18-ci məktub
İmam Əli əleyhis-salamın, Abdullah ibn Abbas onun tərəfindən Bəsrənin hakimi olan zaman ona yazdığı məktublarındandır.1
Ey Abbasın oğlu! Bil ki, Bəsrə Şeytanın endiyi yer və fitnələr tarlasıdır. (Bu şəhərin fitnə axtaranları çoxdur.) Buna görə də o diyarın əhalisinə yaxşılıq etməklə, onları şad edərək sevindir. Və (pis davranışla onları üsyana qaldırma. Əgər onlar keçmiş nalayiq işləri nəticəsində qorxu və vahimə içindədirlərsə, sən) onların qəlblərindən qorxu düyününü aç (onlarla elə rəftar et ki, sənin onların keçmiş əməllərinə göz yumduğunu başa düşsünlər).
Sənin Bəni-Təmim qəbiləsi ilə pis rəftar etməyin və kobud davranmağının xəbəri mənə çatdı. Həqiqətən Bəni-Təmimin bir ulduzu batmamış, digər bir ulduzu parlayıb.2 Cahiliyyət və İslam dövründə heç kəs intiqam almaqda onlardan qabağa düşməyib. (Buna görə də bu cür adamlarla kobudluq və sərtliyə başlamaq olmaz.) Həmçinin (onlara qarşı kobudluq edilməməsinin digər səbəbi budur ki,) onlar bizə yaxın qohumdurlar. (Çünki Bəni-Haşimlə Bəni-Təmimin nəsəbi Həzrət Peyğəmbərin 16-cı babası İlyas ibn Müzərrə gedib çıxır. Buna görə də) bizim həmin qohumluq tellərini birləşdirməyimizdə savab, qırmağımızda isə günah vardır. Odur ki, ey Əbul Abbas – Allah səni bağışlasın – əlindən və dilindən çıxan yaxşı və pis işlərdə (danışıq və davranışında rəiyyətlə) yumşaq davran. Çünki biz danışıq və davranışımızda bir-birimizlə şərikik. (Ona görə ki, sən mənim tərəfimdən hakimlik edirsən.) Elə ol ki, sənin barəndə yaxşı gümanda olum və sənin haqqında fikrim süstləşməsin (heç vaxt yersiz söz danışma, mənim göstərişim olmadan bir iş görmə). Salama layiq kimsəyə salam olsun.1
19-cu məktub
İmam Əli əleyhis-salamın onun tərəfindən hakim olan bəzi şəxslərə yazdığı məktublardandır. (Məktub müşrik olan və həmin hakimlərdən şikayət etmiş rəiyyətlərlə yumşaq davranmaq barəsindədir.)
Allaha həmd və Peyğəmbərə salamdan sonra: hakim olduğun şəhərin (su və torpaq sahibi olan) əkinçiləri sənin kobudluğun, daşürəkliliyin, onları xar etməyin və zülmkarlığından şikayət ediblər (məni sənin hərəkət və davranışından xəbərdar ediblər). Mən (onların şikayətləri barəsində) fikirləşdim. Onları sənin onlara çox yaxınlaşmağına (çox hörmət və mehribançılığına) layiq görmədim. Çünki onlar müşrikdirlər. (Bəzi nəzərlərə əsasən həmin camaat müşrik deyil, atəşpərəst olublar.) Amma onlar uzaq olmaq və zülm edilməyə də layiq deyildirlər. Çünki (müsəlmanlarla) peyman bağlayıblar (cizyə, yəni, vergi verirlər və İslamın pənahındadırlar.) Buna görə də onlarla (davranışında) sərtliklə qarışıq olan mehribançılığı öz şüarın et və onlarla sərtqəlblilik və mehribançılıq arasında rəftar et. (Bəzən sərt, bəzən də mehriban ol.) Allahın istəyi ilə onlar üçün yaxınlaşdırmaqla lap yaxınlaşdırmağı və uzaqlaşdırmaqla lap uzaqlaşdırmağı bir-birinə qarışdır (mötə’dilliyi əldən vermə).
