Aciz qaldığın çətin işləri, sənə şübhəli görünən (Allahın, onun barəsində olan hökmünü bilməkdə çaş-baş qaldığın) işləri Allaha (Onun kitabına) və Onun Peyğəmbərinə (onun sünnəsinə) həvalə et. Çünki nöqsan sifətlərdən pak və təmiz olan Allah (Qur’ani-Kərimin Nisa surəsinin 59-cu ayəsində) hidayət etmək istədiyi dəstəyə belə buyurub: «يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الْأَمْرِ مِنكُمْ فَإِن تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللّهِ وَالرَّسُولِ» «Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə (imam, rəhbər və Həzrət Peyğəmbərin haqq olan xəlifə və canişininə) itaət edin. Əgər bir iş barəsində mübahisə etsəniz (ixtilafa düçar olsanız) onu, Allaha və Peyğəmbərə həvalə edin (belə hallarda onlara müraciət edin, nəfsi istəklər üzündən hökm çıxarmayın ki, bu məhvə səbəb olar).» Deməli, Allaha müraciət etmək Onun kitabından «möhkəm» olanları (mənasında şübhə və tərəddüd olmayanları) götürmək, Peyğəmbərə müraciət isə onun təfriqə yaratmayan və birləşdirici olan sünnəsini2 (hökmlərini) götürməkdir.
Beləliklə, xalq arasında qəzavət və hakimlik üçün rəiyyətin ən yaxşısını seç. Eləsini ki, işlər ona çətin gəlməsin (hər bir hökmün öhdəsindən gəlsin və aciz qalmasın), çəkişməyə düşmüş kəslər dava və qalmaqal barəsində öz nəzərlərini ona qəbul etdirə bilməsinlər, mütəmadi olaraq səhvə yol verməsin, haqqı dərk edəndə ona qayıtmaqda aciz qalmasın (özü öz səhvini başa düşəndə və ya başqası onu səhvindən xəbərdar edəndə inadkarlıq göstərərək öz səhvinə israr edən deyil, ondan qayıdan olsun), nəfsi tamah və hərisliyə meylli olmasın (-çünki tamahkar olsa düzgün hökm çıxara bilməz), lazımınca düşünmədən az anlayışla kifayətlənməsin (bəlkə gərək araşdırma aparsın və axıra kimi lazım olan şeyi əldə etsin), şübhəli məqamlarda dayanaraq hamıdan çox götür-qoy etsin (şübhəli işlərdə həqiqəti əldə etməyincə hökm çıxarmasın), dəlil və sübutları hamıdan çox öyrənib mənimsəsin, şikayətçilərin müraciətlərindən hamıdan az bezsin, işlərin aydınlaşdırılmasında (olan əziyyətlərə) hamıdan çox təmkinli və dözümlü olsun, hökm aydınlaşanda hamıdan qətiyyətli olsun (məsələnin həqiqətini dərk edən kimi tez onun hökmünü çıxarsın və hökmü gecikdirməsin və mübahisə edən tərəflərin məəttəl qalmalarına səbəb olmasın), çox tərifləmək onu xudbinliyə düçar etməsin və məcburiyyət və kələk onu (iki tərəfdən birinə) meylli etməsin. Bu sifətlərlə zinətlənmiş hakimlər az ələ düşürlər. (Onları tapmaq üçün çox çalışmaq lazımdır.) Bundan sonra onun çıxardığı hökmlərdən ətraflı xəbər tut, yoxla. (Məbada o, sonra düzəldə bilmədiyin səhvə yol vermiş olsun.) Ona o qədər bəxşiş et və yaşayışını elə gen-bol təmin et ki, üzr və bəhanə gətirməsinə yer qoymasın və həmin bəxşiş səbəbindən xalqa ehtiyacı az olsun (və rüşvət almağa heç bir bəhanəsi qalmasın, işlərində düzgün və doğru hökm çıxarsın). Öz yanında ona elə bir məqam və böyüklük ver ki, yaxınlarından başqa birisi onun (aradan götürülməsi) tamahına düşməsin və o, sənin yanında camaatın gözlənilmədən onu puç etməsindən qorxusuz və xatircəm olsun.1 Beləliklə, qazıları seçmək və onlar üçün saydığım sifətlər barəsində hərtərəfli fikirləş. Çünki bu din şər və pis əməlli adamların əlində əsir olub, onunla nəfsi istəklər əsasında davranılıb və onun vasitəsi ilə dünya istənilib.
