Neftçala rayonun Şorkənd kəndinin
Səlnaməsi.
MKS-in 48 saylı FL.kitabxanası.
Azərbaycan xalqı dünya yaradılandan mövcud olmuşdur. Ata-babalarımız Azıx mağarasında yaşamış , artmış, qəbilələrə, tayfalara, icmalara bölünmüşdür. Bir sözlə tariximiz qədim dövrlərə təsadüf edir.
Dünyada yaranan ölkələrin, şəhərlərin, rayonların və kəndlərin özünə məxsus yaranma tarixi var.
Neftçala rayonunun Cəngən Sovetliyinin tərkibində kiçik bir kənd var. Bu Şorkənd kəndidir. Şorkənd kəndinin tarixi keçən əsrin əvvəllərinə təsadüf edir. Şorkənd kəndi “Duzlaq” adlanan duz dağının yanında yerləşmişdir. Adından məlum olduğu kimi torpaq şorlaşmış halda olmuşdur. Torpaq öz fizioloji tərkibinə görə mineral duzu çox olan yararsız haldadır. Torpağın rəngi boz-qəhvəyi, şabalıdı və boz rəngdədir. Şorkənd kəndinin yaşayış yeri düzəngah olduğundan buradan yaşamaq üçün yox, ov üçün istifadə edilirdi. Yaxın rayonlardan biri olan Salyan rayonunun varlı bəyləri ova gəlib, dincəlirdilər.
Bundan başqa keçən əsrin əvvəllərində Azərbaycanın ən qədim torpaqlarından biri olan Şamaxı şəhərinin “Cəyirli” kəndində yaşayan, heyvandarlıqla məşğul olan əhali buraya qışlaq üçün öz qoyun və mal sürülərini götürüb gəlirmişlər və qış aylarını burada keçirirmişdilər. Həmən qış vaxtı qışı keçirtmək üçün qoyun və keçi dərilərini başa-baş tikib “Qarakeçə” adlanan çadırları yerdən qazılmış halda qurub yaşayırdılar. Yenə yaz vaxtı gələndə əhali öz doğma yurdlarına köçüb,yay aylarını keçirərdilər. Bir sözlə o vaxtdan əhali qışda gedib, yazda gələ - gələ, əksəriyyəti oturaq həyata keçirlər. Ona görə əhalinin bəziləri “ceyirli”lər adlanır. Oturaq olan əhali heyvandarlıqla məşğul olur.
Bundan başqa yenə keçən əsrin əvvəllərində Bərdədən, Şəkidən dəvə karvanları buraya un ilə yüklənib gəlir və gedəndə isə duz aparırmışlar. Böyük Vətən müharibəsi illərində, “aclıq” deyilən vaxtlarda duz yerli əhalinin dadına yetmişdir. Bu duzu əhali kisələrə yığıb qonşu rayon və kəndlərə aparıb, əvəzində un, sarı buğda, arpa unu alıb öz balalarını saxlayırmışlar.
Kəndin adına gəldikdə, bütün yuxarıda deyilənlərlə əlaqədar olaraq kənddə yaşayan, hamının xüsusi hörmət etdiyi nəcib seyid Ağamiraslan ağa kəndin adını “Şorkənd” qoymuşdur. O, vaxtdan kəndin adını “Şorkənd” adlandırmışlar.
Kəndin kənarından öz füsünkar gözəlliyi ilə mənbəyi Türkiyədən başlayan, mənsəbi Neftçalanın Sübh kəndi yaxınlığında Xəzər dənizinə qovuşan Kür çayı axır. Çayın tez - tez daşması nəticəsində torpağın şorluğu nisbətən yuyulub, təmizlənmişdir. Sonralar isə oturaq olan əhali bu düzəngahda yaşıllıqlar salmağa başlamışlar. Kəndin digər kənarında əkin sahələri salınmışdır. Burada əhali yonca, arpa, buğda, bostan sahələri salmış və onunla məşğul olmuşdurlar. Həm əkinə, həm də heyvan saxlamaq ücün əlverişli şəraitə görə qonşu rayonlardan və qonşu kəndlərdən yaşamaq ücün insanlar burada məskən salmışlar.
