46-cı məktub
İmam Əli əleyhis-salamın icraçılarından birinə olan məktublarındandır (ki, onda ona rəiyyətlə mülayim və xoş davranmağı, lazım gələndə isə sərt olmağı əmr edir).
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Sən mənim dinin qorunmasında köməklərinə arxalandığım, vasitəsi ilə günahkarın itaətsizliyini yatırtdığım və düşmənin qorxulu dilçəyini (sərhəddini) bağladığım kimsələrdənsən.1 Buna görə də səni qəmləndirən işlərdə Allahdan kömək istə və (rəiyyətlə işlərində) sərtlik və qatılığı bir az yumşaqlıq və mülayimliklə qatışdır (ki, ürəyini ələ almaq istəyəndə edə biləsən). Mülayimlik lazım olan zaman mülayim və mehriban ol. Sərtlikdən başqa bir şey yeriməyən vaxt da sərtlik və qatılıq et. Qanadını rəiyyət üçün endir, onlarla gülərüz ol və özünü yumşalt (mehriban, mülayim və xoşrəftar ol.) Gözucu baxmaq, gözünü zilləmək, işarə etmək və salam verməkdə onların arasında bərabər davran (birini digərindən üstün tutma) ki, böyüklər sənin zülm etməyinə tamah salıb həris olmasınlar (səninlə düşmənçilik fikrinə düşməsinlər) və zəiflər sənin ədalətindən naümid olmasınlar. Salama layiq kimsəyə salam olsun!
47-ci məktub
İmam Əli əleyhis-salamın məl’un İbn Mülcəm onu zərbətləyəndən sonra Həsən və Hüseyn əleyhiməs-salama olan vəsiyyətlərindəndir (və onları intiqam almaqdan çəkindirib və yaxşı işlərə əmr edib).
Sizə təqvalı olmağı və Allahdan qorxmağı, eləcə də dünya sizi axtarsa da, sizin onu istəməməyinizi vəsiyyət edirəm. (Dünya malına hətta əlinizdə olsa belə, ürək bağlamayın.) Dünya malından əlinizdən alınmış şey üçün kədərlənməyin. Düz və doğru danışın. (Axirətdə) mükafat qazanmaq üçün iş görün. Zalıma düşmən, məzluma yardımçı və kömək olun.
Sizə, bütün övladlarıma, əhli-beytimə və məktubum çatan hər bir kəsə təqvalı olmağı, Allahdan qorxmağı, işlərinizi qaydaya salmağı və aranızda ayrılığa səbəb olan ixtilafları həll etməyi vəsiyyət edirəm. Çünki mən sizin cəddinizin (səlləllahu əleyhi və alih) belə buyurduğunu eşitmişəm ki: «İki nəfərin arasını (parçalanmaya səbəb olan ixtilafları) düzəltmək bütün namaz və oruclardan yaxşıdır.» (Çünki xalq arasında parçalanma hakim olsa dini işlər sahmana düşməz, düşmən ağalıq edər və abadlıqlar viranlıqlara və xarabalıqlara çevrilər.) Yetimlər barəsində Allahdan qorxun,
Allahdan qorxun. Belə ki, onların ağızları üçün növbə müəyyənləşdirməyin (gah tox, gah da ac saxlamayın onları). Onlar (aclıq, yalavaclıq və yiyəsizlik nəticəsində) sizin yanınızda məhv və heç olmasınlar. Qonşularınız barəsində Allahdan qorxun, Allahdan qorxun ki, onlar Peyğəmbərinizin sifariş etdiyi kimsələrdirlər. (Həzrət Peyğəmbər) daima onları (elə) tapşırırdı ki, biz onlara (qonşudan-qonşuya) miras müəyyənləşdirəcəyini (mallarında onlara bir pay ayıracağını) güman etdik. Qur’an barəsində Allahdan qorxun, Allahdan qorxun ki, başqaları ona əməl etməklə sizdən qabağa düşməsinlər. Dininizin sütunu olan namaz barəsində Allahdan qorxun, Allahdan qorxun. Rəbbinizin evi (əzəmətli Məkkə) barəsində Allahdan