Sonra məmur və icraçılarının işlərinə nəzər sal, diqqət et. Onları sınaqdan keçirdikdən sonra işə təyin et. (Onların dindarlıq, düzlük və doğruluğunu sınamıyınca bir işə təyin etmə.) Onları öz istəyinlə, onlara kömək məqsədi ilə və özbaşına (məsləhətləşmədən) bir işə göndərmə. Çünki kimisə öz istəyinlə və özbaşına hər hansı bir işə təyin etmək (rəiyyətə) zülm və xəyanət budaqları toplumudur.2 Onları sınanılmışlardan, nəcib və ləyaqətli ailələrdən olan həyalılardan və İslamda öncül olanlardan istə (təyin et). Çünki onlar gözəl əxlaq və xasiyyətə, düzgün namus və şərəfə (özlərinə ar və bədnamlıq rəva bilməzlər), az tamaha və işlərin sonunu görməkdə düzgün fikrə (uzaqgörənliyə) malikdirlər. Sonra onların ərzaq paylarını gen-bol ver. Çünki bu iş onlara özlərini islah etməkdə (xasiyyətlərini yaxşılaşdırmaqda) qüvvət verir və əllərində olanları (müsəlmanların mallarını) yeməyə ehtiyac duymurlar. Həmçinin əgər əmrinə tabe olmasalar və ya əmanətinə xəyanət etsələr, bu, sənin onlara qarşı dəlil və sübutundur.3 Sonra onların işlərini təftiş et, yoxla. Onlara doğruçu və vəfalı müfəttişlər göndər. Çünki sənin onların işlərini gizlin şəkildə yoxlamağın onların düz və rəiyyətlə yumşaq və mülayim davranmağa məcbur olmalarına səbəb olar. (Əgər vali onların işlərinə nəzarət etməsə, onlar ədalət və insaf çərçivəsindən kənara çıxar və xalqa zülm edərlər). Özünü (xəyanətkar) yardımçı və köməkçilərdən qoru. Əgər onlardan biri xəyanət və nadürüstlük etsə və müfəttişlərinin onun xəyanəti barəsindəki xəbərləri bir-biri ilə üst-üstə düşsə, həmin xəbərlərlə kifayətlən.1 Buna görə də gərək ona bədən cəzası verəsən və onu əməlinə görə tənbih edəsən. Sonra onu dəyərsiz və xar et, ona xəyanət damğası vur və töhmət və bədnamlıq arını (boyunduruq kimi) boynundan as (ki, nadürüst insanlar üçün ibrət olsun).
Vergi işində vergi verənlərin xeyrinə araşdırma apar. Çünki verginin və vergi verənlərin xeyrində başqalarının dinclik və rahatlığı var. Başqalarının dinclik və rahatlığı ancaq vergi verənlərin vasitəsi ilə təmin olur. Çünki camaatın hamısı verginin və vergi verənlərin çörəkyeyənləridir. (Buna görə də əgər vergi və vergi verənlərin işləri düz olsa camaat rahatlıq və asayişdə olar. Amma bu məsələyə etina etməsən hamı çətinliyə düşər.) Sən vergi almaqdan çox (vergi alınan) yerlərin abadlığına diqqət yetirməlisən. Çünki vergi ancaq abadlıqla əldə edilir. Abadlıq yaratmadan vergi tələb edən kəs şəhərlərinin viranlığına və bəndələrin məhvinə başlayıb və onun işi ancaq qısa müddət davam edər. Buna görə də əgər vergi verənlər (müəyyənləşdirilmiş verginin) ağırlığından, (məhsula dəymiş) xəstəlik və bəladan, su payının kəsilməsindən (kəhrizlərinin tutulmasından və ya hovuzu və çayın bəndini selin aparmasından və bu kimi şeylərdən), yağış yağmaması və şeh düşməməsindən, suyun (sel və bu kimi şeylərin) örtdüyü yerin dəyişməsindən və ya susuzluğun (əkinləri) məhv etməsindən şikayətlənsələr onların vergilərini işlərinin düzələrək yaxşılaşacağına ümid bəslədiyin qədər yüngülləşdir.1 Onların yüklərini yüngülləşdirmək sənə ağır gəlməməlidir. Çünki onlara etdiyin bu güzəşt bir ehtiyatdır ki, onu şəhərlərin abadlığı və hökumətinin zinətləndirilməsi ilə sənə qaytaracaqlar. Həmçinin onların nikbinlik və təriflərini özünə cəlb edəcəksən və aralarında haqq-ədaləti bərqərar etməyindən şad və məmnun olacaqsan. Eyni zamanda onların yanında tədarük gördüyün şeylərlə - onlar üçün yaratdığın asayişlə, öz ədalətinlə qazandığın inamları ilə və etdiyin mülayimliklərlə güclərinin artmasına arxalanacaqsan. Beləliklə, qarşıya elə hadisə çıxa bilər ki, etdiyin yaxşılıqdan sonra onu onlara tapşırarsan və onlar onu sevinclə yerinə yetirərlər. Çünki abad məmləkətə hər nə yükləsən çəkə bilər (və bu, rəiyyətin vəziyyətinin yaxşılığı və onların öz hakimlərinə inam və etimadları nəticəsində mümkündür). Yer həmişə, əhalisinin yoxsulluğu üzündən viran olur. Rəiyyətin yoxsul və pərişan olmasının səbəbi isə hökmdarların ancaq (mal-sərvət) toplamaq fikrində olmaları, (hökumət və başçılıqda) qalmağa bədbinlikləri və hadisələr, ibrətlər və dövranın gedişi barəsindəki düşüncələrdən az bəhrələnmələridir.