1918-ci ildə erməni daşnakları torpaqlarımıza növbəti təcavüzü nəticəsində onların azğın qoşunları Şorkəndə qədər gəlib çıxmışdılar. O zamanın “qoçu “adlandırılan bəylərindən Ağamalı və Səfəralı qardaşlarının butulkaları benzin ilə dolduraraq, başına pambıq keçirib alışdırmış, o, taydan bu taya keçən barkaz və qayıqları alovlandırmışlar. Bu taya keçə bilməyən erməni azğınları gedib, Neftçala rayonunun Cəngən Sovetliyinin tərkibində olan “Beşdəli” kəndinə çıxmış və orada öz iyrənc əməllərini etməyə çalışmışlar. Amma, bunu belə qoymayan türk ordusunun komandanı Nuru paşa öz əsgərləri ilə gəlib, onları qovmuşdur. Bundan sonra Ağamalı və Səfəralı qardaşları öz hesablarından onlarla qoyun və heyvanlar kəsib ordunu bir neçə gün qonaq saxlamışdılar.
Daha sonra kənd əhalisi əkinçiliklə məşğul olmağa başladılar. Su əkinə çıxmadıqda əhali 3 və 5 metr hündürlüyündə kanallar qazmağa başladılar. Yazda Kür çayının daşması nəticəsində həmin kanallara artıq suları ötürüb su ambarı kimi istifadə ediblər. Bundan başqa su kanalları qazaraq yelçarxı vasitəsi ilə də əkin sahələrini suvarmışdılar. Daha yaxın gələcəklərdə iki kənddən bir iri su motorları ilə Kür çayı yaxınlığında yaşayan əhalinin suya olan təlabatını ödəmişlər. Bununla da heyvandarlıqla yanaşı əhalinin məşğuliyyətində əkinçilik də xüsusi yer tutdu.
Böyük Vətən müharibəsi başlandı. Bu müharibə Azərbaycana da öz təsirini göstərdi. Azərbaycanın qəhrəman övladları bütün bölgələrindən müharibəyə gedib, öz şücaətlərini göstərdilər. Onların arasından minlərlə əsgərlərimiz itgin, yaralı, qara kağızlı, həm də sinəsi orden və medallı oldu. Azərbaycanın bölgələrindən gedən əsgərlər içərisində Şorkənd kəndindən də gedən əsgərlərimiz olmuşdur. Bunlar içərisində həm itkin düşəni, həm də onlarla qara kağızı gələni olmuşdur. Sinəsi orden və medallı gələn kənd əhalisindən Əlibaba Bağırov, Mirəli Göyçayev, Qara Göyçayev, Rza Gelalıyevi misal göstərə bilərik. Bu qəhrəman oğullar içərisində Bağırov Əlibaba bizim ailə üzvlərimizdəndir. O, müharibədə topçu komandir olmuşdur. Top atəşi nəticəsində qulaqları tutulmuş və ömrünün axırına kimi açılmamışdır. Bu insanlar biz nəsil üçün fəxr və örnək yeri olmuşdur. O, keçən əsrin 90-cı illərinə qədər sağ qalmışdır. Böyük Vətən müharibəsində Şorkənddə yaşayan qadınlar arxa cəbhədə kişilərin boynuna düşən işləri də özləri görürdülər. Arpa və buğdaları ambarlara at arabaları ilə daşıyıb, orada döyüb, təmizləyib, dəyirmanlara daşıyıb, un üyüdürmüşlər. Bundan başqa heyvandarlıqla, əkin sahələri ilə məşğul olurdular. Bu qadınlar çölün kişiləri, evin isə qayğıkeş qadını olmuşdular.
Bu illərdən sonra Şorkənd kəndinin sakinləri çoxalıb, artmağa başlamışdır. Bir-birindən gözəl evlər, məktəb, mağaza, kitabxana salınmışdır. Kəndi iki hissəyə bölən gözəl şose yolu vardır. Bu yol kəndə xüsusi gözəllik verir. Qonşu kənd olan Qaraqaşlı kəndində “Şəfa” Qaraqaşlı broyler fabriki vardır. Kəndin yeniyetmə və cavanlarının əksəriyyəti bu fabrikdə işləyirlər.
1988-ci ildən Azərbaycanda başlanan özbaşınalığın yeli, Şorkənd kəndindən də yan keçmədi. O dövrdə Bakıda təhsil alan tələbələrinin əksəriyyəti çətinliklərlə üzləşdilər. Bakıya gediş-gəliş cətinləşdi. Daha sonra ermənilərlə döyüş nəticəsində Şorkənd kəndindən neçə-neçə cavan oğlanlar könüllü dəstələrə qoşulub vuruşa getdilər. Onlardan Faiq Mayılov Əlibala oğlu kəndin ilk şəhidi oldu. Hamı bu itkini ürəkağrısı ilə qəbul etdi. Silaha sarılıb gedən oğulların da heç ardı-arası kəsilmədi. Novruzov Azər, Mədətov Mədət, Ağayev Nemət Qarabağ əlilləri kimi geri döndülər. Şorkənd kəndinin əsas məktəbi ilk Qarabağ şəhidi olan Faiq Mayılov adınadır.
Kolxoz və sovxozlar dağıldıqdan sonra torpaqlar əhaliyə paylandı .Əhalinin çoxusu torpağa bağlandı, əkinçiliyi daha da genişləndirdilər. Hazırda Şorkəndli cavanlardan Moskvada, Sankt-Peterburqda da yaşayanlar vardır. Şorkənd kənd sakini Xankişiyev Xalid Ağapaşa oğlu Sankt - Peterburqda keçirilən boks üzrə dünya yarışında 2-ci yer tutmuşdur. O, hal-hazırda Rusiyanın Moskva şəhərində yaşayır.
Yenidənqurma zamanı Şorkənd kənd sakini Bağırov Nuhu Əlibaba oğlu “Vətən” kooperativi yaratdı. 102 hektar torpaq sahəsi, 500 baş qoyun, 60 baş iri buynuzlu heyvan və 12 nəfərdən ibarət kiçik bir kollektivin sədri idi. Bu təsərrüfatda həm tərəvəz və bostan bitkiləri, yonca, pambıq, arpa, buğda sahələri var idi. Özünün şəxsi pambıq əkən traktor, presbağlayan, taxıl əkən və s.kimi əkinə lazım olan texnikası var idi.
İndi hal-hazırda Şorkənd kəndi inkişaf etmiş kəndlərdən biridir. Məktəbi müvəffəqiyyətlə bitirmiş gənclər institutlara, universitetlərə qəbul olurlar. Onların bəziləri Bakı şəhərində yaşayırlar. Bundan başqa qızlar sənət məktəblərinə daxil olur və öz sənətləri ilə xalqa qulluq edirlər. Məktəb şagirdləri və kənd əhalisi , məktəb binasında yerləşən kitabxananın fondundan geniş istifadə edirlər. MKS-nın 48 saylı fl. kitabxanaçısı olaraq, mən, Bağırova Ümidə onları kitab, jurnal və qəzetlərlə təmin edirəm. Bu gün kənd inkişaf edib, müasirləşir. Kənddə yerləşən məktəbdə isə uşaqlar təhsil alırlar. Kiçik məktəbdə 100-ə yaxın şagird təhsil alır. Bu əsas məktəbin direktoru Ağalarova Fərqanədir. O, da həmən məktəbi bitirib. Ali təhsil alandan sonra öz doğma məktəbinə qayıdıb, bir müddət işləyəndən sonra o direktor vəzifəsinə qədər yüksəlmişdir. Hal-hazırda məktəbdə işləyən əksər müəllimələr də burada ilk təhsillərini almışlar. Bunlardan Ağalarova Şərabanı ADU-ni bitirmişdir. Ağalarova Tünzalə Şirvan şəhərində müəllimlər İnstitutunun bitirmiş, sinif müəlliməsi işləyir. Başqa yerlərdən də bu məktəbə işləməyə gələn müəllim və müllimələr vardır. Onlar gələcəyimizin gənclərini düzgün təlim və tərbiyə verib, işıqlı sabaha aparırlar.
20- Yanvarda məktəbin direktoru A. Fərqanə və kitabxana işbilərinin səyi nəticəsində uşaqları Bakıya Şəhidlər xiyabanına apardılar. Ölkəmizin mərd igid oğullarını və qızlarını məktəblilərə tanıtdırdı. Onların həyatından söhbət açdılar. Məktəbdə xüsusi tədbirlər keçirirlər. Bu tədbirlərin keçirilməsində kənd kitabxanasının xüsusi yeri var. Novruz bayramının keçirilməsi, tonqalların yandırılması, uşaqların “Azərbaycan folkloru” kitabından istifadə edib, gözəl tədbir keçirirlər. Bu bir ənənə şəklini almışdır.
1986-cı ildən üzü bu yana kəndin kənarında yerləşən Kür çayı yaz ayları olan aprel və may aylarında daşır.Ətraf həyətlərə zığ suları daxil olur. Bu da əkinə və evlərə yüksək miqdarda zərər vurur.
Balaca Şorkənd kəndində 1000-ə yaxın əhali yaşayır. Yüzlərlə bir-birindən gözəl evlər, 3 mağaza, 1 tibb məntəqəsi, 1 məktəb və kənd kitabxanası mövcuddur. Bütün bunlar əhalinin yüksək mədəniyyətindən xəbər verir. Kür çayının o biri tərəfində Salyan şəhəri yerləşir. Əhalinin bir hissəsi bu şəhərdə işləyir və yeniyetmələri təhsil alırlar.
