8-ci məktub
İmam Əli əleyhis-salamın Cərir ibn Abdullah Bəcəlliyə, onu (bey’ət almaq üçün) Müaviyənin yanına (Şama) göndərərkən yazdığı məktublardandır.1 Allaha həmd və Həzrət Peyğəmbərə (səlləllahu əleyhi və alih) salamdan sonra: mənim məktubum sənə çatan kimi Müaviyəni işini sona çatdıraraq bir tərəf barəsində qəti qərara gəlib hazırlaşmağa vadar et. (Sərgərdanlığı özündən uzaqlaşdırsın və səni yubatmasın, bey’ət etməkdə bəhanə axtararaq bu gün–sabah etməsin.) Sonra ona camaatı məcburiyyət və nigaranlıqla öz vətən və asayiş yurdundan didərgin salan dağıdıcı müharibə ilə xaredici sülh və barışıq arasında sərbəst seçim etmək imkanı ver. (Çünki barışıq acizliyin nişanəsidir. İmam əleyhis-salam burada hər iki halda, istər müharibə etsə, istərsə də barışıq etsə qələbənin onunla olacağını başa salmaq istəyir və bu sözlərlə onu hədələyir.) Beləliklə, əgər müharibəni seçsə, amannaməni ona tərəf at və qayıt. Amma sülh və barışığı qəbul etsə, ondan bey’ət al. (Vəzifəni tezliklə yerinə yetirərək geri dön və bizi gözü yolda qoyma). Salama layiq kimsəyə salam olsun!
9-cu məktub
İmam Əli əleyhis-salamın Müaviyəyə məktublarındandır. (Müaviyə o Həzrətə məktub göndərərək ondan Osmanın qatillərini ona təhvil verməyi istəmişdi. İmam əleyhis-salam bu məktubu ona cavab olaraq yazıb və orada öz fəzilət və kəramətlərini, həmçinin İslam və imanda öncül olmasını xatırladaraq buyurur:)1
Beləliklə, qəbiləmiz (Qüreyş) Peyğəmbərimizi öldürmək və bizim kökümüzü kəsmək (məhv etmək) istədi. Bizim üçün qəm-qüssə yaratdılar, barəmizdə nalayiq işlərə əl atdılar və bizi (həyatın) asayiş və şirinliyindən məhrum etdilər. Qorxu və vahiməni ancaq bizə aid etdilər və bizi məcburi olaraq sərt dağa (otsuz, susuz Şe’b Əbu Talibə) getməyə vadar etdilər (və orada bizi mühasirəyə aldılar; bütün bunlar Həzrət Peyğəmbərin ilahi elçi kimi göndərilməsinin yeddinci ilinin əvvəlində baş verdi) və bizə qarşı müharibə alovu qızışdırdılar. Biz Allahın istəyi ilə düşmənin şərini Onun Peyğəmbərindən uzaqlaşdırdıq. (O Həzrətə bir xəsarət dəyməyə qoymadıq.) Bizim (Peyğəmbərə iman gətirmiş Əbu Talib və Həmzə kimi) möminlərimiz Peyğəmbəri himayə etməyin mükafatını (Allahın razılığını) diləyir, (Abbas və Mət’əm ibn Ədiyy kimi İslamı qəbul etməmiş) kafirlərimiz (isə o Həzrətlə) qohumluqlarına görə (onu) himayə edir və yardım göstərirdilər. (Biz Bəni-Haşimdən başqa) Qureyşdən müsəlman olan digər kimsələrin bizim qədər (kafir və müşriklərdən) qorxu və vahimələri yox idi. Səbəb onların (müşriklərlə) and və peymanlarının olması, ya da (onlarla) qohum olmaları idi. (Bu səbəblər) onu qorxu və vahimədən saxlayırdı və o, öldürülməkdən (ölüm təhlükəsindən) amanda olurdu.
