Bu da həmin məktubun (o Həzrətin cihadının haqqın icrası uğrunda olması və onun düşmənin çoxluğundan qorxmaması barəsindəki) bir hissəsidir
Vallah, əgər mən onlarla (Müaviyə və onun qoşunu ilə) təkbaşına qarşılaşsam və onlar (öz çoxluqları ilə) bütün yer üzünü doldursalar, (qətiyyən heç nədən) çəkinməz və qorxmaram. Mən onların düçar olduqları azğınlıqlar və özümün hidayət və nicat yolunda olmağım barəsində öz tərəfimdən bəsirətə, Rəbbim tərəfindən isə yəqinlik və inama malikəm. Allahla görüşü (Onun yolunda öldürülməyi) arzulayır və ümidvarcasına Onun gözəl savabını gözləyirəm.2 Amma mənim qəm-qüssəm bü ümmətin işlərinə onun ağılsız və pis əməllilərinin (Bəni-Üməyyənin) hakimlik etmələrindən, Allahın malını (müsəlmanların beytülmalını) əldən-ələ ötürmələrindən, Onun bəndələrini qul, yaxşılarını düşmən, pislərini isə dost etmələrindəndir. Çünki onlardan sizin (siz müsəlmanların) aranızda şərab içən və (bu çirkin işinə görə) İslamda təyin edilmiş qaydada şallaq vurulmuş kəs var.1 Onların içərisində (Əbu Süfyan və Müaviyə kimi) azacıq bəxşişlər verilməyincə müsəlman olmayıb İslamı qəbul etməyən kəslər var. (Əsas mətndə işlənmiş «رَضِيخَة» «rəzixə» kəlməsi İslam və müsəlmanlara münasibətdə qəlbləri yumşalıb kömək etmələri üçün kafirlərə verilən az miqdarlı bəxşişə deyilir.) Buna görə də əgər bu şəxslərin vali olmaq qorxusu olmasaydı, sizi (cihad və vuruşa) çox vadar etməz, (tənbəlliyə görə) məzəmmət etməz, sizi həvəsləndirmək üçün bu qədər çalışmaz və (düşmənlə döyüşməkdən) boyun qaçırıb süstlük edəndə sizi azad buraxardım (öz halınızda qoyardım). Ətrafınızın mühasirə edilməsini, diyarınızın zəbt edilərək ixtiyarınızda olan şeyləri əllərinə almalarını və şəhərinizdə müharibə etmələrini görmürsünüzmü?! (Müaviyənin sizin bəzi şəhərlərinizi almasını və indi də məmləkətin hamısını öz əlinə keçirmək üçün müharibə etməsini görmürsünüz?!) Allah bağışlasın sizi! Düşməninizlə döyüşə gedin, özünüzü yerə yük etməyin (evdə qalıb süstlük etməyin). Yoxsa xar olar, biçarəliklə geri dönər və nəsibiniz ən alçaq şey olar. Müharibənin qardaşı (döyüşkən və cəngavər şəxs) oyaq və sayıqdır. (Düşməndən xatircəm olub) yatan kəsin düşməni yuxuya getməz. (Düşməndən xatircəm olmasını güman edib yatan kəs bilməlidir ki, düşmən ondan rahat və xatircəm deyil.) Salama layiq kimsəyə salam olsun.
63-cü məktub
İmam Əli əleyhis-salamın Əbu Musa Əş’əriyə olan məktublarındandır.2 O, İmam əleyhis-salam tərəfindən Kufənin hakimi idi. İmam əleyhis-salam kufəliləri Cəməl tərəfdarları ilə (Təlhə, Zubeyr, Aişə və onların ətrafındakılarla) müharibəyə çağıranda Əş’ərinin camaatı ona yardım etməyə gəlməkdən çəkindirərək müxalifət etməyə vadar etməsi xəbəri o Həzrətə çatanda bu məktubu yazıb. (Əbu Musa həmin vaxt belə deyirmiş: Bu, müsəlmanlar arasına düşmüş bir fitnə-fəsaddır və ondan uzaq olmaq lazımdır. Həzrət Peyğəmbərdən – səlləllahu əleyhi və alih – hədis nəql edirmiş ki, ümmətin arasında fitnə zahir olanda siz kənara çəkilin. Bu xəbər İmam əleyhis-salama çatanda oğlu imam Həsən əleyhis-salamı bu məktub ilə Kufəyə göndərdi və onda Əbu Musanı bu çirkin işinə görə hədələyərək məzəmmət etdi.)
Allahın bəndəsi Əmirəl-möminin Əlidən Abdullah ibn Qeysə:
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Səndən mənə sənin həm xeyrinə, həm də ziyanına olan bir söz çatıb.2 Buna görə də mənim elçim sənin yanına gələndə ətəyini çırma, kəmərini möhkəm bağla və deşik və yuvandan (Kufədən) çölə çıx. (Kərtənkələ kimi deşiyə girib rahat qalacağını güman etmə.) Səninlə olanları (yoldaşlarını) çağır və həvəsləndir (bizə kömək etməyə vadar et). Beləliklə, əgər (bizim işimizi) düzgün sayıb inansan (bizə tərəf) gəl. Amma qorxsan (bizim arxamızca getməkdə süst olsan), uzaqlaş (hökumət və qoşundan kənar ol). Allaha and olsun ki, harada olsan gətirərlər səni və yağını südünə və əridilmişini donmuşuna qatmayınca səni azad buraxmazlar.1 Oturmağa fürsət tapmaz və arxandan qorxduğun kimi önündən də qorxarsan. (Nə önündən və nə də arxadan heç cür rahatlığa malik olmazsan.) Cəməl tərəfdarlarının fitnəsi sənin güman etdiyin qədər asan bir fitnə deyil. O, çox böyük və ağır bir müsibət və dərddir ki, gərək onun dəvəsini minib çətinliklərini asan və dağlıqlarını düzənlik edəsən. (Bu hadisədən qafil olub onu asan sanmaq olmaz. Onun alovunun yatırılması üçün çalışmaq lazımdır.) Buna görə də ağlını topla, işini ələ al və payını tap. (Xülasə, işinin xeyir və ziyanı barəsində yaxşıca fikirləş.) Əgər (bizə kömək etmək) istəmirsənsə qurtuluş olmayan dar yerə uzaqlaş, çəkil. (Nicat tapmayacağın yerə get.) Bu işi başqalarının sona çatdırmaları və sənin yuxuda olmağın, nəticədə «filankəs haradadır?» deyilməməsi daha məsləhətdir. (Kənara çəkil. Çünki bu müharibə sənin köməyin olmadan da aparılar. Sənin orada olmağınla olmamağın birdir.) Allaha and olsun ki, bu müharibə və döyüş haqq olan kəsin (İmam əleyhis-salamın) əli ilə haqq olaraq düzgün aparılır. O, dindən və haqq yoldan uzaqlaşmış kəslərin etdiklərindən qorxub çəkinmir. (Çünki haqq olan kəsin batil və nadürüstdən qorxusu yoxdur.) Salama layiq kimsəyə salam olsun!
64-cü məktub
İmam Əli əleyhis-salamın Müaviyənin məktubuna cavab məktublarındandır (ki, onda, onun sözlərinin səhv olmasını bəyan edir və onu məzəmmətləyir).
Allaha həmd və Həzrət Mustafaya salamdan sonra: yada saldığın kimi biz sizinlə (İslamdan qabaq) dost və birgə idik. Amma dünənki gün (İslam) bizimlə sizi bir-birimizdən ayırdı. Biz iman gətirdik (Allahın elçisinə – səlləllahu əleyhi və alih – inandıq), siz isə kafir oldunuz. Bu gün (o Həzrətdən sonra) biz düz dayanmışıq (dinin göstərişlərinə əməl edirik), siz isə fitnə-fəsada üz tutdunuz (dinin yolundan kənara çıxdınız). Sizin müsəlmanınız (Həzrət Peyğəmbərin dövründə də) İslamı ancaq icbarla və İslamın böyük şəxsiyyətlərinin hamısı (Məkkənin fəthindən qabaq) Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) dost və yoldaşı olandan sonra qəbul etdi.1
Demisən ki, mən (Məhəmmədin atası) Təlhəni və (Abdullahın atası) Zübeyri öldürmüş, Aişəni uzaqlaşdıraraq işini naməlum saxlamış və Bəsrə ilə Kufədə enmişəm (Məkkə ilə Mədinədən uzaqlaşmışam)! Bu, sənin ondan uzaq olduğun bir işdir. (Bu hadisələrin sənə heç bir dəxli yoxdur.) Buna görə də sənə bir ziyan dəyməyib və onlara görə sənə üzr və bəhanə gətirməyə lüzum yoxdur. (Sənin qəzavət edərək öz zəmanənin imamına etiraz etmək haqqın yoxdur.)
(Səninlə birgə və yoldaş olan) Mühacirlər və Ənsarla (onların olduqları qoşunla) görüşümə (mənimlə müharibə etməyə) gələcəyini xatırladırsan, halbuki hicrət qardaşın (Əmr ibn Əbu Süfyan Bədr müharibəsində) əsir olan gün sona çatdı.2 Buna görə də əgər (mənimlə müharibə etməyə) tələsirsənsə rahat ol. Çünki (biz mütləq bir-birimizlə qarşılaşacağıq. Ona görə də) mənim sənin görüşünə gəlməyim (əlinə keçirdiyin şəhərlərdə səninlə vuruşmağım) daha münasibdir ki, Allah səni cəzalandırmaq üçün məni göndərmiş olur. (Ona görə ki, fitnə-fəsadla məşğul olanların qarşısını almağa mən başqalarından daha layiqəm.) Sənin mənim görüşümə gəlməyin (mənim əlimdə olan şəhərlərdə mənimlə müharibə etməyin) isə Bəni-Əsəd (qəbiləsi şairlərindən olan) qardaşın dediyinə bənzəyir ki:
مُسْتَقْبِلِينَ رِياحَ الصَّيْفِ تَضْرِبُهُمْ بِحاصِبٍ بَيْنَ أَغْوارٍ وَ جُلْمُودٍ
«Xırda daşları çuxurların və böyük daşların arasından götürüb onlara vuran yay küləklərinə üz tutarlar.» (Məqsəd budur ki, ox, nizə və qılınclar həmin küləklərin xırda daşları kimi sənə və qoşununa yağacaq.)
Sənin (ana) babanı (Ütbə ibn Rəbiəni), dayını (Vəlid ibn Ütbəni) və qardaşını (Hənzələ ibn Əbu Süfyanı) bir yerdə (Bədr müharibəsində) vurduğum qılınc yanımdadır. Allaha and olsun ki, sən mən bildiyim kimisən: qəlbin pərdələnib (fitnə və azğınlıq pərdəsi ilə elə örtülüb ki, öyüd-nəsihət ona heç bir fayda vermir) və ağlın zəif və azdır (ki, haqq yola qədəm qoymursan). Sənin barəndə belə deyilsə daha yaxşı olar ki: sən, xeyrinə deyil, ziyanına olan hündür bir pis yeri sənə göstərən nərdivana çıxmısan. Çünki sən sənin olmayan itiyi axtarmısan və sənin olmayan heyvanı otarmısan. Elə şeyi istəyirsən ki, ona layiq deyilsən və onun mədənindən uzaqsan. Buna görə də sənin sözün əməlindən nə qədər də uzaqdır!!1 Əmilərinə və dayılarına (qohumlarına) çox tez oxşadın. Bədbəxtçilik və puç arzular onları Məhəmmədi (səlləllahu əleyhi və alih) inkar etməyə vadar etdi. Buna görə də onları sənin bildiyin yerlərdə (Bədr, Hüneyn və başqa müharibələrdə) öz həlak yerlərinə atdılar (öldürdülər). Böyük hadisənin qarşısını almadılar, meydanı boşaltmayan və heç süstləşməyən qılıncların müqabilində himayə edərək kömək göstərilməsi lazım olan şeydən çəkinmədilər.
Osmanı öldürənlər barəsində çox danışdın. Elə isə sən də xalqın daxil olduğu şeyə daxil ol. (Sən də başqaları kimi itaət edərək tabe ol.) Bundan sonra mənim yanımda onlara qarşı iddia irəli sür ki, mən səni və onları Allahın kitabına (tabe olmağa) vadar edim.1 Aldatmaq istədiyinə (Osmanın intiqamı adı ilə Şam hökumətini sənə verməyimi planlaşdırmağına) gəldikdə (bilməlisən ki): bu, uşağı süddən ayırarkən süd (içməməsi) üçün onu aldatmağa bənzəyir. Salama layiq kimsəyə salam olsun!
Dostları ilə paylaş: |