131
İmam Əli əleyhis-salam (bəzi ibadətlərin sirləri barəsində) buyurmuşdur:
Namaz hər bir pərhizkarın (Allahın mərhəmətinə) yaxınlaşma vasitəsidir. Həcc (kafirlə cihad etmək imkanı olmayan) hər bir zəifin cihadıdır.1 Hər bir şeyin zəkatı var və bədənin zəkatı oruc tutmaqdır.2 Qadının cihadı əri ilə xoş rəftarlı olmaq və ona tabe olmaqdır. (Çünki ona cihad etmək rəva deyil və onun ən mühüm cihadı pis işlərə əmr edən nəfslə mübarizə və ərinə tabe olmasıdır.)
132
İmam Əli əleyhis-salam (sədəqə barəsində) buyurmuşdur:
(Rəhmət səmasından) ruzinin gəlməsini sədəqə verməklə istəyin. (Çünki sədəqə vermək ruzinin gəlib çatmasına səbəb olur.) Əvəz alacağına yəqini və inamı olan kəs bağışlamaqda səxavətli və comərd olar. (Allah tərəfindən əvəz alacağına inandığı üçün bir şey bağışlamaqda xəsislik və simiclik etməz.)
133
İmam Əli əleyhis-salam (ruzi barəsində) buyurmuşdur:
Kömək və yardım (hər bir kəsin ruzisi, Allah tərəfindən) ehtiyac miqdarında verilir.
134
İmam Əli əleyhis-salam (mötə’dilliyə həvəsləndirərək) buyurmuşdur:
(Həyatda) mötə’dilliyi öz peşəsi edən kəs yoxsul olmayıb.1
135
İmam Əli əleyhis-salam (rahat və dinc olmaq barəsində) buyurmuşdur:
Külfətin azlığı iki əlin biridir (əlin digəri isə mal əldə etməkdir). (Camaatla) dostluq etmək ağlın yarısıdır (onun digər yarısı isə digər sifətlər və ya onların şər və pisliklərindən uzaq olmaqdır). Qəm-kədər qocalığın yarısıdır (və onun digər yarısı ömrün uzunluğudur).
136
İmam Əli əleyhis-salam (səbr barəsində) buyurmuşdur:
Səbr qəm-qüssə miqdarında verilir. (Müsibət hər nə qədər böyük olsa Allah onun miqdarında səbr əta edir.) Müsibət zamanı əlini dizinə vuran (dözümsüzlük edən) şəxsin (həmin müsibət üçün nəzərdə tutulmuş) savabı məhv olar.
137
İmam Əli əleyhis-salam (əməlin yerinə düşməyən şəkildə edilməsinin məzəmmətində) buyurmuşdur:
Nə çox oruc tutan ki, oruc tutmağından ona aclıq və susuzluqdan başqa bir şey qalmır. Nə çox namaz (gecə namazı) qılan ki, namaz qılmasından ona oyaqlıq və əziyyətdən başqa bir şey qalmır. (Çünki o, namaz və orucu göstərişlərə uyğun yerinə yetirməyib.) Zirəklərin yuxusu və onların oruc açmaları necə də gözəldir! (Çünki onların etdikləri yerinə düşər və göstərişlərə uyğun olar.)
138
İmam Əli əleyhis-salam (sədəqə vermək, zəkat çıxartmaq və dua etməyə həvəsləndirərək) buyurmuşdur:
İmanınızı sədəqə ilə qoruyun. (Çünki sədəqə imanın kamillik nişanəsidir və mömin savab ümidi ilə pak niyyətlə ona tərəf tələsər.) Var-dövlətinizi zəkat verməklə amanda saxlayın. (Çünki əgər zəkat verməsəniz yoxsul və ehtiyacı olanlara xəyanət etmisiniz və buna görə də var-dövlətiniz məhv olmağa daha layiqdir.) Bir-birinin ardınca gələn bəla və çətinlikləri dua etməklə uzaqlaşdırın.
139
İmam Əli əleyhis-salamın (ən seçilmiş və yaxşı dostlarından olan) Kumeyl ibn Ziyad Nəxəiyə buyurduğu kəlamlardandır. Kumeyl ibn Ziyad deyir: Əmirəl-möminin Əli ibn Əbu Talib mənim əlimdən tutub məni səhraya apardı. Şəhərin kənarına çatanda bəlaya düşmüş şəxs kimi bir ah çəkdi. Sonra (elm və alimlər barəsində belə) buyurdu:
Ey Kumeyl ibn Ziyad! Bu qəlblər qabdırlar (elm, həqiqət və sirlərin qablarıdır) və onların ən yaxşısı daha yaxşı saxlayanıdır (ona tapşırılan şeyi daha yaxşı qoruyaraq yadda saxlayanıdır). Buna görə də (diqqətli ol və) sənə dediklərimi qoruyaraq yaxşı saxla:
İnsanlar üç qisimdirlər: Rəbbani və ilahi alim (yaradılışın başlanğıc və sonundan xəbərdar olub ona əməl edən, Allahı tanıyan alim); (cəhalət və nadanlıqdan) nicat və qurtuluş tapmaq yolunda olan elm axtaran və öyrənən; kiçik və zəif «milçəklər» (müxtəlif çirkinliklərə bulaşmış nadan və qanmaz) ki, hər çağıranın arxasınca (hər yola) gedir və hər küləklə bir tərəfə əyilirlər (düzü əyridən seçmirlər, heç bir yolda sabitqədəm deyildirlər və qarşıya çıxan hər bir yola gedirlər), elm nurundan işıq götürməyiblər (nadanlıq zülmətində qalıblar) və möhkəm sütuna (ağıl və elm sütunları üzərində dayanan haqq əqidəyə) sığınmayıblar (onları öyrənməyiblər və azdırıcı insanların arxasınca düşüblər).