(Allah müşriklərlə müharibə və onların şərlərinin uzaqlaşdırılmasını əmr edəndə və) savaş, camaatın (qorxu və vahimədən) geri çəkilmələri həddinə qədər çətinləşəndə, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) öz əhli-beytini qabağa verir və onların vasitəsi ilə səhabələri və qoşununu nizə və şəmşirlərin (yaradacağı yaraların) istiliyindən qoruyurdu. (O Həzrətin əmisi oğlu) Ubeydə ibn Haris (ibn Əbdülmüttəlib) Bədr müharibəsində (Bədr Məkkə yolunda, Mədinə yaxınlığında qazılmış quyunun adıdır), (o Həzrətin əmisi) Həmzə Ühüd müharibəsində (Ühüd Mədinə yaxınlığındakı bir dağın adıdır) və (qardaşım) Cə’fər Mu’tə müharibəsində (Mu’tə Şam ətrafında yer adıdır) öldürüldü. İstəmədiyim üçün adını çəkmədiyim kimsə də (İmam əleyhis-salam), onlar kimi öldürülməyi və (Allah yolunda) şəhid edilməyi istəyirdi. (Mənim də şəhid olmaq və öldürülmək arzum var idi.) Lakin onların ömürləri daha tez sona çatdı və adını çəkmədiyim şəxsin ölümü təxirə düşdü. (Peyğəmbər mənə xəbər verdi ki, sən də öldürüləcəksən. İmam yüz əlli beşinci kəlamda bu mətləbə işarə edib.) İndi (Həzrət Peyğəmbəri qorumaq və İslam dinini yaymaq üçün çəkdiyim bu qədər əziyyət və çətinliklərdən sonra) ruzgara təəccüb edirəm ki, elə bir zamana gəlib çıxmışam ki, dinin yardımı üçün mənim kimi çalışmamış və İslamda mənim (Allaha və Peyğəmbərə iman gətirməkdə) malik olduğum birincilik və öncüllük iftixarıma malik olmayan birisi mənimlə bərabər hesab edilir. Heç kəs belə bir iftixar əldə edə bilməz. Ancaq iddia edən (Müaviyə) iddia edərək (özü barəsində) mənim bilmədiyim və Allahın da tanımasını güman etmədiyim belə bir şey deyər. (Çünki Allaha və Peyğəmbərə ilk iman iftixarı məndən başqasına nəsib olmayıb ki, Allah da onu tanısın.) Hər halda həmd-səna Allaha məxsusdur (ki, məsləhət bilib sənin kimisini mənim qarşımda qoyub, sən də haqq və həqiqətə zidd nalayiq şeylər iddia edirsən).
Amma Osmanın qatillərini sənə göndərməklə bağlı istəyin barəsində: mən bu barədə fikirləşdim və gördüm ki, onları sənə və səndən başqasına göndərmək mənim öhdəmdən xaricdir.1 (İmam sonra Müaviyəni hədələyərək buyurur:) Canıma and olsun, əgər azğınlıq və düşmənçilikdən əl çəkməsən, tezliklə səni axtaranları tanıyacaqsan ki, onlar bu axtarışlarında səni səhrada, dənizdə, dağda və düzənlikdə zəhmətə salmayacaqlar (birbaşa sənin sorağına gələcəklər). Amma bu axtarış səni incidərək qəmləndirəcək və bu ziyarətçilərlə görüşmək və onları görmək səni sevindirməyəcək (sənin sorağına elə gələcəklər ki, deyəcəksən: Ey kaş, mən onları tələb etməyəydim). Salama layiq kimsəyə salam olsun!2
10-cu məktub
Bu da, imam Əli əleyhis-salamın Müaviyəyə məktublarındandır (ki, İmam əleyhis-salam onda Müaviyənin çirkin əməllərini məzəmmət edir, ona öyüd-nəsihət verir və onu işlərinin pis nəticəsi ilə qorxudur).