20-ci məktub
İmam Əli əleyhis-salamın Ziyad ibn Əbihə o, Bəsrə hökumətində Abdullah ibn Abbasın canişini olan zaman yazdığı məktublardandır. Abdullah həmin vaxt Əmirəl-möminin tərəfindən Bəsrə, Əhvaz, Fars və Kerman şəhərlərində hakim idi.1
Mən Allaha and içirəm, özü də tam sədaqətlə və düz ki, əgər mənə, sənin müsəlmanların beytülmalına istər az, istərsə də çox xəyanət etməyin və ya onu göstərişə zidd (yerlərə) sərf etməyin (barəsində xəbər gəlib) çatsa, səninlə sərt davranacağam. (Səninlə) elə sərt (davranacağam) ki, o (sərtlik), səni sərmayəsi az, yükü çox, zəlil və xar etsin.2 Salama layiq kimsəyə salam olsun!
21-ci məktub
Bu da imam Əli əleyhis-salamın Ziyad ibn Əbihə olan məktublarındandır (ki, burada ona mötə’dil və təvazökar olmağı əmr edir).
(Malın sərf edilməsində) israf etmə, mötə’dil ol. (Ehtiyacdan nə artıq və nə də az sərf et.) Bu gün səhərin fikrində ol. Malından, öz ehtiyacın qədər dala at. (Ondan) artığını ehtiyac günün (axirət) üçün qabağa göndər (Allah yolunda yoxsul və möhtac kimsələrə bağışla).
Allahın sənə (qəlblərini dünyaya bağlamayan və Onun göstərişlərinə müvafiq davranan) təvazökarlara verəcəyi mükafatı verməsinə (necə) ümid bəsləyirsən, halbuki Allah yanında (qəlbini dünyaya bağlayan və Onun əmrlərinə zidd hərəkətlər edən) təkəbbürlülərdənsən. Allahın sənə (səfillərə təkəbbür və riyakarlıq olmadan əl tutan) sədəqə verənlərin mükafatını vacib etməsi və verməsinə hərissən, halbuki eyş-işrətə qərq olub aciz, biçarə, dul qadın və yoxsulları ondan bəhrələndirmirsən! İnsana ancaq və ancaq öncə gördüyü işə görə mükafat veriləcək və o, əvvəlcədən göndərdiyi yerə daxil olacaq. Salama layiq kimsəyə salam olsun!1
22-ci məktub
İmam Əli əleyhis-salamın Abdullah ibn Abbasa yazdığı məktublardandır. İbn Abbas belə deyərmiş: «Həzrət Peyğəmbərin – səlləllahu əleyhi və alih – kəlamından sonra bu söz kimi heç bir sözdən faydalanmamışam.» (İmam əleyhis-salam bu məktubda ona axirət işləri üçün sevinmək və kədərlənmək barəsində öyüd-nəsihət verib.)
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: insanı onun, əldən çıxarmamalı olduğu (əldən çıxarması təqdir edilməmiş) şeyə çatmaq sevindirir, əldə edilməsi (məsləhət) olmayan şeyə çatmaq isə kədərləndirir.1 Buna görə də (dünyanın xeyir-ziyanının qəza-qədərlə olmasını və mənfəətə sevinərək ziyandan qəmlənməyin insan üçün fitri olmasını bildiyin üçün) gərək sevincin axirət mənfəətinə görə olsun ki, (onun əldə edilməsi vasitəsini dünyada) tapmısan. Həmçinin qəm-qüssən əldən çıxmış axirət xeyiri üçün olmalıdır. Dünyadan əldə etdiyin şey üçün çox sevinmə. (Çünki dünya və onda olan şey sonda məhv olacaq.) Dünya malından əldən çıxmış şeylər üçün qəmli və səbrsiz olma. Sənin səy və təlaşın, gərək ölümdən sonrakı işlərdə olsun. (Gərək çalışıb ölümdən sonrakı əbədi həyatın bağışlanma və xoşbəxtlik vasitələrini əldə edəsən.)