Ondan sonra katiblərinin vəziyyətinə nəzər sal və onların (davranış və danışığı düz olanının) ən yaxşısını işə təyin et. (Düşmənin qarşısını almaq və dövlətçilik barəsindəki) plan və sirlərini açıqladığın məktubları elə adama həvalə et ki, (dindarlıq, əmanətə sadiqlik, xeyirxahlıq, təmizlik və bu kimi) bütün bəyənilmiş xüsusiyyətlərdə digər katiblərdən zəngin olsun.1 Elə bir adamı ki, məqam və böyüklük onu, camaatın və böyüklərin hüzurunda sənə qarşı çıxmaqdan çəkinməmək həddinə qədər cürətləndirməsin, qafillik və unutqanlıq məmurlarının məktublarının sənə çatdırılmasında və onlara sənin tərəfindən gözəl cavab verilməsində, eləcə də sənin üçün aldığı və sənin tərəfindən bağışladığı şeylərdə səhlənkarlıq etməsinə səbəb olmasın, sənin xeyrinə olan müqaviləni süst bağlamasın (onu möhkəm və tutarlı yazsın), sənin zərərinə bağlanmış müqavilənin düyününü açmaqda aciz olmasın və işlərdə öz yerini və qədir-qiymətini bilsin. Çünki öz məqam və işini bilməyən kəs başqasının yerini və işini heç bilməz. (Deməli, dövlət və hakimin xüsusi katibi öz rütbə və qədrini bilməlidir ki, hər bir kəsin məqam və işinə də bələd olsun.) Bir də onları öz ayıq-sayıqlığın, inamın və nikbinliyinə əsaslanaraq (işə) təyin etməməlisən. Çünki insanlar (işçi və məmurlar) vali və hökmdarların ürəklərini ələ almaq üçün özlərini bəzədilmiş və yaxşı xidmət edən kimi tanıtdırırlar. (Özlərindən əmanətə sadiqlik, nəfs paklığı və xeyirxahlıq biruzə verir və validən eyb və pisliklərini gizlədirlər ki, onu aldadaraq inam və nikbinliyini qazansınlar və divan işlərinə keçsinlər.) Halbuki (onlarda) özlərindən biruzə verdikləri və özlərini bəzədikləri şeylərin arxasında xeyirxahlıq və əmanətə sədaqətdən əsər-əlamət yoxdur. Lakin onları səndən qabaqkı yaxşılar üçün gördükləri işlərdə sına. Sonra onların xalq arasında tanınmışlarının ən yaxşılarını və əmanətdə məşhur və adı dillərdə olanların ən düzünü seç. Sənin bu sınağın Allaha və işləri sənə tapşıran kəsə (İmam əleyhis-salama) tabe olmağına bir dəlildir. İşlərinin hər biri üçün katiblərindən bir rəis və müdir təyin et ki, işlərin böyüklüyü onu məğlub və aciz, çoxluğu pərişan etməsin. Əgər katiblərində bir eyb və nöqsan olsa və sənin ondan xəbərin olmasa, həmin pisliyə görə səndən də yapışarlar. (Onun məsuliyyəti səninlədir.)
