444
İmam Əli əleyhis-salam (Abdullah ibn Zübeyrin məzəmmətində) buyurmuşdur:
Zübeyr onun nəhs oğlu Abdullah böyüyənə kimi həmişə biz əhli-beytdən (qohumlarımızdan) idi.1
445
İmam Əli əleyhis-salam (öyünmək və məğrurluğun məzəmmətində) buyurmuşdur:
Adəm övladının fəxr etmək və öyünməklə nə işi ki, əvvəli nütfə, axırı isə iylənmiş leşdir; nə özünə ruzi verir, nə də öz ölümünü dəf edir.
446
İmam Əli əleyhis-salam (həqiqi zənginlik və yoxsulluq barəsində) buyurmuşdur:
Zənginlik və yoxsulluq (qiyamət günü) vəziyyət məlum olandan və əməllər Allaha göstəriləndən sonradır. (Həqiqi varlı o kəsdir ki, qiyamət günü ilahi savab və əbədi cənnət onun nəsibi olsun. Həmçinin həqiqi yoxsul o kəsdir ki, həmin gün Allahın cəza və əzabına düçar olsun.)
447
İmam Əli əleyhis-salamdan şairlərin ən böyüyünün kim olmasını soruşublar. O Həzrət (İmrəul Qeys barəsində) buyurmuşdur:
Şairlər bir dəstə mərc atlarında çapmayıblar ki, onların kamilliklərinin sonu girov qamışın götürülməsində bilinsin. (Şairlərin şe’rlərinin hamısı bir səpkidə deyil və ona görə onların birini digərindən üstün tutmaq olmaz.) Əgər kiməsə üstünlük vermək labüd və zəruri olsa, onda «azğın şah» üstündür. (Seyyid Rəzi-rəhiməhullah-deyir:) Həzrətin «الْمَلِكُ الضَّلِيلُ» «əl-məlikuz-zəlil», yəni, azğın şah ifadəsindən məqsədi İmrəul Qeysdir. (Onu şah adlandırmasının səbəbi şe’rlərinin gözəlliyidir. Azğın adlandırılmasının səbəbi isə onun kafir və fasiq olmasıdır.)
448
İmam Əli əleyhis-salam (dünyadan uzaq olmağa həvəsləndirərək) buyurmuşdur:
Bir azad kişi yoxdurmu ki, ağızda qalmış bu artığı (alçaq dünyanı) öz əhlinin (kafir və münafiqlərin) ixtiyarına buraxsın? Sizin canlarınızın qiyməti və dəyəri ancaq cənnətdir. Buna görə də onları həmin qiymətdən başqa heç nəyə satmayın.
449
İmam Əli əleyhis-salam (elm və dünya istəyən barəsində) buyurmuşdur:
İki yeyən doymaz: elm axtarışı və arzusunda olan (ki, hər nə qədər məsələlər aşkar olsa yenə də digər bir məchulu məlum etmək istəyər) və dünya istəyən (ki, hər nə qədər dünya malı əldə etsə yenə də digər şeylər əldə etmək arzusunda olar).
450
İmam Əli əleyhis-salam (imanın bəzi nişanələri barəsində) buyurmuşdur:
İmanın nişanəsi budur ki, sənə ziyan vuracaq yerdə doğru danışmağı sənə xeyir gətirəcək yerdə yalan danışmaqdan üstün tutasan və danışığın biliyindən artıq olmasın.1 Həmçinin başqası barəsində danışmaqda Allahdan qorxasan.2
451
İmam Əli əleyhis-salam (tədbir tökmək və uzaqgörənliyə arxalanmamaq barəsində) buyurmuşdur:
İlahi qəzavü-qədər hesablamaları (bəndənin özü üçün cızdığı planları) elə qabaqlayır ki, (bəzən) bəla və məhv tədbir tökmək və uzaqgörənlikdə olur. (Buna görə də insan təvəkküldən əl götürməməli, öz tədbir və fikirlərinə arxalanmamalıdır. Seyyid Rəzi əleyhir-rəhmə deyir:) Bu məna bundan qabaq (on altıncı kəlamda) kəlmələri bu kəlmələrdən bir qədər fərqli olan bir rəvayətdə keçdi.
452
İmam Əli əleyhis-salam (səbrlilik və tələsməmək barəsində) buyurmuşdur:
Səbr və tələsməmək bir qarından olan ekizlərdirlər ki, onları himmət və möhkəm iradə doğur. (Səbrlilik və tələsməmək bir dərəcə və mərtəbədədirlər. Yüksək himmətə malik olan şəxs tez qəzəblənməyib səbr göstərdiyi kimi işlərdə tələskənlik də etmir və işin sonunu fikirləşir.)
453
İmam Əli əleyhis-salam (qeybət etməyin məzəmmətində) buyurmuşdur:
Qeybət etmək və (birinin) arxasınca danışmaq aciz şəxsin cəhdidir (aciz şəxsin öz düşmənindən intiqam ala bildiyi və ya həsəd apardığı şəxsin dalınca pis danışmaq üçün istifadə etdiyi yeganə vasitədir).
454
İmam Əli əleyhis-salam (bəndələrin imtahan edilmələri barəsində) buyurmuşdur:
Nə çox adam ki, barəsindəki gözəl sözlər səbəbindən (xalqın onun barəsində olan xoş sözlərinə görə) fitnə və çətinliyə düşüb.1
455
İmam Əli əleyhis-salam (dünya barəsində) buyurmuşdur:
Dünya özü üçün deyil, başqası üçün yaradılıb. (Dünya axirət üçün bir yoldur ki, insan savab əldə etmək üçün gərək onda bəndəlik etsin; həmişəlik deyil ki, onda ancaq vaxtı yaxşı keçirməklə məşğul olsun!)
456
İmam Əli əleyhis-salam (Bəni Üməyyə dövlətinin dağılması barəsində) buyurmuşdur:
Bəni-Üməyyə üçün bir möhlət zamanı və bir fürsət meydanı vardır ki, onda (səltənət və şahlıq atını) çaparlar. Aralarında xilafət və şahlıq üstündə dava-dalaş düşəndən sonra goreşənlər (alçaq və nanəciblər) aldatmaq yolu ilə onlara hakim olarlar1. (Seyyid Rəzi-rəhiməhullah-deyir:)
(Əsas mətndə passiv növün feli sifəti olan) «أَلْمُرْوَدُ» «əl-murvəd» kəlməsinin kökü «الْاِرْوادُ» «əl-irvad»dır və mənası möhlət və fürsət verməkdir. O, «مُفْعَل» «muf'əl» vəznindədir. Bu ən dolğun və heyrətləndirici sözlərdəndir. Sanki o Həzrət əleyhis-salam onlara verilmiş zaman möhlətini, onların axırına kimi çapdıqları və sona çatandan sonra işlərinin nizam-intizamı pozulan meydana bənzədib.
457
İmam Əli əleyhis-salam Ənsarın mədhində buyurmuşdur:
Allaha and olsun ki, onlar var-dövlətləri, səxavətli əlləri və iti dilləri ilə İslamı süddən ayrılmış (və ya bir yaşı olan) at balası bəslənən kimi bəsləyərək yetişdirdilər.2
458
İmam Əli əleyhis-salam (gözün açıq olması barəsində) buyurmuşdur:
Göz düz bağırsağın bağıdır.1 (Seyyid Rəzi-rəhiməhullah-deyir:)
Bu kəlam heyranedici metaforalardandır. Sanki Həzrət düz bağırsağı qaba, gözü isə bağa oxaşadıb ki, bağ açılanda qab öz vəziyyətində qalmır (içində olanlar çölə tökülür). Daha məşhur nəzərə əsasən bu kəlam Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) kəlamlarındandır. Bir dəstə isə onu Əmirəl-möminin əleyhis-salamdan nəql edib. Bu məsələni Mübərrəd «əl-Müqtəzəb» kitabının «əl-ləfz bil-huruf» fəslində bəyan edib. Biz bu metafora barəsində özümüzün «Məcazatil-asaril-nəbəviyyə» adlı kitabımızda söhbət etmişik.
459
İmam Əli əleyhis-salam (Ömər ibn Xəttab barəsindəki) bir kəlamında buyurmuşdur:
(Əbu Bəkrdən sonra) bir vali xalqa hakim oldu (Ömər xilafət məqamında oturdu). Beləliklə, (xilafət işini) bərpa etdi və müqavimət göstərdi (hamıya hakim oldu), nəhayət, (dəvə istirahət edəndə boynunun qabağını yerə qoyub sakitləşdiyi kimi) din qərar tutdu.2
460
İmam Əli əleyhis-salam (qarşıya çıxacaq xoşagəlməz hadisələr barəsində) buyurmuşdur:
İnsanlar üçün elə bir tikanlı (və çətin) zaman gələcək ki, onda varlı əllərində olanlarla möhkəm sancacaq (mal və sərvətində xəsislik edərək onu Allah yolunda verməyəcək), halbuki bu işə əmr olunmayıb. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Qur'ani-Kərimin Bəqərə surəsinin 237-ci ayəsində) buyurub: «وَلا تَنسَوُاْ الْفَضْلَ بَيْنَكُمْ» «Bir-birinizə yaxşılıq etməyi unutmayın (bir-birinizə yardım edin)!» Həmin zamanda pis əməl sahibləri qalxaraq öyünər, yaxşı əməl sahibləri isə xar və zəlil olarlar. Və acizlər və biçarələrlə alver edərlər (onlara baha satarlar, onlardan alanda isə ucuz alarlar). Halbuki Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) acizlərə (yemək) satmağı (və ya onlarla alver etməyi) qadağan edib. (Çünki onlara kömək olunmalıdır, yaxud onlarla, aciz olmayanlarla aparılan alver kimi alver edilməlidir. Yəni, onlara kömək edilməsə də, heç olmasa alverdə onları aciz görüb aldatmaq olmaz və hamı ilə çəki və qiymətdə necə alver edilirsə onlarla da elə alver edilməlidir.)
461
İmam Əli əleyhis-salam (öz dost və düşməni barəsində) buyurmuşdur:
Mənə görə iki nəfər həlak və məhv olacaqdır: (Biri məni sevməkdə) ifrata varan dost və (digəri mənə) yalan yapışdıran böhtançı (ki, mənə, məndə olmayan şeyi nisbət verər. Seyyid Rəzi əleyhir-rəhmə deyir:) Bu kəlam o Həzrət əleyhis-salamın bu (yüz on üçüncü) kəlamı kimidir ki: Mənim yolumda iki nəfər həlak oldu: ifrata varan dost və düşmənçiliyində həddini aşan düşmən. (Bu kəlamın şərhi öz yerində bəyan edilib.)
Dostları ilə paylaş: |