnə daxilində müğənnilərin ürək titrədən ifaları, sənədli kinoxronikalar göz yaşları ilə izləyən tamaşaçılarda bir daha düşmənə nifrət hissini coşdurdu. Bununla yanaşı, Xocalı qəhrəmanlarına həsr olunmuş fotoklip, müstəqil dövlətimizin milli ordu quruculuğundakı inkişafla bağlı sənədli filmlərdən parçalar və ən nəhayət, rayon “N” saylı hərbi hissənin bir qrup əsgərlərinin marş sədası altında hərbi paradı hər bir izləyicidə Vətən məhəbbəti, torpaqlarımızın işğaldan azad edilməsi istəyi, dövlətçiliyimizin qorunması amalını artırdı.
22.02.2011.
Bu gün ilk çərşənbədir. Bu çərşənbə el arasında yalançı, həm də su çərşənbəsi kimi adlandırılır. Əslində bu gün səhərin alatpranında axar sudan su gətirilər, evə, həyət çilənər, bu da təmizliyə, paklanmağa inam göstərirdi. İndi isə buna əli çatmayan müasir insanlar, evlərini boş qoymur, (işığı yanmalıdır) ən azından ocağı üstündə nütləq qazan qaynadmaqla (gözəl nemət bişirməklə) ruzularının artmasına inanırlar. İlk çərşənbəmiz Mübarək!
20.02.2011.
Ölümlərin ən gözəlidir, ömrün şəhidlik zirvəsi. Bu mübarək ölüm Turalın da qismətinə yazıldı. Ən böyük arzusu idi şəhid olmaq. Milli Qəhərəman Mübariz İbrahimovun şəklini həmişə cibində gəzdirərdi. Nəhayət ki, arzusuna çatdı, torpaqlarımızı yağı düşməndən qoruyarkən şəhid oldu. 2009-cu ilin oktyabr ayında Neftçala rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış Aşağı Qaramanlı kənd sakini, 1990-cı il təvəllüdlü Hüseynov Tural Murad oğlu 20 fevral 2011-ci il tarixində xidmət etdiyi Tərtər rayonunda 157 nömrəli hərbi hissədə düşmənlə atışma nəticəsində snayperdən açılmış güllə nəticəsində şəhid oldu.
17.02.2011.
Qışın sonuna çatsaq da, qar yağmadı, uşaqlar həsrətlə o günü gözləyi. 16-sından respublikanın əksər rayonlarına qar düşsə də, rayonumuz sazanaq yağışla kifayətlənməli oldu.
15.02.2011.
Neftçala Rayon İcra Hakimiyyətinin akt zalında “2010-cu ilin sosial- iqtisadi inkişafın yekunları və 2011-ci ildə qarşıda duran vəzifələrə dair” tədbir keçirildi. Burada Rayon İcra Hakimiyyəti başçısı T.Qaraşovun bu mövzu ilə əlaqədar hesabatı dinlənildi. Tədbirdə , həmçinin Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Rəhimzadə Arif Qafar oğlu, Prezident Adminstrasiyası Yerli Özünüidarəetmə Orqanları İlə İş Şöbəsinin baş məsləhətçisi Abdullayev Dəyanət Qurbanəli oğlu da iştirak etmiş və öz fikirlərini bildirmişlər.
12.02.2011.
Rayonda əhalinin qaz probleminin aradan qaldırılması ilə əlaqədar təmir-quraşdırma işlərinə başlanıldı. Belə ki, küçələrdə qazıntı işləri aparılır, köhnə borular yeni plastik borularla əvəz edilir. Bu çox təqdirəlayıqdir. Pis tərəfi isə sakinlər yeni asfaltlanmış küçələrin dadını çıxartmamış yenidən daxili yolların bərbad hala düşməsidir.
15.02.2011.
Rayon İcra Hakimyyətinin iclas salonunda şura iclası keçirildi. Şurada rayon icra başçısı T.Qaraşov görülən işlər barədə geniş hesabat məruzəsi etdi.
04.02.2011
Neçə illərdir davamlı olaraq eyni ərazidə dəhşəti ilə yadda qalan yeni yol qəza hadisəsi baş verdi. Belə ki, 04 fevral 2011-ci il tarixində saat 06:30 radələrində Neftçala-Salyan yolunda (el arasında Qaravəlli deyilən ərazidə) ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, Həsənabad qəsəbə sakini, 1974-ci il təvəllüdlü Hüseynov Feyzulla Xeyrulla oğlunun idarə etdiyi PAZ avtobusu ilə Neftçala şəhər sakini, 1981-ci il təvəllüdlü Hüseynov Ələşrəf Qəhrəman oğlunun idarə etdiyi Mersedes-Benz markalı minik avtomobili qəribə şəkildə toqquşmuşdur. Şahidlərin dediyinə görə avtobus Bankədən dönərkən yolun ortasında maşının mühərrikində nasazlıq yaranmış, qarşıdan sürətlə gələn mersedes maşını isə qəzadan yayına bilməmişdir. Nəticədə mersedesdə olan sərnişinlər Neftçala şəhər sakinləri 1971-ci il təvəllüdlü Piriyev Şahmar Tapdıq oğlu və 1981-ci il təvəllüdlü Qəmbərov Əlizamin Hüseyn oğlu qəza nəticəsində aldıqları xəsarətdən hadisə yerindəcə dünyalarını dəyişmişlər.