23-cü məktub
İmam Əli əleyhis-salamın, məl’un İbn Mülcəm onun başına qılınc vurduqdan sonra (fani) həyatla vidalaşmasına yaxın, vəsiyyət və tapşırıq yönlü kəlamlarındandır. (İmam əleyhis-salam bu sözlərində övladlarını İbn Mülcəmi əfv etməyə həvəsləndirib.)
Mənim sizə vəsiyyət və tapşırığım Allaha heç nəyi şərik qoşmamağınız və Məhəmmədin (səlləllahu əleyhi və alih) sünnəsini məhv edib aradan aparmamağınızdır. (O Həzrətin göstərişlərinə zidd davranmayın.) Bu iki sütunu (Allaha şərik qoşmamaq və Həzrət Peyğəmbərin sözlərinə uyğun davranmağı) dikəldin (ki, müqəddəs İslam dininin binasının möhkəmliyi bu iki sütun ilədir). Bu iki çırağı nurlandırın (ki, nadanlıq və azğınlıq qaranlıqlarında sərgərdan qalmayasınız). (Əgər belə etsəniz) siz məzəmmət edilib qınanmazsınız.
Mən dünən (sağlam bədən, qüdrət və şücaətlə) sizin dost və yoldaşınız idim. Bu gün isə sizin üçün ibrət və nəsihətəm. (Bütün cəngavərlik və böyüklüyümə baxmayaraq, əldən düşmüşəm.) Sabah sizdən ayrılacağam (öləcəyəm)! Əgər qalsam öz qanımın ixtiyar sahibiyəm (öz ixtiyarımla istəsəm İbn Mülcəmi cəzalandırar, istəsəm bağışlayaram). Əgər ölsəm, (onsuz da) ölüm mənim vədə yerimdir. (Ölsəm heç bir ixtiyara malik deyiləm və siz öz şər’i vəzifənizə əməl edin.) Əgər (onu) bağışlasam (bağışlamaq istəsəm), bağışlamaq mənim üçün (Allahın rəhmətinə yaxınlıq amili olan) itaət və bəndəlikdir. (Siz onu bağışlamaq istəsəniz) bağışlamaq sizin üçün xeyirxahlıqdır. Belə isə (siz onu) bağışlayın. (Çünki Allah-təala Qur’ani-Kərimin Nur surəsinin 22-ci ayəsində buyurur:) «أَلَا تُحِبُّونَ أَن يَغْفِرَ اللَّهُ لَكُمْ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ» «Allahın sizi bağışlamağını istəmirsiniz? Allah bağışlayan və rəhm edəndir!»1
Allaha and olsun ki, ölümlə mənim yanıma xoşlamadığım (bir şey) gəlməyəcək və (ondan sonra) istəmədiyim bir şey aşkar olmayacaq. (Ölümə hazıram. Çünki ölümün arxasında əbədi səadət var və mən bu dünyadakı həyata vurulmamışam.) Mən (ölümə münasibətdə) su axtararaq (onu) tapan və bir şeyin arzusunda olub (onu) əldə edən şəxs kimiyəm. (Çünki gözəllik və xoşbəxtlik ölümdən sonradır, necə ki, Qur’ani-Kərimin Ali-İmran surəsinin 198-ci ayəsində buyurulur:) «وَمَا عِندَ اللّهِ خَيْرٌ لِّلاَبْرَارِ» «Allah yanında olan (əbədi) nemətlər yaxşı əməl sahibləri üçün (dünya mallarından) daha xeyirlidir». (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)
Bu kəlamın bir hissəsi bundan əvvəl xütbələr fəslində (149-cu kəlamda) keçdi. Amma buradakı bu kəlamda (Bəzi) əlavə sözlər var idi ki, onun ikinci dəfə gətirilməsini zəruriləşdirdi.
Dostları ilə paylaş: |