Sonra tacirlər və sənət sahibləri barəsindəki tapşırıqları qəbul et və (öz məmurlarına) onlara yaxşılıq etməyi tapşır (ki, onların mal və sərvətinə tamah salıb bəhanə gətirərək onları incitməsinlər və həvəsdən salmasınlar), istər onların (bir şəhərdə alıb-satanı və ya şəriki başqa yerdən göndərən və o, şəhərdə qalıb satan) məskunlaşaraq oturaq salanı olsun, istər öz mal və sərvəti ilə get-gəl edəni, istərsə də öz bədəni (fiziki əməyi) ilə fayda verənlər (öz əl-qolları ilə xalqın ehtiyacı olan şeyləri hazırlayan sənətkarlar)! Çünki onlar mənfəət amili və mənbəyidirlər və malı sənin hakimiyyətinin əhatə dairəsində olan səhra, dəniz, düzənlik və dağlıqların çətin yollar və uzaq nöqtələrindən - camaatın toplaşmadığı və getməyə cürət etmədiyi yerlərdən gətirənlərdir. Beləliklə, tacirlər sərtlik qorxusu olmayan asudəlik, həmçinin şər və pislik gözlənilməyən sülh və barışıq adamlarıdır. Özün olan yerdə və şəhərlərinin kənar-bucağında onların işlərini yoxla. (Uzaq və yaxın yerlərdən onların rahatlığını istə ki, onlara bir zülm və sitəm olmasın.) Onlar barəsində olan bütün tapşırıqlarla bərabər bil ki, onların çoxunda hədsiz hərislik, çirkin və xoşagəlməz xəsislik, baha satmaq üçün möhtəkirlik (malları yığıb saxlamaq) və istədiyi kimi qiymət qoymaq (xisləti) var. Onların bu işləri xalqa ziyan dəyməsinə səbəb olur və bu, valilərə nöqsandır. Buna görə də möhtəkirliyin qarşısını al. Çünki Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) onu qadağan edib. (Möhtəkirliyin qayda-qanununları və onunla bağlı məsələlər fiqh kitablarında açıqlanıb.) Alış-veriş gərək asan, əyər-əskiyi olmayan tərəzilərlə elə qiymətə aparılsın ki, satana və alana zülm və haqsızlıq olmasın.1 Beləliklə, sənin qadağa qoymağından sonra möhtəkirlik edəni cəzalandır, elə cəzalandır ki, onun rüsvay olmasına (və başqalarının ibrət götürmələrinə) səbəb olsun. Amma həddini keçməsin.2
Sonra çarəsiz, aciz, yoxsul və möhtaclardan, eləcə də çətinlik, xəstəlik və zəifliyə düçar olmuşlardan ibarət aşağı təbəqə barəsində Allahdan qorx, Allahdan qorx! Çünki bu təbəqə içərisində həm həqirlik və biçarəliyini üzə çıxarıb istəyənlər, həm də bəxşişə möhtac olmasına baxmayaraq, (nəfsi pak olduğu üçün) onu zahirdə bildirməyənlər var. Allahın razılığını qazanmaq üçün Onun Öz haqqından, onlar barəsində sənə əmr etdiyini yerinə yetir və əlində olan beytülmalın bir hissəsini, eləcə də hər bir şəhərdə İslamın qənimət (yolu ilə) aldığı yerlərin taxıl və məhsulunun bir qismini onlara ayır. Çünki onların ən uzaqda olanı ən yaxında olan qədər pay və bəhrəyə malikdir.3 Səndən onların hər birinin hüquqlarına riayət etmək istənilib. Buna görə də şadlıq itaətsizliyi və naz-nemətə qərq olmaq səni onların halını bilməkdən saxlamasın. Çünki sən, barəsində səy və diqqətin çox olan böyük işləri möhkəmləndirməyin üçün kiçik işləri əldən çıxartmağa görə üzrlü sayılmırsan. Buna görə də səyini onlardan (işlərini düzəltməkdən) əsirgəmə və itaətsizlik səbəbindən onlardan üz döndərmə. Onların (yoxsul və zəiflərin) - gözlərin (camaatın) xar və həqirliklə baxdığı, xalqın kiçik saydığı kimsələrin - sənə əli çatmayanlarının işləri ilə maraqlan, araşdır.1 Beləliklə, onlar (onların vəziyyətləri ilə maraqlanaraq araşdırma aparmaq) üçün özünün (Allahdan) qorxan və təvazökar olan inanılmış nümayəndəni təyin et ki, onların işlərini sənə çatdırsın. Sonra onların barəsində elə işlər gör ki, (qiyamətdə) Allaha qovuşacağın (Onun hesab və araşdırma aparacağı) gün üzrünü qəbul etsinlər. Çünki onlar rəiyyət arasında ədalət və insafa başqalarından daha çox möhtacdırlar. (Ona görə ki, onlar öz haqq və hüquqlarını qorumaq qüdrətinə malik deyildirlər.) Beləliklə, onların hər birinin haqqını əda etməkdə Allah yanında dəlil və sübuta malik ol (ki, heç bir məsuliyyət daşımayasan). (Az yaşlı) yetimləri və çarəsiz və (zəiflik ucbatından) özlərini xahişə hazırlamamış yaşlı qocaları öhdənə götür. Dediklərimiz (və sənin üçün proqram kimi müəyyənləşdirdiyimiz şeylərə əməl etmək) valilərə ağır və çətindir. (Ümumiyyətlə) haqqın hamısı ağırdır. Bəzən Allah onu gözəl mükafat və nicat axtaranlara, özlərini səbrə vadar edənlərə və Allahın vəd etdiyinin (əbədi Cənnətin) düzlüyünə inananlara yüngülləşdirər (sonra onlar onu asanlıqla icra edərlər).
Vaxtının bir hissəsini sənə ehtiyacı olanlara ayır və həmin vaxt özünü onlar üçün (onların istəkləri ilə məşğul olmağa) hazırlayaraq ümumi məclisdə otur (ki, zəif və biçarələrin sənə əlləri çatsın). Beləliklə, səni yaradan Allaha (Onun razılığını əldə etməyə) görə (onlarla) təvazökar ol. Öz gözətçi və qarovulçularından olan əsgər və qapıçılarını (onlara mane olmaqdan) saxla ki, onların nümayəndələri kəkələmədən, qorxub çəkinmədən danışsın (ehtiyacını istəsin). Çünki mən Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) dəfələrlə belə buyurduğunu eşitmişəm ki: «Heç bir ümmət, zəifin haqqı güclüdən kəkələmədən, qorxub çəkinmədən alınmayınca paklaşmaz, ülviləşməz». Sonra onların sərtlik, kobudluq və söhbət qaydalarını bilməmələrinə döz və üzə vurma.1 Tündlüyü (pis xasiyyətliliyi) və özünü bəyənməyi (onlarla oturub durmaq və danışmağı özünə sığışdırmamağı) özündən uzaqlaşdır ki, Allah rəhmət qapılarını sənin üzünə açsın və itaət və tabeçilik mükafatını sənə əta etsin. (Onlardan birinə bir şey vermək istəyəndə) bağışladığın şeyi xoş üzlə bağışla (ki, o, istəyənin də ürəyinə yatsın). Həmçinin (əgər onun istəyini yerinə yetirməyə gücün çatmasa və ya onu yerinə yetirməyi məsləhət bilməsən, əsirgədiyin şeyi) mehribançılıq və üzrxahlıqla əsirgə (ki, o, səndən inciməsin və qəlbində sənə qarşı kin saxlamasın).
İşlərinin içərisində bəziləri də var ki, onları gərək sən özün yerinə yetirəsən. Onlardan biri məmurlarına (onların mətləblərinə) katiblər aciz qalanda (özlərindən cavab verə bilməyəndə) cavab verməkdir. (Həmin işlə əgər vali şəxsən məşğul olmasa katib və məmurlarının məəttəlçiliklərinə səbəb olar.) O işlərdən (digər) biri camaatın, (çoxluğuna görə) köməkçilərinin (məmurlarının) darıxmasına səbəb olan istəklərini sənə çatan gün yerinə yetirməyindir (onlara cavab verməyindir. Məmurlar öz rahatlıqları üçün həmin işləri dala atmaq istədikdə onlara sən özün baxmalı və onları təxirə düşməyə qoymamalısan). Hər günün işini həmin gün gör. Çünki hər günün özünə məxsus işi var.2 Vaxtın ən gözəl və fəzilətlisini özünlə Allah arasında olan şeylər (ibadət və bəndəlik) üçün müəyyənləşdir, ayır. (Məsələn, namazı bütün işləri yerinə yetirib qurtardıqdan sonra yorğun və həvəssiz deyil, ilk vaxtda, qıvraq və enerjili vaxtında qıl.) Hərçənd ki, əgər onda niyyət və məqsəd pak və rəiyyət ondan asayişdə olsa (xalqın işinə həsr etdiyin) vaxtların hamısı Allaha məxsusdur.
Ancaq və ancaq Allaha görə olan vacib əməllərin yerinə yetirilməsi, gərək dinini Allah üçün xalisləşdirdiyin xüsusi vaxtda olsun. (Vaxtın ən yaxşısını ibadətə həsr etmək lazım olduğu kimi, ibadət vaxtlarının ən yaxşısını da vacib ibadətlərin yerinə yetirilməsində sərf etmək lazımdır.) Beləliklə, gecə və gündüzündə (onların bir hissəsində) bədənini Allahın ixtiyarında qoy (Ona ibadət et). Vasitəsi ilə Allaha yaxınlaşdığın şeyə (vacib əmələ) vəfalı ol. Çalış ki, (soyuq havada dəstəmaz almaq və isti havada oruc tutmaq kimi şeylər) bədənini əzginləşdirsə də, onları kamil şəkildə, eyb və nöqsansız (riyasız, özünü göstərmək və başqalarının diqqətini cəlb etmək məqsədi olmadan) yerinə yetirəsən. Namazını camaatla qılanda (camaat namazında, onu uzadaraq) xalqı özündən uzaq və incik, namazı isə (vacib yerlərini tərk etməklə) zay və xarab etmə. Çünki camaat içərisində əlil, xəstə, möhtac və işi olan var (ki, əlil və xəstənin namazı uzatmaq taqəti və gücü, işi olanın isə vaxtı yoxdur). Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) məni Yəmənə göndərəndə soruşdum ki, onlarla necə namaz qılım? Buyurdu: «Onlarla ən zəif və acizləri kimi namaz qıl və möminlərə qarşı mehriban ol!»
Bu göstərişlərdən sonra məbada özünü rəiyyətin gözündən çox gizlədəsən. Çünki valilərin rəiyyətə görünməməsi sıxıntı (qanısoyuqluq), az elmlilik və işlərdən xəbərdar olmamağın bir hissəsidir.1 Həmçinin valilərin rəiyyətə görünməməsi (ölkə və rəiyyətin vəziyyəti barəsində) onlara gizli olan şeylər haqqındakı məlumatları örtülü saxlayır. Beləliklə, (belə olan halda, bəzən) valinin yanında böyük iş kiçik, kiçik iş isə böyük, gözəllik çirkinlik, çirkinlik isə gözəllik görünər və haqq və düzlük batil və nadürüstlüyə qarışar. Vali də adi bir insandır ki, xalqın ondan gizlədilən işlərindən xəbərdar ola bilmir. Haqqın da elə bir əlamətləri yoxdur ki, onların vasitəsi ilə düzlə yalanın növləri tanınsın. Sən iki adamdan birisən: Biri budur ki, haqq və düzlüyü əda etməkdə səxavətli və əliaçıqsan. Belə olan halda, vacib haqqı əda etməyin və ya gözəl iş görməyin üçün üzə çıxmamağının səbəbi nədir? Yaxud da sən bərk və bəxşiş etməyən bir adamsan. Belə olan halda, (yenə də görünməməyə bir dəlil yoxdur, çünki) tezliklə xalq səndən bir şey istəməkdən əl çəkər. Çünki sənin bəxşişindən naümid olar. Halbuki xalqın səndən istəklərinin çoxu xərc və zəhməti olmayan - (onlara edilmiş) zülmdən şikayətlənmək (və onun qarşısının alınmasını səndən istəmələri), yaxud davranış və rəftarlarda insaflı və ədalətli olmağı istəmək kimi şeylərdir.
Sonra (bil), valilərin bəzi yaxınları və qohumları var ki, özbaşınalıq, itaətsizlik, (xalqın malına) əliuzunluq və insafsızlığa adət ediblər (və rəiyyəti çətinlik və əziyyətə salırlar). Həmin sifətlərə səbəb olan amilləri kəsib uzaqlaşdırmaqla onların (şərlərinin) kök və əsaslarını qurut. (Ədalətli ol və ölkənin daxili vəziyyətindən xəbər bil ki, onlar sənin ədalətsizlik və xəbərsizliyindən özbaşınalıq, əliuzunluq və insafsızlıqlarına vasitə kimi istifadə edib rəiyyəti incitməsinlər.) Ətrafında olanlardan, əhli-beytin və qohumlarından heç kəsə torpaq vermə. Gərək heç kəs səndən tarla və əkinəcək alıb onun qonşuluğundakı camaata su mənbəyində ziyan vurmaq, yaxud müştərək görülməli işdə şərikli işin çətinlik və ağırlığını qonşulara yükləmək tamahına düşməsin. Belə olan halda, onun xeyir və mənfəəti sənin deyil, onların olacaq. Onun dünya və axirət eyb və məzəmməti isə sənə qalacaqdır. Haqq layiqli və bəyənilən olduğu üçün yaxından və uzaqdan (qohum və yaddan) olmasından asılı olmayaraq onu icra et. Bu işdə səbrli və (Allahdan) əvəz istəyən ol, hətta haqqı icra etmək nəticəsində qohum və yaxınlarına hər nə olsa belə! (Məsələn haqqı icra etmək üçün qohumlarından birindən qisas almaq lazım gəlsə də, et bunu.) Sənə olan ağırlıqla (və yaxınlarına olan çətinliklə), haqqın sonuna bax ki, (onun sonu) bəyənilən və bərəkətlidir.
Əgər rəiyyət sənin barəndə zalımlıq gümanında olsa, üzr və dəlilini onlara açıqla və bu açıqlama ilə onların gümanlarını özündən uzaqlaşdır. Çünki sən bu işlə özünü (ədalət və insafa) öyrəşdirərək adət verər və rəiyyətə mehribançılıq göstərmiş olarsan. Həmçinin bu üzr gətirməklə sən onları haqqa vadar etmək barəsindəki istəyinə çatmış olarsan. (Onların sənin barəndə pis gümanda olmaları və səni məzəmmət etmələrindən qurtulmaq istəyirsənsə öz üzrünü açıqla ki, səhvdən çıxaraq sənin məhəbbətini qəlblərinə salsınlar.)
Düşməninin səni çağırdığı və Allahın da razılığı olan sülh və barışıqdan boyun qaçırma. Çünki barışıqda ordunun rahatlığı, qəm-kədərin asayişi və şəhərlər (onların əhalisi) üçün əmin-amanlıq vardır.1 Amma barışıqdan sonra düşmənindən çəkin və qorx. Çünki çox vaxt düşmən, özünü yaxınlaşdırır ki, (tərəf müqabilini) qəfildən haqlasın (sonra onun işini bitirsin, yaxud da onu çətinliyə salsın). Buna görə də ehtiyatlı olmağa və işi möhkəm görməyə adət et və tez, nikbinlik və yaxşı güman yükünün altına girmə.2 Əgər düşməninlə bir əhd bağlasan və öz tərəfindən ona aman (paltarı) geyindirsən (pənah versən), əhdinə vəfa et və verdiyin pənah və sığınacağa riayət et, özünü bağladığın əhd-peymana sipər et. Çünki insanlar, ziddiyyətli istəklərə və fikir ayrılığına malik olmalarına baxmayaraq, Allahın vacib buyurduqları içərisində əhdə vəfa etməyi uca tutmaq kimi heç nə barəsində yekdil deyildirlər. Müşriklər də müsəlmanlardan qabaq öz aralarında əhdə vəfa etməyi zəruri bilirdilər. Çünki əhdi pozmağın xoşagəlməz və pis nəticələrini başa düşmüşdülər (dadmışdılar. Belə isə müsəlmanlar onu yerinə yetirməyə daha layiqdirlər). Buna görə də öz verdiyin amana xəyanət edib əhdini pozma və düşmənini aldatma. Çünki (əhdi pozmaq Allaha qarşı çıxmaq və cürət etməkdir və) bədbəxt nadandan başqa heç kəs Allaha qarşı çıxmaz, cürət etməz. Allahın əhdi Onun rəhmət və mehribanlıqla bəndələri arasında yaydığı əmin-amanlıq və rahatlıqdır. (Onlara hərc-mərclik, qətl və fəsaddan qurtulmaları üçün əhdlərinə riayət etmələrini əmr edib.) Onu sığınacaq edib ki, möhkəmliyi ilə yaşayaraq ona pənah aparsınlar. Buna görə də onu pozmaq və onda hiylə işlətmək rəva deyil. Elə bir əhd-peyman bağlama ki, onda başqa yerə yozmaq, bəhanə gətirmək və hiylə və kələk işlətmək yolu olsun.1 Əhd-peymanı bərqərar edib möhkəmləndirdikdən sonra ikibaşlı söz işlətmə.2 Barəsində Allahın əhdinə (başqası ilə bağladığın peymana) riayət etməli olduğun işin çətinliyi səni, onu nahaq yerə pozmağa vadar etməsin. Çünki sənin, mükafatında asayiş və artım olmasına ümidvar olduğun çətin işə səbr etməyin, dünya və axirətdə əfv və bağışlanmasını istəmək yolu olmayan və bunu edə bilməyəcəyin hiylə və kələyin günah və cəzasından və Allah tərəfindən sorğu-suala tutulmağından qorxmaqdan daha yaxşıdır. (Başqası ilə bağlanmış peymana riayət edilməsinə təkid etmək və onu pozmaqdan qorxutmaq üçün İmam əleyhis-salam onu Allahın peymanı adlandırıb.)
Qanlardan (adam öldürməkdən) və onu nahaq yerə tökməkdən qorx. Çünki nahaq qan tökmək kimi heç nə əzab və cəzanın çoxluğuna, sorğu-sualın böyüklüyünə, nemətin əldən çıxmasına layiq olmağa və ömrün sona çatmasına səbəb olmur. Nöqsan sifətlərdən pak olan Allahın, qiyamət günü, barəsində bəndələr arasında hökm edəcəyi ilk şey tökülmüş qanlar olacaqdır. Buna görə də hökumətini haram qan tökməklə (dinin hökmlərinin əksinə adam öldürməklə) möhkəmləndirərək bərqərar etmək istəmə. Çünki haram qan tökmək hökuməti zəiflədərək süstləşdirən, hətta onu aradan aparan və (bir sülalədən digər sülaləyə) keçirən işlərdəndir. Sən qəsdən adam Öldürmək barəsində nə Allahın və nə də mənim yanımda üzrlü hesab edilməzsən. Çünki həmin təqdirdə (sözsüz-söhbətsiz) bədən qisası almaq (başqasını öldürdüyün kimi öldürmək) lazım gəlir. Əgər xəta və səhv üzündən başqasını öldürsən, qamçın və ya qılıncın işkəncə verməkdə həddini aşsa (hadisə, qəsd olmadan qətl ilə nəticələnsə) – deməli, yumruq vurmaq və ondan yuxarısı da öldürməkdir (bəzən ölümə səbəb olur) - hökumət qürurun səni, öldürülmüş şəxsin sahib və qohumlarına onun qanbahasını ödəməkdən saxlamamalıdır. (Tam təvazökarlıqla gərək onun qanbahasını ödəyəsən.)
Özünü bəyənməkdən, səni məğrurluğa sövq edən şeylərə arxalanmaqdan və camaatın səni çox tərifləmələrini sevməkdən çəkin. Çünki bu hal şeytanın yaxşı əməl sahiblərinin yaxşılıqlarını aradan aparması üçün ən mühüm fürsətlərindəndir. (Şeytan həmişə belə fürsətin ələ düşməsini gözləyir. O, insanı məğrurluğa və tərifi sevməyə sövq edir ki, gördüyü yaxşı iş təsirsiz olsun.)
Rəiyyətə, etdiyin yaxşılığa görə minnət qoymaqdan, gördüyün işi olduğundan artıq saymaq və ya ona verdiyin vədə vəfa etməməkdən çəkin. Çünki minnət qoymaq yaxşılığı nəticəsiz edir.1 İşi olduğundan artıq güman etmək (bir növ məğrurluq, zülm və yalandır və ) haqqın nurunu söndürür (yaxşılıq və düzlüyü savabsızlaşdırır). Vədə vəfa etməmək də Allahın və xalqın qəzəbinə səbəb olur. Allah-təala (Səff surəsinin 3-cü ayəsində) buyurub: «كَبُرَ مَقْتًا عِندَ اللَّهِ أَن تَقُولُوا مَا لَا تَفْعَلُونَ» «Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar.»
Vaxtı çatmamış işlərdə tələsməkdən, çatılan zaman onların arxasınca düşüb bərk çalışmaqdan, kələfin ucu məlum olmayan zaman inadkarlıq göstərməkdən, yaxud ələ düşəndə onlarda süstlük göstərməkdən çəkin. Beləliklə, hər bir şeyi öz yerinə qoy və hər bir işi öz vaxtında yerinə yetir (ki, ədalət, bərabərlik və düzlük budur).2
Xalqın bərabər olduğu şeyi ancaq özünə məxsus etməkdən qorx.3 Hamının bildiyi işlərdə sənin diqqət etməli olduğun şey barəsində özünü nadanlığa vurmaqdan çəkin. (Malik olmadığın haqqı tələb etmə və heç edilmiş, tapdanmış haqqa göz yumma.) Çünki o, (zülmlə aldığın şey) səndən, başqası (məzlum) üçün geri alınacaqdır. Tezliklə işlər üzərindən pərdələr götürülər (gizlin olan şeylər üzə çıxar) və məzlumun və zülmə məruz qalanın haqqı səndən alınar. Qəzəbin şölələnəndə, itaətsizliyin kəskinləşəndə, əlinlə hücum edəndə və dilin acılaşaraq çirkin sözlər danışanda özünü ələ al. Tələsməmək və hücumu təxirə salmaqla bu çirkin işlərdən çəkin ki, qəzəbin yatsın və (həmin vaxt) güc və ixtiyar taparaq özünü ələ alarsan. Rəbbinə doğru qayıdacağını çox yadına salıb fikirləşməyincə özünü ələ ala bilməyəcək, qəzəbdən qurtulmayacaqsan.1
Sənə səndən əvvəlkilərinin başlarına gələnləri – çıxardıqları ədalətli və düzgün hökmləri, yaxud əməl etdikləri gözəl ən’ənələri, yaxud da Peyğəmbərimizdən (səlləllahu əleyhi və alih) nəql etdikləri xəbərləri, ya da Allahın kitabındakı vacib əməlləri yerinə yetirmələrini - yada salmaq vacibdir. Beləliklə, bu işlərdən əməl etdiyimizi gördüyün şeyləri sən də et və bu əhdnamədə sənə tapşırdıqlarıma tabe olmağa çalış. Mən bu əhdnamə ilə sənə (ünvanlanmış) dəlillərimi möhkəmləndirdim ki, nəfsin istəklərə doğru tələsəndə heç bir bəhanən olmasın. Allahdan başqa pislikdən qoruyan və yaxşı işə nail edən heç bir kimsə qətiyyən yoxdur. Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) mənə olan vəsiyyətlərində əhd bağlayaraq tapşırdığı şey namaz və zəkata, eləcə də qullarınızla mehriban olmağa təşviq etmək və (bu yolda) çalışmaq idi və mən o Həzrətin vəsiyyət və tapşırığını sənə yazdığım əhdin sonluğu edirəm. Uca və əzəmətli Allahın iradə və istəyi olmadan heç (kəsdə) bir hərəkət və qüdrət yoxdur.
Dostları ilə paylaş: |