03.02.2011
03 fevral 2011-ci il tarixində saat 10:00 radələrində Xıllı qəsəbə sakini, 1974-cü il təvəllüdlü Muradova Nisə Mirdaməb qızı həyətyanı sahələrində hamamda özünü asaraq intihar etmişdir.
02.02.2011.
“Xatimə” şadlıq sarayında “2 Fevral Gənclər günü” ilə əlaqədar ümumrayon tədbiri keçirildi. Şən və maraqlı keçən bayram gecəsi iştirakçılara gözəl istirahət bəxş etdi.
01.02.2011.
Axşama yaxın güclü külək əsdi. Soyuq və şaxtalı hava bir qədər sulu qarın yağması ilə səhərə yaxın boşaldı. Qar yenə də onu gözləyənləri intizarda qoydu. Amma düz 14 il əvvəl sakit, mülayim hava, bir-neçə saat ərzində soyuq qışa keçmiş, gecə güclü qarın yağması ilə hər kəsi təəccübləndirmişdi. Bu gün isə belə olmadı.
YANVAR:
28.01.2011.
Müammalı ölüm hadisəsi: 26 yanvar 2011-ci il tarixində saat 16:56 radələrində Bankə qəsəbə sakini, 1980-cı il təvəllüdlü Abbasov Aydın Fazil oğlu Rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasında özünü döşək ağı ilə asaraq intihar etmişdir. Ölməzdən əvvəl məktub yazıb qoysa da, yaxınlarının dediyinə görə Abbasov Aydının ölüm hadisəsində şübhəli məqamlar var.
26.01.2011
Eşitdiyimiz ölüm hadisəsi hər kəsi şoka saldı. 2011-ci il yanvar ayının 26-dan 27-nə keçən gecə axşam radələrində Bankə qəsəbə sakini, 1949-cu il təvəllüdlü, mehmanxanada gözətçi işləyən Axundov Ədalət Əliağa oğlunun boğaz nahiyəsini bıçaqla kəsərək öldürmüşlər. Qətl hadisəsini törədənlər və səbəb məlum olmasa da hamı üçün müəmmalı oldu. Çünki 3 uşaq atası, həddən artıq məzlum və kasıb olan bu adamı öldürmək üçün tutarlı bir səbəb olmalı idi.
25.01.2011.
Bu gün Neftçala sakinləri üçün hüzünlü gündür. Çünki, məhz həmin gün, rus ordusu1990-cı il yanvarın 20-də baş verən qanlı hadisəni bu balaca rayonda da təkrarlamağa çalışdı. Nə qədər adamı tutub apardılar, onlara əziyyət verdilər. 3 nəfər isə şəhid oldu. Allah rəhmət eləsin!
20.01.2011.
Şəhidlər abidəsinin önü insan axını ilə doludur. Burada “20 Yanvar şəhidləri”nin 21-ci ildönümünü münasdibətilə anım mərasimi keçirildi. Rayon əhalisi həzin musiqi sədaları altında dəstə-dəstə keçərək, abidə önünə qırmızı qərənfillər qoydular, şəhidlərin ruhuna Rəhmət dilədilər. Allah rəhmət eləsin! Günorta saatlarında televiziyanın iki kanalında Az.tv və İctimai.tv-də yanvarın 25-də rayonumuzda baş verən yanvar faciəsi ilə bağlı verilişdə şahidlərlə müsahibə aparıldı.
01.01.2011.
Artıq yurdumuza yeni il-2011-ci il qədəm qoydu. Gəlişi ilə ruzu soraqlı yağış gətirdi. İnsanların ümidlə gözlədiyi, bərk yağan yağış, axşama yaxın 2 aydan çox keçən quraqlığa vida etdi. Qədəmlərin uğurlu olsun Yeni il!
29.12.2010.
Bu gün Dördlər kəndində yerləşən yeni “Dördlər” şadlıq evində “Dünya Azərbaycanlılarının Həmrəylik günü” və Yeni il münasibətilə tədbir keçirildi. Geniş, ikimərtəbəli, müasir üslubda tikilmiş bu yaraşıqlı binada, rayonun İcra nümayəndələrinin və bütün idarə və müəssisələri işçilərinin qatıldığı bayram şənliyi iştirakçılara yeni il sevinci bəxş etdi.
2010-cu ilin statistik hesablamalarına görə rayon əhalisinin sayı 81265 (81,3) nəfər olmuşdur.
Rayonda Qarabağ əlilləri üçün 16 mənzilli ev, 82 sayda isə fərdi ev tikilmişdir.
Dostları ilə paylaş: |