Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə17/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   145
Azf-277620

intonasiyadır
. Bu o deməkdir ki, söylənilən fikirlər, onlara münasibət insanın 
keçirdiyi hissi hallar uyğun səs tərtibatı, avazla verilə bilsin, nitq rəngarəng 
intonasiya çalarlarına malik olsun, danışan intonasiya elementlərindən (məntiqi 
vurğu, nitq fasiləsi, nitq tonu, səsin tembri və s.) düzgün istifadə etməyi bacarsın 
və s. Nitqin intonasiya baxımından zənginliyindən danışarkən sual, nida, əmr 
cümlələri, xitablar, ara sözlər, ara cümlələr və s. sintaktik quruluşların özünə-
müvafiq formada, təbii şəkildə tələffüz olunmasının vacibliyi də diqqət mərkə-
zində saxlanılmalıdır. 
Nitq zənginliyinin başlıca əlamətlərindən biri də onun məzmun cəhətdən 
dolğunluğudur. Nitq o zaman maraqla dinlənilir ki, haqqında bəhs olunan məsələ 
yeni olsun, həm də hərtərəfli şəkildə, sübutlarla, dəlillərlə, həyati misallarla, 
dinləyicini qane edəcək bir formada şərh edilsin. 
Nitqin zənginliyindən danışarkən bu keyfiyyəti yaradan digər vasitələri – 
dilin qrammatik və üslubi imkanlarından səmərəli şəkildə istifadə olunması, 
danışanın intellektuallıq səviyyəsi, təfəkkürünün fəallığı və sairəni də nəzərə 
almaq lazımdır. 
7. Nitqin sadəliyi, təbiiliyi. 
“Dil nə qədər asan, sadə olsa, bir o qədər 
gözəl, göyçək və məqbul olar” 
(F.Köçərli)

Nitqin sadəliyi onun aydınlığı, 
anlaşıqlı olması, asan qavranılmasıdır. Sadəliyi heç də fikrin məzmununun, 
mahiyyətinin bəsitləşməsi, ibtidailəşməsi kimi başa düşmək olmaz. Nitqin sadəliyi 


52 
mürəkkəb cümlələrdən qaçmaq, məzmunun mümkün qədər sadə cümlələrlə 
vermək mənasında da anlaşılmamalıdır. Natiq danışarkən, əşya və hadisələri 
təsvir edərkən onların mahiyyətini daha aydın və dəqiq vermək üçün həm sadə, 
həm də mürəkkəb konstruksiyalardan istifadə etməlidir. Nitqin sadəliyi tələb edir 
ki, orada işlədilən bütün sözlər dinləyicilərin (auditoriyanın) ümumi səviyyəsinə 
və xüsusiyyətlərinə uyğun gəlsin, hamı üçün aydın və anlaşıqlı olsun. Sadə nitq 
hər cür yabançı pafosdan, qondarma, süni ifadələrdən, müqayisələrdən uzaqdır.
 
Nitqin sadəliyinin pozulma hallarından biri sözçülük, ağır və uzun 
cümlələr işlətmək, cümləpərdazlıq, yaxud ibarəpərdazlıqdır. Sözçülük, eyni fikrin 
təkrar-təkrar ifadəsi daha geniş yayılmış nöqsandır. Məsələn, “Belə bir şöbənin 
açılması təqdirəlayiqdir. Bu hadisə xüsusilə qeyd olunmalıdır. Bu çox müsbət hal 
kimi qiymətləndirilməlidir. Biz buna çox yüksək qiymət veririk” və s. Natiq bəzən 
öz “dərinliyini” nəzərə çarpdırmaq məqsədilə qondarma, təmtəraqlı söz və 
ifadələr işlədir. Məsələn, 
səadət günəşinin şüaları; işıqlı və parlaq gələcək; öz 
qəhrəmanlıqları ilə ölməzliyin zirvəsinə ucalan şəhidlər; qəhrəmanlar yurdunun 
mərd övladları 
və s. kimi söz və ifadələr ola bilsin ki, nitqin digər üslubunda – 
xüsusən bədii üslubunda işləndikdə yararlı sayıla bilər. Lakin mühazirəçinin 
danışığında fikrə adekvat olmayan bu cür təmtəraqlı sözlər və ifadələrin işlədil-
məsi məqbul sayılmır. Belə ifadələr nitqə qeyri-ciddilik gətirir, marağı azaldır, 
fikrin dinləyiciyə çatmasına mane olur. 
Nitqin sadəlik və təbiiliyinin pozulması halları yazılı nitqdə özünü daha 
çox göstərir. Yazan hər bir söz, ifadə, cümlə üzərində ayrıca düşünür, onu
dinləyici üçün maraqlı olsun deyə ifadəlilik vasitələri, atalar sözü, məsəlləri, 
frazeoloji birləşmələr və sairədən istifadə edir. lakin burada da ifrata varmaq, 
həmin ifadələrin həddindən çox işlədilməsi nitqi ağırlaşdırır, oxucunu yorur. 
Nitqin sadəliyinin pozulma səbəblərindən biri də anlaşılmayan və ya az 
anlaşılan söz və terminlərin işlədilməsidir. Burada da natiq öz bilik və hazırlığının 
yüksək səviyyədə olmasını nümayiş etdirmək məqsədilə ehtiyac olmadığı halda 
terminlərdən, mürəkkəb tərkiblərdən istifadə edir ki, bu nitqi bayağılaşdırır, onun 
anlaşılmasını çətinləşdirir. Məhz belə bir yanaşmanın nəticəsində dilə ehtiyac 