qorxun, Allahdan qorxun. Nə qədər ki, sağsınız onu boş qoymayın. Əgər o tərk edilsə (sizin getməməyiniz nəticəsində boş qalsa, ilahi əzab) sizə möhlət verməyəcək (və Allahın əzabına düçar olacaqsınız). Mallarınız, canlarınız və dillərinizlə Allah yolunda cihad etmək barəsində Allahdan qorxun, Allahdan qorxun. (Dinin yayılması və Allah və Peyğəmbərin düşmənləri ilə vuruşmaqda heç nədən çəkinməyin.) Bir-birinizlə birlik və dostluğunuz olsun və qarşılıqlı bəxşişlər edin. Bir-birinizə arxa çevirmək və bir-birinizdən ayrılmaqdan qorxun. «Əmr be mə’ruf»u (başqalarını bəyənilən yaxşı işlər görməyə vadar etməyi) və «nəhy əz munkəri» (çirkin işlərdən çəkindirməyi) tərk etməyin ki, (əgər bunları tərk etsəniz) pis əməlliləriniz sizə hakim olarlar, sonra isə dua edərsiniz (Allahdan onları sizdən uzaq etməsini istəyərsiniz amma) qəbul olmaz.1 Sonra belə buyurdu:
Ey Əbdülmüttəlib oğulları, sizi «Əmirəl-möminin öldürüldü, Əmirəl-möminin öldürüldü» deyib bu bəhanə ilə müsəlmanların qanlarına batmış halda görmək istəmirəm. (Mənim öldürülməyimi müharibə və qan axıdılması üçün bayraq etməyin.) Bilin ki, mənim əvəzimə ancaq qatilim öldürülməlidir.
Baxın, əgər mən onun bu zərbəsi nəticəsində ölsəm, onun əvəzində ona bir zərbə vurun. Onu «muslə» etməyin.2 Çünki mən Allah Peyğəmbərinin (səlləllahu əleyhi və alih) belə buyurduğunu eşitmişəm ki: «Muslə etməkdən uzaq olub çəkinin, hətta qapağan it olsa belə.» (Çünki Allah adamları, qatilin əməlindən çox kədərli olsalar da bu cür cəza növünü bəyənmirlər. O, nadan və kobud adamların davranış tərzidir ki, onlar öz ürəklərində olan kinlərini bununla soyudur, qabalıqlarını üzə çıxarırlar.)
48-ci məktub
İmam Əli əleyhis-salamın Müaviyəyə olan məktublarındandır (ki, onda Müaviyəyə öyüd-nəsihət verib).
Zülm etmək və yalançılıq insanın din və dünyasını məhv edir və nöqsan axtaranın yanında onun naqislik və gücsüzlüyünü üzə çıxarır. Sən bilirsən ki, əldən çıxması təqdir edilmiş şeyi (dünyadakı istəklər və ya Osmana öldürülməsindən sonra kömək edilməsini) əldə edə bilməyəcəksən. Bəzi dəstələr haqsız olaraq işin (imamət və xilafətin) fikrinə düşdülər və (həqiqi imama tabe olmamaq, əhdi pozmaq və vəzifə və dünya malı əldə etmək üçün) aşkar ilahi hökmü başqa yerə yozdular. (Öz meylləri ilə xilafəti camaatın rəyinə həvalə etdilər və öz arzularına çatmaq üçün Osmanın qisası məsələsini bəhanə etdilər.) Buna görə də Allah onları yalançı adlandırıb (və onlara yalançıların əzab və cəzasını verəcək). Belə isə o gündən qorx və çəkin ki, onda işinin sonunun yaxşı olmasını görən kəs şad olacaq, ixtiyarını Şeytana vermiş və onunla vuruşaraq müqavimət göstərməyən (cilovunu Şeytanın əlindən çəkməyən və onun istədiyi yerə apardığı) kəs isə peşman olacaq.
Sən Qur’an əhli olmamağına baxmayaraq, (Siffeyn müharibəsində) bizi Qur’anın hökmünə dəvət etdin. (Qur’an əhli olmamağının dəlili, işlərinin onun hökm və göstərişinə zidd olmasıdır.) Biz sənə cavab vermədik və Qur’anın hökmünü qəbul etdik. Salama layiq kimsəyə salam olsun!