Özünü (dünyapərəstlər üçün) bəzəyərək gözəl göstərən və ləzzətləri ilə aldadan yaşadığın dünyanın pərdələri səndən (gözün önündən) götürülən zaman nə edəcəksən? (Dünya) səni (öz dostluğuna) dəvət edib, (sən də) qəbul etmisən; qabağına düşüb dalınca getmisən; sənə əmr edib itaət etmisən. (Ölüm, əzab və günahların cəzası ilə nə edəcəksən?) Qarşını alacaq birisinin səni saxlaması (onun gələcəyi zaman) yaxındır. (Ölüm gəlib çatıb səni) o şeydən (əzab və cəzadan) xəbərdar edəcək ki, heç bir nicat verən səni xilas edə bilməyəcək. Buna görə də (bu çətin keçidləri nəzərə alaraq nəfsi istəklərə tabe olmayıb) bu işdən (layiq olmadığın xilafət iddiasından) əl çək və özünü hesab və sorğu gününə hazırla. Sənə çatacaq şey (ölüm və ondan sonrakı çətinliklər) üçün qolunu çırma (çevik ol, çalış). Qulağına (Əmr ibn As və Mərvan kimi) azğınları dinləmək imkanı vermə (onların sözlərinə qulaq asma və göstərişlərinə tabe olma). Əgər belə etməsən (bu öyüd-nəsihəti qəbul etməsən), səni özün barəndə qafil olduğun şeydən xəbərdar edirəm: sən naz-nemət içərisində qərq olmusan, (nemət səni üsyankar edib və buna görə də) şeytan səndə (sənin qəlbində) yer tutub və öz arzusuna çatıb, sənin (vücudunda) can və qan kimi hərəkət edib. (Sənə elə hakim olub ki, etdiyin hər bir iş, dediyin hər bir söz onun göstərişi ilədir. İmam əleyhis-salam bundan sonra onu məzəmmət edərək buyurur: )
Ey Müaviyə, siz (Üməyyə övladları) heç bir xeyir və yaxşılıq iftixarına, möhtərəmlik və şərəfə malik olmadan nə vaxtdan rəiyyətə hakimlik və müsəlmanlara başçılıq ləyaqətinə sahib olmusunuz?! (Bundan qabaq heç bir işdə fəzilət və üstünlüyün olmayıb ki, sənin xilafət və əmirlik iddiası etməyinə səbəb olsun.) (İnsanı şeytanın və nəfsi istəklərin davamçısı edən) bədbəxtlik tarixçələrinin bərpa olmasından Allaha pənah aparıram! Səni həmişə arzulara aldanmaqdan və zahirinlə batininin iki cür olmasından çəkindirirəm. (Dünyapərəstlik, münafiqlik və ikiüzlülükdən qorx. Sonra onu müharibə ilə hədələyərək buyurur:)
Məni döyüşə çağırmısan. Elə isə camaatı bir tərəfə qoyaraq özün mənim yanıma gəl. Hər iki qoşunu döyüşdən saxla ki, günahın, bizlərdən hansının qəlbinə qələbə çalması, pərdənin (qəflət pərdəsinin) kimin gözü önündən asılması məlum olsun.(Camaatı öz hallarına qoy ki, kimin Allah yolunda qılınc çalması, haqq yolda dayanması və qaçmaması bilinsin.) Mən Əbul-Həsənəm, sənin babanı (ciyər yeyən anan Hindin atası Ütbə ibn Rəbiəni), dayını (Vəlid ibn Ütbəni) və qardaşını (Hənzələ ibn Əbu Süfyanı) öldürən! Mən onları Bədr müharibəsində məhv etdim. Həmin qılınc (indi də) məndədir. Həmin ürəklə düşmənimlə üz-üzə gəlirəm. Başqa din seçməmiş, yeni peyğəmbər götürməmişəm. (İslamın hökmlərinin heç birinin əksinə hərəkət etmirəm.) Mən bir yoldayam ki, siz öz ixtiyarınızla onu tərk etdiniz və ona məcburiyyət üzündən daxil olmuşdunuz.1 Belə güman edirsən ki, (məndən) Osmanın intiqamını almağa gəlmisən?! Halbuki Osmanın harada öldürülməsini (və onu kimlərin qətlə yetirmələrini məndən yaxşı) bilirsən. Əgər (doğrudan da) intiqam almaq istəyirsənsə, oradan (onu öldürmüş Təlhədən, Zübeyrdən və digərlərindən) intiqam al. Səni sanki (onun intiqamını bəhanə edən, əslində isə) müharibədən, dəvələrin yükün ağırlığından qopardıqları fəryadları kimi fəryad edib şivən qoparan görürəm, qorxursan ki, (o,) dişlərini sənə batırsın (sənə üz tutsun). Sanki sənin qoşununu görürəm ki, aldıqları ardıcıl zərbələr, baş verəcək çətin hadisələr və bir-birinin ardınca torpağa düşmələri nəticəsində çarəsizlikdən məni Allahın kitabına dəvət edirlər (ki, müharibədən əl götürüm).1 Həmin qoşun haqqa kafir və onu inkar edənlərdir (ki, mənə bey’ət etməyiblər), yaxud bey’ət edib (sonra ondan) əl götürüblər. (İraq münafiqləri o Həzrətə bey’ət edəndən sonra əhdlərini pozaraq Şama, Müaviyənin yanına getmişdilər.)
Dostları ilə paylaş: |