Təməli 1969-cu ildən qoyulan Brolyer fabriki bu gün də kənd camaatının ixtiyarındadır. Bu fabrikin ilk təməli Şorkənd kənd sakini Əbilov Əlipaşa tərəfindən qoyulmuşdur. O bu fabrikdə neçə-neçə cavanları başına toplayaraq fabriki yeniləyib, yeni texnikalar, işçi qüvvələri toplayıb öz səmərəsini vermişdir.O gündən bu günə bu fabrik işləyir, halal əllə kəsilmiş, təmiz qablaşdırılmış və bütün respublikanın ticarət mərkəzlərinə göndərilir. Bu fabrikdə təkcə Şorkənd əhalisi deyil, yaxın kəndlərin və Salyan, Babacanlı şəhər, qəsəbələrindəndə işçilər cəlb olunur.
Şorkənd kəndinin başlanğıcında təməli 2000-c ildən qoyulan Kərpic zavodu fəaliyyət göstərir. Bu da işsizliyin qarşısını almış olur. Bir neçə kənd camaatı bu zavodda işləyir. Burada kəsilən kərpiclər son texnologiya ilə hazırlanır, respublikamızın müxtəlif bölgələrinə göndərilir. Bişmiş olan bu kərpiclər evlərə istilik və yaraşıq verir.
2010-cu il aprel və may aylarında Şorkənd kəndi böyük bir fəlakətlə üzləşmişdir. Fəlakət kəndin sağ sahilindəki Kür çayinin daşmasi nəticəsində baş vermişdir. Bu vaxt hamı növbə ilə bənd vurmada iştirak etmişdir. İndi isə möhtərəm prezidentimiz İlham Əliyevin sərəncami ilə böyük bənd vurma işi gedir. Yüksək ağır texnikaların işgüzarlığı, torpaqların daşınması 4-5 metr hündürlükdə vurulan bəndlər kəndi növbəti baş verə biləcək fəlakətlərdən xilas edəcək.
Ulu ondərmizin vəfatından 7 il keçməsi ilə bağlı Şorkənd kəndi 48 saylı filal kitabxanasında anma mərasimi keçirildi. Anma mərasimində kitabxana işciləri kənd sakinləri ilə birlikdə ulu öndərimizin Azərbaycan Respublikası üçün etdiyi uğurlu siyasəti ilə bağlı geniş diskusiya aparıldı. “Uşaqlar bizim gələcəyimizdir”, “Mən fəxr edirəm ki, azərbaycanlıyam”,” Təhsil millətin gələcəyidir”. “Azərbaycanın müstəqilliyi əbədidir, daimidir və sarsılmazdır.”
“1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Cumhuriyyəti tariximizin parlaq səhifəsidir”. “Azərbaycanın bugünkü gənc nəsil gələcəkdə onu yüksəklərə qaldıracaq” şüarıları altında deniş mövzuda söhbətlər aparıldı.
2013-cü il may ayının 9-u ümummilli liderin 90-illik yubleyi ilə bağlı respublikada keçirilən tədbirləri hamının gözü önündə bir daha onun keçdiyi həyat yolu canlandı. Kənd kitabxanasının məktəblə birgə təşkil etdiyi tədbir kənd əhalisi tərəfindən böyük rəğbətlə qarşılandı. Hamı bir nəfər kimi əsrarəngiz ömür keçmiş bir insanın respublikamızın çiçəklənməsi üçün və Azərbaycan mədəniyyətinin inkişafı üçün göstərdiyi xidmətləri rəğbəbətlə xatırladılar. Azərbaycan Respublikasının gəncləri həmişə xalqımızın çiçəklənməsi uğrunda əllərindən gələnini əsirgəməməkləri haqqında fikirlər vurğulandı. Şorkənd kəndin sakinləri dünyanın hər bir yerində vətəndaş kimi yaşayırlar. Onlar vətəni Azərbaycanın daxili və xarici siyasətini dəstəkləyir. Harada olurlar olsunlar öz vətəniləri haqqında həmişə yüksək fikirdə olurlar. Ürəkləri vətəni üçün döyünür.
Kənddə qurulan yeni ailələr üçün yeni yaşayış binaları tikir və onların orda yaşaması üçün her cür şərait qururlar.
Kəndlilər kənddə fəaliyyət göstərən kənd kitabxanasından istifadə edirlər. Kitabxanada keçirilən görüşlər əhalinin boş vaxtlarından səmərəli istifadə etməsinə gətirib çıxarır.
Son.
Dostları ilə paylaş: |