49-cu məktub
Bu da imam Əli əleyhis-salamın Müaviyəyə (öyüd-nəsihət verdiyi) məktublarındandır.
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: dünya (insan üçün) baş qatmaq və ondan başqasından (axirətdən) saxlamaq yeridir. Dünyatələb dünya malından bəhrələndikcə ona olan vurğunluq və hərisliyi də mütləq artacaqdır. (O, bir şey əldə edəndə ondan bəhrələnməmiş daha çoxunu arzulayar.) Dünyatələbi, heç vaxt onda tapdığı (dünya malı) əldə etmədiyindən (axirət nemətlərindən) ehtiyacsız etməyəcək. Halbuki topladıqdan sonra ondan ayrılmaq, möhkəmləndirməsindən sonra isə məğlubiyyət və bir-birinə vurmaq mövcuddur. Əgər (öz ömründən və ya zamanın hadisələrindən) keçənlərdən ibrət alsan, qalanında özünü saxlayaraq bəhrələnəcəksən. Salama layiq kimsəyə salam olsun!
50-ci məktub
İmam Əli əleyhis-salamın qoşunlarının başçılarına olan məktublarındandır. (Həzrət bu məktubda onların imamın boynunda, həmçinin özünün onların boynunda olan haqlarını bəyan edib və onlara ədalətli və əmrlərinə tabe olmağı əmr edib.)
Bu, Allahın möminlərin başçısı və əmiri olan bəndəsi Əli ibn Əbu Talibin sərhədçilərinə olan məktubudur: Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: valinin bir üstünlük tapması və nemət əldə etməsi onun rəiyyətlə olan münasibətlərinin dəyişməsinə səbəb olmamalıdır. (Məqam və vəzifə onu əli altında olanları incitməyə vadar etməməlidir.) Həmçinin Allahın ona qismət etdiyi nemətlər, onu Allahın bəndələri ilə daha yaxından tanış olmağa və qardaşları ilə mehriban olmağa məcbur etməlidir. (Kim belə etməsə Rəbbinin nemətlərinin şükrünü yerinə yetirməyib.)
Bilin ki, sizin mənim boynumda olan haqqınız müharibə zamanından başqa sizdən heç bir sir gizlətməməyim (çünki müharibə sirlərinin faş olması ilə düşmən ondan xəbərdar olar), şəriət hökmlərindən başqa heç bir işi sizinlə məsləhətləşmə aparmadan yerinə yetirməməyim (şəriət hökmlərində məsləhətləşmə aparmaq lazım deyil, çünki siz bütün hökmləri məndən öyrənməlisiniz), haqlarınızın yerində sizə çatdırılmasında səhlənkarlıq etməməyim, möhkəmləndirərək sona çatdırmayınca ondan əl çəkməməyim və haqq və hüquq baxımındın sizin mənim yanımda bərabər olmağınızdır (mənim birinizi digərinizdən üstün tutmamağımdır). Beləliklə, mənim sizinlə rəftarım bu cür olduğu halda nemətləri sizə tamamlamaq Allahın öhdəsinədir. Mənim sizin boynunuzda olan haqqım isə tabeçilik və itaətkarlıq, mənim əmrlərimdən üz döndərməməyiniz, mənim məsləhət bildiyim işlərdə səhlənkarlıq etməməyiniz və haqq yolu üzərindəki çətinliklərə daxil olmağınızdır (haqqı tapmağınız üçün çətinliklərə qatlaşmağınızdır). Əgər siz mənim barəmdə bunları etməsəniz, mənim yanımda heç kəs sizin əyri yol ilə gedəninizdən xar və alçaq ola bilməz. Buna görə də onu bərk cəzalandıraram və o, mənim yanımda (həmin cəzadan) qurtulmaq imkanı əldə edə bilməz. Siz (də) öz (əliniz altında olan) başçılarınızla belə bir peyman bağlayın və Allahın, vasitəsi ilə işinizi islah etdiyi şeylərdən özünüz onlara bağışlayın. (Onları xar etməyin ki, köməkləri vasitəsi ilə düşmənə qalib gələ biləsiniz.) Salama layiq kimsəyə salam olsun!
Dostları ilə paylaş: |