53 
olmadan bir sıra sözlər və terminlər gətirilir ki, onlar dildə işlədilən sinonimləri ilə 
müqayisədə həm tələffüz, həm də yazılış cəhətdən çətindir, mürəkkəbdir. 
Xalqın görkəmli ədibləri, maarifçiləri sadə, hamının başa düşəcəyi bir 
dildə danışmağı öz yazılarında dönə-dönə qeyd etmiş, zəruri saymışlar. Görkəmli 
ədəbiyyatşünas alim, məşhur ana dili müəllimi Firudin bəy Köçərli dilin 
sadəliyindən, saflığından danışarkən yazırdı: 
“...ərəb və fars kəlmə və ibarələrinin sövq və həvəsində olub ehtiyac 
olmadığı halda onları ana dilinə gətirib qarışdırmaq, bizim əqidəmizcə böyük 
səhvdir. Vaxt ki, ana dilində şeyin özünün məxsusi adı var və ya indiki ana dili ilə 
bir mənanı bəyan etmək və bir əhvalatı necə ki, lazımdır söyləmək mümkün olur. 
İnsaf deyil ki, elm göstərmək və “mollalıq” izhar etmək iddiasına düşüb kəlamı 
qəliz ifadələrlə və çətin anlaşılan ərəb və fars sözləri ilə doldurub əsl mənanı daha 
da dərinə salmaq və ona uzun və qəliz ibarələrlə toxunmuş pərdə çəkmək... ol 
cəhətdəndir ki, ...qəzetlərimizdə dərc olunan qəliz ibarələrlə yazılmış bəzi siyasi, 
ədəbi, fənni məqalələri oxuyanlar anlamayıb məyus olurlar və qəzeti oxumaqdan 
ikrah edirlər (1, 125). 
Əcnəbi sözlərin lüzumsuz işlədilməsi ilə bağlı başqa bir yazıda oxuyuruq: 
“Bəzi ziyalılarımız güman edirlər ki, hələ hamının mənimsəmədiyi, işlətmədiyi 
çətin terminləri işlətsə, onun nitqi yaxşı təsir bağışlayar. Görünür, bu təzə bəla 
deyil, köhnədən ziyalılar arasında belə adamlar olmuş, vaxtilə C.Cabbarlı 
“Dönüş”, əsərində belələrinə gülmüşdür. Həmin əsərdə Arif Hikmətin aşağıdakı 
sözlərini bir daha xatırlatmaq yerinə düşərdi: “Yoldaş Qüdrət hələ bizim hörmətli 
yazıçımızdır. Yaxşı da yazmışdır. Ancaq bir balaca siyasi savadı yoxdur. Bu vaxta 
qədər əsərində ekspozisiyası eksplikasiyasına düz gəlmir. əsər impesionizm 
qaydası ilə yazılmış, sonra da ekspressionizmə keçmişdir. Axırda da gəlib çıxır 
supermetizmə. Odur ki, sentrotyajesti və sentro-vnimaniyesilə tutmur” (Ə.Abdul-
layev. “Şifahi nitq haqqında. “Dil mədəniyyəti”, “Elm” nəşriyyatı, Bakı, 1979, III 
buraxılış, səh.72). 
Nitqin süni şəkildə mürəkkəbləşdirilməsi, təəssüf ki, indi də nəzərə çarpır. 
“Son illər filologiya, pedaqogika, psixologiya, sosiologiya və s. sahələrə aid elmi 


54 
mətnlər dilin və üslubun mürəkkəbləşməsi, ağırlaşması ilə səciyyələnir. Sözlər 
artıq fikirlərin ifadə üsulu, elmi nailiyyətlərin ötürmə vasitəsi kimi yox, fikir 
yoxsulluğunu, bəzən isə mənasızlığını pərdələmək üçün bir vasitə kimi çıxış edir. 
Bu nə qədər qeyri-adi görünsə də, həmin təmayülə dilçi alimlər də meyil göstə-
rirlər” (45, 160). 
Natiq dinləyicinin başa düşəcəyi bir dildə danışmalı, mənası çətin 
anlaşılan söz və söz birləşmələrini işlətməkdən çəkinməlidir. 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin