58-ci məktub
İmam Əli əleyhis-salamın şəhərlərin əhalisinə olan məktublarındandır ki, onda özü ilə Siffeyn (müharibəsində Şam) əhalisi arasında baş verənləri bəyan edib.
İşimizin əvvəlində biz Şam əhli ilə zahiri görünüşdə Rəbbimiz bir, Peyğəmbərimiz bir və (camaatın hidayət və nicat istiqamətində) İslamda təbliğ üsulumuz eyni imiş kimi qarşılaşdıq. Biz onlardan Allaha və Onun Peyğəmbərinə imanlarını artırmalarını istəmirdik. Onlar da bizdən bunu istəmirdilər.1 (Amma zahirdə) iş bərabər və yeksan idi və Osmanın qanı məsələsindən (və bizim onun qatillərinə kömək etməkdə günahlandırılmağımızdan) başqa, aramızda heç bir ixtilaf və fikir ayrılığı yox idi. Biz həmin işdən uzaq və kənar idik. Buna görə də (onlar bu bəhanə ilə müharibəyə şərait yaradanda) onlara belə dedik: Gəlin bu gün fitnə alovunu söndürmək və xalqa rahatlıq verməklə bundan (müsəlmanların qanlarının vuruşda axıdılmasından) sonra əlac edə bilməyəcəyimiz şeyə çarə qılaq ki, işlər möhkəmlənərək qaydasına düşsün və biz haqqı öz yoluna qoya bilək. Dedilər: (Yox,) biz bu işə düşmənçilik və döyüşlə çarə qılacağıq! Beləliklə, (bizim nəsihətimizdən) boyun qaçırdılar və nəhayət, müharibə başlandı, onun şölələri qızışdı və iş çətinləşdi. Müharibə və döyüş bizi və onları dişinə alıb caynaqlarını bizə və onlara batıran zaman (döyüş ağırlaşanda və onlar məğlubiyyətə uğradıqlarını görəndə), onlar bizim (müharibədən qabaq, tərəfinə) çağırdığımız şeyi qəbul etdilər. Bu halda (bizdən döyüşdən əl götürməyimizi istədilər və biz) onların çağırışlarını qəbul edib istəklərinə doğru tələsdik ki, dəlilimiz (bizim haqq olmağımız) onlara aydınlaşsın və heç bir bəhanə yerləri qalmasın. (Biz onların istəklərini ona görə qəbul etdik ki, bizim məqsədimizin qan axıdılması olmamasını bilsinlər. Başa duşsünlər ki, bizim onlarla müharibə etmək haqqımız var idi. Ona görə ki, Osmanın qətlə yetirilməsi onlar üçün müxalifət etmək və vuruşmağa bəhanə və dəlil deyildi.) Buna görə də onlardan hər kim bu sözdə (bizi çağırdıqları və bizim də qəbul etdiyimiz Allahın kitabında) möhkəm olsa, deməli, Allah onu həlak və məhv olmaqdan qoruyub. İnadkarlıq göstərərək öz azğınlığında qalan kimsə isə öz əvvəlki halına qayıdıb (əhdini pozub), Allah onun qəlbini (qəflət pərdəsi) ilə örtüb və onun başında pis hadisələr fırlanır. (Xülasə, Allahın kitabına tabe olan kəs xoşbəxt, ona arxa çevirən isə bədbəxt və ilahi əzaba düçar olacaq.)
59-cu məktub
İmam Əli əleyhis-salamın Hülvan qoşununun başçısı Əsvəd ibn Qütbəyə məktublarındandır. (Hülvan Bağdad ilə beş günlük yol fasiləsi olan bir şəhərdir. «Rical» alimləri Əsvəd ibn Qütbə barəsində bir şey yazmayıblar. Amma çox ehtimal ki, o, gözəl şəxsiyyətlərdən olub. İmam əleyhis-salam bu məktubda ona ədalətli olmağı əmr edib.)
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: valinin (hər bir kəs və hər bir işə münasibətdə) meyl və istəyi eyni olmasa, bu davranış onu, ədalətliliyin çoxundan saxlayar. Buna görə də camaatın (özününkü və yadın, böyük və kiçiyin, imkanlı və imkansızın) haqq olan işi sənin yanında bərabər olmalıdır. Çünki zülmün yerinə ədalətin və insafın nəticəsi və mənfəəti əldə edilməz. Bənzərini bəyənmədiyin işdən uzaq ol. (Başqalarının yerinə yetirmələrini layiqli saymadığın işi görmə.) Nəfsini, savabına ümid bəsləyib cəzasından qorxaraq Allahın sənə vacib etdiklərinə vadar et.
Bil ki, dünya çətinlik diyarıdır. İnsan onda heç vaxt bir saat asudə və rahat olmayıb. Əgər olubsa da həmin saatın rahatlığı qiyamət günü onun qəm-kədərinə səbəb olar.1 Bil ki, heç vaxt heç bir şey səni haqdan ehtiyacsız edə bilməz. (Buna görə də batil və nahaq şeylərin ətrafına belə fırlanma.) Sənin boynunda olan haqlardan biri öz nəfsini (nəfsi istəklər və itaətsizlikdən) saxlamaq və rəiyyətin işlərində çalışaraq onların çatışmazlıqlarını islah etməkdir. Çünki bu yol ilə (Allahdan) sənə çatacaq xeyir və savab, sənin vasitənlə (rəiyyətə) çatan xeyirdən daha çoxdur. Salama layiq kimsəyə salam olsun!
60-cı məktub
İmam Əli əleyhis-salamın (qoşunun yolu üstündə yerləşən və) ordunun keçəcəyi yerlərin valilərinə məktublarındandır (ki, onlar və rəiyyət barəsində bəzi tapşırıqlar verib).
Allahın bəndəsi Əmirəl-möminin Əlidən ordunun, (yerlərindən) keçəcəyi şəhərlərin xərac toplayanlarına və valilərinə:
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Mən sizdən (yerlərinizdən) keçəcək qoşunu yola saldım və onlara (camaatı) incidərək pislik etməmək kimi Allahın onlara vacib etdiklərini tapşırdım. Mən sizin özünüzün və (pənahınızda olan) zimmə əhlinizin yanında ordunun ziyan vurması barəsində pak və günahsızam.1 Ac və aciz olan və qarnını doydurmaq üçün (rəiyyətin malından özü və ya onun özü kimi sayılan atının doyması miqdarında götürməkdən başqa) bir yol tapmayan kəs istisnadır (və bu cür ziyan rəvadır). Buna görə də (ac və möhtac olmayan və) zülm üçün (camaatın malına) əliuzunluq edən qoşunu özünüzdən uzaqlaşdıraraq cəzalandırın. İcazə verdiyim şeydə ağılsızlarınızı onlara mane olaraq hörmətsizlik etməkdən saxlayın (ki, fitnə və çaxnaşma yaranmasın). Mən ordunun arxasındayam. Beləliklə, onların sizə etdikləri zülmləri, həmçinin onların Allahın köməyi və mənə müraciətdən başqa heç bir şeylə qarşısını ala bilmədiyiniz, rəftarları nəticəsində qarşılaşdığınız çətinlikləri mənə xəbər verin. Belə olan halda, mən Allahın kömək və istəyi ilə onu düzəldəcəyəm. (Sizin şikayətlərinizə baxıb onların zülm və haqsızlıqlarını sizdən uzaqlaşdıracağam.)
61-ci məktub
İmam Əli əleyhis-salamın tərəfindən (Fəratın sahilindəki şəhərlərdən olan) Hitin valisi olmuş (İmam əleyhis-salamın ən seçilmiş dost və şiələrindən) Kumeyl ibn Ziyad Nəxəiyə məktublarındandır. (İmam əleyhis-salam bu məktubda) onu, düşmənin onun olduğu şəhərdən qarətçilik üçün keçən qoşununun qarşısını almadığına görə məzəmmət edir (ki, nə üçün belə bir vaxtda öz şəhərini buraxıb digər bir düşmənin qarşısını almağa gedib).
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: İnsanın təyin edilərək ona tapşırılan şeyi buraxıb ona həvalə edilməyən və başqasının öhdəsinə qoyulmuş işə görə zəhmət çəkməsi, aşkar acizlik və sahibini məhvə aparan düşüncədir. (Çünki onun mənşəyi ağlın azlığıdır.) Həmçinin sənin, vali və başçı təyin etdiyim sərhədləri heç bir hami və qoruyucusu və qoşunu (düşmən qoşununu) ondan qaytaran bir kimsəsi olmayan halda buraxıb (Fərat sahilindəki şəhərlərdən olan) Qerqisiya əhalisinə hücum edib onları qarət etməyin dağınıq nəzər və düşüncədir. Beləliklə, sən (bu işlərinlə) dostlarına hücum edib onları qarət etmək istəyən düşmənlərin (onların keçməsi) üçün bir körpü olmusan. Eyni zamanda möhkəm (güclü) çiyinlərin yox idi və səndən heç bir qorxu mövcud deyildi (ki, düşmənlərin öz yerlərində otursunlar). Nə dəliyi (düşmənin yolunu) bağladın və nə də düşmənin vüqar və qüdrətini sındırıb bir-birinə vurdun; nə şəhərinin əhalisinin (düşmənin qarşısını almaq) ehtiyacını tam təmin edənsən, nə də öz əmiri tərəfindən bir iş görən! (Buna görə də sənin kimisi valilik işinə yaramır.) Salama layiq kimsəyə salam olsun!
62-ci məktub
İmam Əli əleyhis-salamın Malik Əştəri (Allah ona rəhmət etsin) Misirə vali təyin edəndə onunla, həmin diyarın əhalisinə göndərdiyi məktublarındandır. (İmam əleyhis-salam bu məktubda Həzrət Peyğəmbərdən – səlləllahu əleyhi və alih – sonra başına gələnlərin bir hissəsini açıqlayıb.)
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Nöqsan sifətlərdən pak və uzaq olan Allah Məhəmmədi (səlləllahu əleyhi və alih) bəşəriyyəti (ilahi əzabdan) qorxudan və (insanların nicatı üçün Allah tərəfindən göndərilmiş) peyğəmbərlərə şahid kimi göndərmişdir. O Həzrət – səlləllahu əleyhi və alih – vəfat etdikdən sonra müsəlmanlar xilafət barəsində çəkişmə və qalmaqala düşdülər. Allaha and olsun ki, qəlbimə gəlmir və fikrimdən belə keçmirdi ki, ərəblər o Həzrətdən (səlləllahu əleyhi və alih) sonra xilafəti onun Əhli-Beytindən başqa birinə həvalə edəcək və (bütün tapşırıqlara və məni Qədir-Xumda və digər yerlərdə aşkar şəkildə xilafətə təyin etməsinə baxmayaraq,) o Həzrətdən sonra onu məndən əsirgəyəcəklər.1 Məni (yəni, hər bir ağıllı və agah şəxsi) camaatın beyət etmək üçün filankəsə (Əbu Bəkrə) tərəf tələsmələrindən başqa bir şey narahat etmədi (və ya təəccübləndirmədi). Beləliklə, (həmin vəziyyətdə) əl saxladım (onları öz ixtiyarlarına buraxdım). Nəticədə camaatın bir dəstəsinin dindən dönərək mürtəd olduqlarını və İslamdan qayıdaraq Məhəmmədin (səlləllahu əleyhi və alih) dinini məhv etmək istədiklərini gördüm. Qorxdum ki, İslam və müsəlmanların köməyinə başlamasam, onda nöqsan və dağıntı (yaranmasını) görərəm və onun müsibət və kədəri mənim üçün, nəticəsi (susuz adamın su sandığı) ilğım kimi (yaxınlaşanda) yoxa çıxan və ya bulud kimi səpələnən bir neçə günlük müvəqqəti mal olan sizə hakimlik və vilayəti əldən çıxarmaqdan daha ağır olar. Buna görə də həmin hadisə və dağıdıcı hərəkətlərin arasında ayağa qalxdım (İslam və müsəlmanlara kömək edərək onları məəttəlçilik və çaşqınlıqdan qurtardım). Nəticədə əyrilik və təxribatların qarşısı alındı və onlar məhv oldular, din (mürtəd və dağıdıcıların fitnələrindən) sakitlik taparaq (nigarançılıqdan) qurtulub öz yerində qərar tutdu.1
Dostları ilə paylaş: |