Ey Kumeyl, elm maldan daha yaxşıdır. (Çünki) elm səni (dünya və axirət çətinliklərindən) qoruyur, malı isə (məhv olmaqdan) sən qoruyursan. Bağışlamaq malı azaldır, elm isə bağışlamaq (başqasına öyrətmək) nəticəsində artır. Sərvət ilə yetişdirilmiş şey və əldə edilmiş böyüklük onun əldən çıxması ilə əldən çıxar (elm ilə qazanılmış böyüklük isə yox olan deyil).
Ey Kumeyl ibn Ziyad, elmlə tanışlıq və onu əldə etmək dindir ki, (qiyamət günü) ona görə savab və mükafat verilər. İnsan elmlə öz həyatında (Allah, Peyğəmbər və dini imam və rəhbərlərə) itaət və tabeçiliyi, ölümdən sonra isə yaxşı və gözəl sözləri (xalqın onun barəsindəki xoş danışıqlarını) əldə edir. Elm hökm edən, mal isə hökmə tabe olan və məğlubdur (mal əldən-ələ keçir və zavala uğrayır, elm isə bərqərar və qalandır).
Ey Kumeyl ibn Ziyad, sərvət toplayanlar diri olmalarına baxmayaraq, həlak olublar (onlar diri olsalar da qürur və azğınlıq onları məhv edəcəkdir). Alimlər, zaman durduqca duracaqlar. Onların vücüdları (bu dünya ilə vidalaşmaqla) itib, surətləri isə (xalqın onlar barəsində olan gözəl və xoşagələn xatirələri nəticəsində) qəlblərdə bərqərardır. Bil ki, (mübarək əli ilə sinəsinə işarə edib) burada çoxlu elm var, əgər onun üçün onu öyrənən şəxslər tapa bilsəydim!1 Bəli, zehni iti olan tapıram, amma (həmin elmlər barəsində) ondan xatircəm deyiləm. (Çünki) o, dini vasitələri dünya üçün istifadə edir və Allahın nemətləri (elm və mərifət əldə etmək nailiyyəti) ilə Onun bəndələrinə və dəlilləri (ağıl və düşüncə) ilə Onun dostlarına lovğalıq edir.2 Yaxud elm əhlinə itaətcil (danışıq və davranışında tabe) olan birini tapıram, amma onun (da) öz ətrafı barəsində (bilənə tabe olmaqda) gözüaçıqlıq və ayıqlığı yoxdur; qarşıya çıxan ilk şübhə onun qəlbində əks şəkk və güman alovu şölələndirir.3 Bil ki, nə bu (bəsirətsiz tabe olan kəs) layiqdir (əmanət və həqiqi elm əhlidir), nə də o (iti zehinli). Yaxud da ləzzət və kefdə ifrata varan və asanlıqla şəhvətə və nəfsi istəyinə tabe olan bir kəs tapıram. Ya da (dünya malı və sərvət) toplamaq və yığmaq vurğunu olan bir kəsi! Bu iki nəfər də dini hər hansı bir işdə qoruyanlardan deyildirlər. Bunların ikisinə ən yaxın misal otlayan dördayaqlılardır. Belə bir dövrdə (ki, elm daşıyıcısı tapılmır) elm, daşıyıcısı və qoruyanının ölümü ilə ölür (məhv olub aradan gedir).
Allahım, bəli,1 yer üzü Allahın dinini dəlil və sübut ilə bərqərar edən şəxsdən boş olmaz. (Həmin şəxs) ya (on bir imam əleyhimus-salam kimi) aşkar və məşhurdur, ya da (fitnə-fəsada görə on ikinci imam–Allah onun zuhurunu tezləşdirsin–kimi) qorxu içində və gizlin ki, Allahın aydın subut və dəlilləri (peyğəmbərliyin nişanələri, dinin hökmləri, elm və mərifət) aradan getməsin.2 Onlar neçə və haradadırlar (yaxud nə vaxta kimi qorxu içində və gizlindirlər)? Allaha and olsun ki, onlar sayca çox az, Allah yanında məqam və böyüklük baxımından isə çox əzəmətlidirlər. Allah Öz aşkar dəlil və sübutlarını, onlar (dünyanın din, elm və hikmətdən boş qalmaması üçün) həmin dəlilləri öz bənzərlərinə tapşırana və qəlblərində əkənə qədər onların vasitəsi ilə qoruyur. Elm və bilik həqiqi bəsirətlə birdən onlara üz tutub və onlar asudəlik və sevinclə yəqinlik və inam əldə ediblər. Naz-nemət içində böyüyən insanlara çətin və ağır olan şeyləri yüngül və asan qəbul edərlər; (Onlar Allahın razılığını əldə etmək üçün dünyanın bütün çətinlikləri ilə keçinir və pərhizkarlıq edərək dünyaya ürək bağlamırlar;) nadanların (kimsəsizlik, çətinlik, yoxsulluq və giriftarlıq kimi) qaçdıqları şeylərə adət ediblər və dünyada ruhları çox yüksək yerdən (Allahın rəhmətindən) asılmış bədənlərlə yaşayır. Allahın yer üzündəki xəlifə və canişinləri onlardırlar ki, (xalqı) Onun dininə dəvət edirlər. Ah, ah, onlarla görüşməyin çox həsrət və arzusundayam. (Sonra buyurdu:) Ey Kumeyl, istəyirsənsə qayıt.
Dostları ilə paylaş: |